Müasir Naxçıvanın uğurları ulu öndər Heydər Əliyevin yoluna sədaqətin nəticəsidir
Naxçıvan “Azərbaycana yenidən doğan Günəş” adıyla dünyada yurdumuzu tanıdan, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyimi ilə öz xalqını uca tutan, tarixin yeni səhifələrinə öz imzasını atan ümummilli lider Heydər Əliyevin Vətənidir. Ulu öndər Heydər Əliyev əzəli-əbədi torpağımızın xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyət, sözün əsl mənasında, xilaskardır. O, müstəqil Azərbaycanın memarı, xalqımızın xoşbəxt gələcəyinin yaradıcısıdır.
Ulu öndərin Azərbaycana əmanəti
Ötən əsrin 90-cı illərində, mürəkkəb tarixi şərait yarandığı bir vaxtda Naxçıvan Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mərkəzinə çevrilmişdi. Dünya miqyasında böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi bütün Azərbaycana böyük ümid və sevinc bəxş etmişdir. Milli zəmində münaqişələr başlayandan sabahkı həyatlarına naümid baxan, “olum, ya ölüm” dilemması ilə üz-üzə qalan insanlara yeni nəfəs, yeni bir ruh gəldi. Əzablı və məşəqqətli günlərini yaşayan, taleyin ümidinə buraxılmış bir adanı xatırladan diyarı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü elə bil yeri-göyü yaradan ilahi qüvvə dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi. Bu tarixi qayıdış Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkənin tərkib hissəsi olan Naxçıvanın erməni işğalından qurtulması, müstəqillik uğrunda mübarizənin ümummilli maraqlar və sağlam siyasi əsaslar istiqamətində aparılması baxımından yeni imkanlar açmışdır. Ancaq acınacaqlı hal odur ki, Azərbaycan rəhbərliyi görkəmli dövlət xadiminin imkanlarını yaranmış çətin vəziyyəti aradan qaldırmaq üçün dəyərləndirmək əvəzinə ona qarşı haqsız-ədalətsiz mövqe tutmaqda davam edirdi. Naxçıvanda hazırlanan dövlət çevrilişi cəhdləri, iqtisadi yardımın maneələrlə göndərilməsi, regionda sabitliyi pozmaq meyilləri və sair proseslər imperiya və qrup maraqları üstündə köklənmiş AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyətinin nəticələri idi.
Azərbaycan rəhbərliyinin maneələrinə baxmayaraq, 1990-cı il sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının əhalisi qarşısıalınmaz möhkəm siyasi iradə nümayiş etdirərək ulu öndərimiz Heydər Əliyevi Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçməklə ümummilli liderin fəaliyyət dairəsini daha da genişləndirməsinə yönəldilmiş maneçiliklərin bir çoxunu aradan qaldırmağa nail olmuşdur.
Naxçıvanda ağır ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə – 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I sessiyası keçirilmişdir. O sessiya ki, bu gün də dövlətçilik ənənələri baxımından tariximizdə şərəfli bir yer tutur. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edilmişdir.
Sessiyada ilk növbədə muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, onun “Naxçıvan Muxtar Respublikası” adlandırılması haqqında qərar qəbul olunmuşdur. Bəli, bu, o vaxtlar idi ki, hələ SSRİ tərkibində olan respublikaların heç birində bu cür cəsarətli addımlar atılmamışdı. Cəmi 300 min nəfər əhalinin yaşadığı Naxçıvanda isə Heydər Əliyev kimi nəhəng və uzaqgörən bir siyasətçinin təklifi və təşəbbüsü ilə bu cür addımlar atılırdı. Həmin sessiyada Naxçıvan MSSR Ali Sovetinin də adı dəyişdirilmişdir. Bundan sonra onun “Naxçıvan Muxtar Respublikası Ali Məclisi” adlandırılması haqqında qərar qəbul olunmuşdur. Açığı, Sovetlər Birliyinin yaşadığı, onun iti qılıncının kəsdiyi bir dövrdə muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, həqiqətən də, böyük uzaqgörənlik tələb edirdi. Bu addımı atmaq, ilk növbədə, kommunist rejiminin qatı və kəskin qəzəbinə düçar olmaq demək idi.
Naxçıvan parlamentinin həmin sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi heç də adi məsələ deyildi. Bu, sovet dövlətinin dağılmasının birinci parolu idi və müstəqil dövlətçiliyimizin bərpasına nail olmaq istəyindən irəli gəlirdi.
Naxçıvan əhalisinin müdrikliyi və uzaqgörənliyi həm də onda oldu ki, muxtar respublikanın o ağır və böhranlı şəraitində böyük qəhrəmanlıq nümunəsi göstərərək düzgün rəhbər seçimi edə bildi. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından da böyük dönüş oldu. Xalqımız əmin oldu ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikası heç vaxt düşmən tapdağına çevrilə bilməz.
O dövrdə Naxçıvanda bu regionun, ümumilikdə, Azərbaycanın gələcək taleyi üçün mühüm tədbirlər həyata keçirilmişdir. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus olan silah-sursatın, texnikanın və əmlakın Azərbaycanın digər yerlərindən fərqli olaraq, tamamilə Naxçıvanda saxlanması şərti ilə bu torpağı tərk etmiş, 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında verilmiş, bu günün “Milli Matəm Günü” kimi qeyd olunması barədə qərar çıxarılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilmiş iclasında hər il 31 dekabrın “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi bayram olunması barədə qərar qəbul edilməsi planetin müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyinə nail olmaq baxımından düşünülmüş uzaqgörən, mühüm siyasi əhəmiyyətə malik olan tarixi hadisədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlər bu regionun Azərbaycanın tərkibində varlığını qoruyub saxlamasına tam təminat vermişdir. Muxtar respublikada Dövlət Müdafiə Komitəsinin yaradılması (7 sentyabr 1991-ci il), Naxçıvana ağıryüklü təyyarələrin gələ bilməsi üçün yeniləşdirilmiş aeroportun işə salınması (1 mart 1992-ci il), Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin təsis edilməsi (24 mart 1992-ci il), Ankarada “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq Protokolu”nun imzalanması (24 mart 1992-ci il), Ali Məclisdə “Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qərarın (6 aprel 1992-ci il) qəbul olunması regionda müstəqil dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini, inkişafın yeni meyillərinin təmin edilməsini şərtləndirmişdir. Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasını Türkiyə Cümhuriyyəti ilə bağlayan “Ümid” körpüsünün istifadəyə verilməsi regionun taleyində həlledici amillərdən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərləri, həmin ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar konkret olaraq Naxçıvanın taleyi ilə bağlı olsa da, siyasi mənada, yenicə müstəqillik qazanmış ölkənin beynəlxalq münasibətlərinin əlamətdar hadisələri idi.
Ulu öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda müstəqil dövlətçilik prinsiplərinin bərqərar olması, möhkəmləndirilməsi üçün zəruri olan əsas tədbirləri həyata keçirmişdir. Bu mənada işğaldan xilas edilmiş, böyük inkişafın əsasları yaradılmış Naxçıvan Muxtar Respublikası bu il 90 illik yubileyini qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana ən böyük ərməğanı, əmanətidir.
Əsrlərin və nəsillərin estafeti
Naxçıvan saatbasaat, günbəgün bütün yönlərdə yeniləşir, inkişaf edir. Təbiətin və insanın qüdrəti ilə müqəddəsləşmiş bu məkan sabaha daha geniş qucaq açdıqca onun dünəni də əzəmətlə baş qaldırır, bu intibahın təsadüfi olmadığı, ulu köklərdən qaynaqlandığı aydın görünür. Naxçıvanın tarixi intibahlarını zamanın soyuq yelləri soldursa da, onun ölməzlik iksiri nəsil-nəsil yaşadılmış, bugünkü övladlarının düşüncə və əməllərində yenidən göyərmişdir.
Dövlətimizin ildən-ilə artan iqtisadi gücü, ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya xüsusi diqqət və qayğısı Naxçıvanın daha da çiçəklənməsində həlledici amilə çevrilmişdir. Prezidentliyi dövründə cənab İlham Əliyevin dəfələrlə diyarımıza səfər etməsi dövlət başçısının Naxçıvanın sosial-iqtisadi inkişafına verdiyi böyük önəmin göstəricisidir.
Bu gün Naxçıvan torpağına kimin ayağı dəyirsə, heyrətlənməyə bilmir. Muxtar respublikanın hər yerində geniş quruculuq, gözəllik, abadlıq göz oxşayır. Həyata keçirilən bu möhtəşəm quruculuq tədbirlərini ölkə başçısı 2012-ci il mayın 30-da muxtar respublikada olarkən yüksək qiymətləndirmişdir. Dövlət başçısı həmin gün 10 yeni obyektin açılışını etmiş və Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışı mərasimindəki çıxışında demişdir: “Naxçıvan, sözün əsl mənasında, inkişaf edir. Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir. Dinamik inkişafdır. Bütün iqtisadi göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr açılır. Ümumi Daxili Məhsul artır. Bu gün Naxçıvanda olarkən, bir neçə yeni obyektin açılışında iştirak edərkən bir daha görürəm ki, hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir.
Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndərin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə, bütün bölgələrdə və o cümlədən Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra edilir. Bu siyasət milli maraqlarımızın müdafiə edilməsi üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi ki, bu siyasətə alternativ yoxdur”.
Ötən 17 il ərzində məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikanın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikada tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuşdur. Şəhər və rayonlarda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmış və işsizliyin səviyyəsi minimuma endirilmişdir. Bir sözlə, ötən 17 ildə əldə olunmuş uğurlar və nailiyyətlər dəqiq düşünülmüş icra intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmiş, sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir.
1993-cü illə müqayisədə 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalının həcmi 84,6 dəfə, sənaye məhsulunun həcmi 152,6 dəfə, əsas kapitala investisiya qoyuluşlarının həcmi 486,1 dəfə, muxtar respublika büdcəsinin gəlirləri 1664,5 dəfə artmışdır. Bu dövrdə 199 məktəb binası, 456 inzibati bina, 525 səhiyyə və mədəniyyət obyekti tikilərək və ya əsaslı bərpa olunaraq istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər hesabına muxtar respublikada orta həyat göstəriciləri xeyli yaxşılaşmış, 2012-ci ildə muxtar respublikada orta aylıq əməkhaqqı 1993-cü ilə nisbətən 28,3 dəfə artmışdır. Görülən tədbirlər nəticəsində son 20 ildə 77 min 941 yeni iş yeri açılmışdır. Hazırda muxtar respublikada 330 növdə məhsulа оlаn tələbаt tamamilə yerli istehsal hesabına ödənilir. Naxçıvan bu gün həm də beynəlxalq siyasi tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər idman yarışlarının təşkil olunduğu bir regiondur. Bu gün muxtar respublikada elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın.
Hazırda muxtar respublikamızda müşahidə edilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata sürətli investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır. Bu da, ilk növbədə, səmərəli idarəetmənin nəticəsidir.
Ümummilli liderimizin arzuları reallaşır
Tarixin sərt sınaqlarından keçib gəlmiş, başı müsibətlər çəkmiş, dəfələrlə yüksəlişə çatmış Naxçıvan sınmamış, əyilməmiş, məğrurluğunu saxlaya bilmişdir. Diyarımız son illərdə yeni bir intibah dövrünü yaşayır, ulu köklər üstündə qol-qanad atıb daha xoş sabahına doğru addımlayır. Tarixin yeni Naxçıvanı dostlarını sevindirir, düşmənlərə gözdağı verir. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi və türk dünyası üçün strateji əhəmiyyətli bir məkan olduğunu dərindən dərk edərək bu həqiqəti dünyaya sübut edir.
Qeydlərimi dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclis Sədrinin söylədiyi fikirlərlə tamamlayıram: “Sosial-iqtisadi inkişafın yekunu göstərir ki, muxtar respublikamız daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Bütün bu uğurların əsasında isə Heydər Əliyev yoluna, quruculuq xəttinə sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, misilsiz dövlət və Vətən sevgisi dayanmışdır. Ulu öndərimiz deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Ulu öndərimizin arzuları artıq reallığa çevrilmişdir. Naxçıvan ümummilli liderimizin görmək istədiyi kimi inkişaf etdirilir, yenidən qurulur, işıqlı gələcəyə doğru inamla addımlayır.
Cəfər ƏLİYEV