Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onun haqqında söz demək, onun ürəklərdə formalaşmış bitkin portretinə yeni cizgilər əlavə etmək çox məsuliyyətli və çətin bir işdir. Amma eyni zamanda Heydər Əliyev elə bir şəxsiyyətdir ki, zaman ötdükcə, illər keçdikcə, onun miras qoyub getdiyi siyasi xətt öz həyatiliyini sübut etdikcə mütləq və mütləq əlavə sözə və Heydər Əliyev obrazına əlavə cizgilərə ehtiyac yaranır. Çünki hər ötən gün böyük öndəri bizə daha da yaxınlaşdırır, Heydər Əliyevin əbədiyaşar bir şəxsiyyət olduğunu, belə insanların məhz əbədiyyət qanunları fövqündə durduğunu bir daha təsdiq edir.
Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. O, hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf Azərbaycanın bütün regionlarını öz əhatəsinə almış, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi. Respublikanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilmiş, müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatı yaxşılaşdırılmışdı.
Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi 1991-ci il sentyabrın 3-dən 1993-cü il iyunun 9-dək olan müddətdə Naxçıvanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etmiş, Azərbaycan dövlətçiliyinin əsası Naxçıvanda qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Üçrəngli bayrağımız ilk dəfə milli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Sovetlər Birliyinin mövcud olduğu bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdı. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılmış, onların bazasında ilk milli ordu yaradılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimiz naminə həyata keçirilən işlər təkcə bununla məhdudlaşmırdı. Belə ki, xalqımızın başına gətirilən tarixi cinayətə – 20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilmiş, həmin günün “Milli Matəm Günü” kimi qeyd olunması, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Gününün təsis edilməsi qərara alınmışdı. Ölkəmizin inkişafında əsas hərəkətverici siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da həmin dövrdə Naxçıvanda yaradılmış, müstəqil Azərbaycanın müasir siyasi tarixinin əsası qoyulmuşdur.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması, iqtisadiyyatın dirçəldilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, aqrar islahatların həyata keçirilməsi məqsədilə bir sıra tarixi qərarlar qəbul edilmiş, qonşu Türkiyə və İran ilə iqtisadi-mədəni əlaqələr yaradılmışdı.
Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü il iyunun 9-da dahi siyasətçi xalqın təkidli tələbi ilə Bakıya gəldi. Ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətdə olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmət əsasında quran ümummilli liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi. Parlamentin tarixi iclasında çıxış edən ulu öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirərək demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ulu öndər Heydər Əliyevin ölkənin ali qanunverici orqanına sədr seçilməsi dövlətçilik tariximizin şanlı səhifəsinin başlanğıcı, 15 iyun isə tarixə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
1993-cü ildən başlanan inkişaf və tərəqqi dövrü Heydər Əliyev siyasi xəttinin real iş və əmələ əsaslandığını bir daha təsdiq edir. Aydın məsələdir ki, hər bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan aparmaq mümkün deyil. Ona görə də qısa zamanda ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olmuş, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilmiş, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başlanmışdı. Həmin illərdə ümummilli liderimizin işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir. Bütün bunlar qısa zaman kəsiyində ölkəmizdə ictimai-siyasi sabitliyin təminatı, dünya iqtisadi sisteminə inteqrasiya üçün möhkəm əsas yaratmağa imkan vermişdir. Azərbaycanın milli neft strategiyası və qədim İpək Yolunun bərpası konsepsiyası ümummilli liderimizin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindəndir.
Ümumiyyətlə, 1993-cü ilin Azərbaycanı ilə müasir dövrün Azərbaycanını müqayisə etdikdə ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyəti ortaya çıxar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Müstəqillik və suverenlik anlayışları milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasının tərkib hissəsi kimi həm də ölkənin yürütdüyü xarici siyasətdən asılıdır. Bu gün Azərbaycan Avropa ilə Asiyanın qovşağında “geosiyasi körpü” rolunu oynayan qüdrətli dövlətdir. “Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”, – deyən ulu öndər ölkəmizin xarici siyasətinin prioritetlərini düzgün müəyyənləşdirərək onu milli dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindən birinə çevirmişdir. Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini ulu öndərimiz Heydər Əliyevin ideyalarına və bu ideyaların daşıyıcısı olan Prezident İlham Əliyevin siyasi kursuna sədaqətdə görür. Çünki müdriklərin işlərini müdriklər davam etdirməlidir. Böyük öndər Heydər Əliyevin iqtisadi-siyasi kursunu inamla, uğurla həyata keçirən, müasir dünyanın nüfuzlu dövlət başçılarından olan ölkə Prezidenti cənab İlham Əliyevin ötən 10 ildəki siyasi fəaliyyəti göstərdi ki, sükan etibarlı əllərdədir.
Güclü dövlət, güclü cəmiyyət və güclü iqtisadiyyat anlayışlarının harmoniyası bu gün müstəqil Azərbaycanın inkişaf və intibahının əsas göstəricisidir. Dövlət başçısının rəhbərliyi ilə son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə yüksəlmiş, sənaye məhsulunun həcmi 2,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 4 dəfə, dövlət büdcəsinin gəlirləri 14,2 dəfə artmış, bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 7,5 dəfə, işsizliyin səviyyəsi isə 1,9 dəfə azalmış, maaşlar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmışdır. Artıq Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətdir. Qazanılan bu cür siyasi və iqtisadi uğurlar xalqımızın həyatında özünü göstərmiş, onların doğma Vətənə bağlılıqlarını, birlik və həmrəyliyini daha da artırmışdır.
Bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Təkcə bir faktı qeyd edək ki, 1993-cü illə müqayisədə 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalının həcmi 84,6 dəfə, sənaye məhsulunun həcmi 152,6 dəfə, əsas kapitala investisiya qoyuluşlarının həcmi 486,1 dəfə, muxtar respublika büdcəsinin gəlirləri 1664,5 dəfə artmışdır. Bu dövrdə 199 məktəb binası, 456 inzibati bina, 525 səhiyyə və mədəniyyət obyekti tikilərək və ya əsaslı bərpa olunaraq istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər hesabına muxtar respublikada orta həyat göstəriciləri xeyli yaxşılaşmış, 2012-ci ildə muxtar respublikada orta aylıq əməkhaqqı 1993-cü ilə nisbətən 28,3 dəfə artmışdır. Görülən tədbirlər nəticəsində son 20 ildə 77 min 941 yeni iş yeri açılmışdır. Hazırda muxtar respublikada 330 növdə məhsulа оlаn tələbаt tamamilə yerli istehsal hesabına ödənilir. Naxçıvan bu gün həm də beynəlxalq siyasi tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər idman yarışlarının təşkil olunduğu bir regiondur. Bu gün muxtar respublikada elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın.
Muxtar respublikada qazanılan uğurlar ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır. Çünki ulu öndərə və onun siyasi xəttinə daim yüksək sədaqət göstərən naxçıvanlılar qurmağı, yaratmağı özlərinin həyat amalına çevirmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.
Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu günü tarixə yazan isə ümummilli liderimiz Heydər Əliyevdir. Parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, XX əsrin əvvəllərində Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuş, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açmışdır. Bu səhifə xalq inamından qaynaqlanan “Heydər Əliyev – xalq, xalq – Heydər Əliyev” birliyinin yeganə formuludur və gələcəyə hesablanmış inkişaf strategiyasının başlıca hərəkətverici qüvvəsidir.
“Şərq qapısı”