22 Dekabr 2024, Bazar

Bu yol xalqımızı işıqlı sabahlara doğru aparır

1991-ci ildə Azərbaycan müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuşdur. Öz tarixinin yeni səhifəsini açan xalqımız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başlamışdır. Təəssüf ki, həmin dövrdə hakimiyyətdə olanların dövlət idarəçiliyində naşı olmaları, müstəqilliyimizin möhkəmləndirilməsinə zəmin yarada bilməmələri  ölkəni uçuruma sürükləyirdi. Köhnə sovet rejimindən əl çəkə bilməyən hakimiyyət rəhbərləri yalnız özlərini düşünür, müstəqil qərarlar qəbul edə bilmir, getdikcə baş alıb gedən anarxiyanın qarşısını almaqda acizlik göstərirdilər. Anarxiya, başıpozuqluq uçurumuna yuvarlanan Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, digər tərəfdən daxildəki hakimiyyət davası onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı.

Belə bir şəraitdə xalqı arxasınca aparmağa qadir olan liderə, dövlət idarəçiliyində zəngin təcrübəsi, biliyi olan nüfuzlu ictimai-siyasi xadimə böyük ehtiyac var idi.
1969-cu ildə də buna oxşar şərait yaranmışdı. O vaxt da respublikamız ağır vəziyyətə düşəndə, iqtisadi sahədə tənəzzülə uğrayanda, keçmiş ittifaq tərkibindəki müttəfiq respublikalar arasında geridə qalanda Ulu Tanrı dahi şəxsiyyət Heydər Əliyevi xalqın xilaskarı kimi yetirmişdir.

Kommunist rejiminin məhdudiyyətlərinə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin millətsevərlik nümayiş etdirməsi, milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişafı yolunda qətiyyətli addımlar atması xalqda gələcəyə böyük ümid yaratmışdı. SSRİ-nin sərt idarəçilik rejimində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması gələcək müstəqilliyimizin əsasını qoyan qəti və inamlı addım idi. Xüsusilə bundan sonra dövlət idarələrində, hakimiyyət dairələrində azərbaycanlı kadrlara böyük üstünlük verilməsi, milli hərbçi kadrların hazır­lanmasına xüsusi diqqət yetirilməsi, gənclərin SSRİ-nin müxtəlif respublikalarındakı ali təhsil müəssisələrində dövlət hesabına oxumağa göndərilməsi, Azərbaycanda hərbi məktəbin yaradılması müdrik rəhbər Heydər Əliyevin millətinə, xalqına, Vətəninə nə qədər böyük məhəbbətlə bağlı olmasından xəbər verirdi. Bu illər ərzində uzaqgörən şəxsiyyət Azərbaycanın elmi və böyük iqtisadi potensialını yaratmışdır. Beləliklə, Azərbaycanda gələcək müstəqilliyin möhkəm bazasının əsası qoyulmuşdur.
Həmin illərdə respublikamızda hərəkətə gətirilən potensial Şərur rayonunun da hərtərəfli inkişafına təkan vermişdir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə geniş üzüm plantasiyaları və meyvə bağları salınmış, istehsal olunan məhsulun ilkin emalı üçün 6 Şərab Zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan Konserv Zavodu, Yağ-Pendir Zavodu tikilmiş, Dəmir-Beton Konstruksiyaları Zavodu, qum-çınqıl emalı müəssisələri, Radiozavod, Asfaltzavod fəaliyyətə başlamışdır. Şərur rayonunda irili-xırdalı iyirmidən artıq istehsal müəssisəsi tikilmişdir. Yetmişinci illərin sonlarında 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsinə yeni həyat verilmişdir.
Xalq təsərrüfatının artan tələbatının ödənilməsi üçün ali təhsili olan peşəkar mütəxəssislərin yetişdirilməsi diqqət mərkəzində saxlanılmaqla yanaşı, ixtisaslı texniki işçilərin hazırlanması üçün də ulu öndərin göstərişi ilə genişmiqyaslı işlər görülmüşdür. 1971-ci ildə Şərur rayonunun Aşağı Yaycı kəndində texniki-peşə məktəbi yaradılmış, dörd il sonra bu məktəb Şərur şəhərində geniş ərazini tutan, müxtəlif maşın və mexanizmlərlə, avadanlıqlarla, əyani tədris vəsaitləri ilə təmin edilmiş yeni texniki-peşə məktəbi şəhərciyində fəaliyyətə başlamışdır. Ötən əsrin 70-ci illərinin sonlarında isə Cəlilkənd və Dəmirçi kəndlərində bu cür peşə təhsili müəssisələri yaradılmışdır.
Həmin illərdə ittifaqın nüfuzlu ali məktəblərinin məzunu olan 100 nəfərə qədər şərurlu gənc xalq təsərrüfatının müxtəlif sahələrində çalışmışdır. Ümumtəhsil məktəblərinin şəbəkəsi ildən-ilə genişləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin qayğısı ilə Şərur rayonunda hər il 2-3 yeni məktəb binası tikilib istifadəyə verilmiş, ümumtəhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Səhiyyənin, mədəniyyətin inkişafına göstərilən diqqət ötən əsrin 70-80-ci illərində rayonda mərkəzi xəstəxananın, bir neçə sahə xəstəxanasının, mədəniyyət sarayının, musiqi məktəbinin, mərkəzi kitabxananın, kənd kitabxanalarının, klubların tikilib əhalinin xidmətinə verilməsi ilə nəticələnmişdir. Həmin illərdə həm də bölgədə yeni rabitə evi, böyük çörək zavodu, mərkəzi univermaq və sair saymaqla bitməyən digər obyektlər də fəaliyyətə başlamışdır. 1905-ci ildən fəaliyyət göstərən dəmiryol vağzalının yerində yeni vağzal binası, rayonda suvarma qurğuları tikilmiş, yollar çəkilmiş, körpülər salınmışdır. Bu gün rayon mərkəzinə gözəllik verən hündürmərtəbəli yaşayış binalarının da birincisi məhz ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə tikilmiş və bu iş davam etdirilmişdir.
Respublika rəhbəri tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi idi ki, rayonda hər il 100 min tondan çox üzüm, xeyli taxıl, tütün, meyvə, bostan-tərəvəz məhsulları istehsal olunurdu.
Ötən əsrin 90-cı illərinin əvvəlində xalqımız müstəqillik əldə etdikdən sonra ölkədə səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində günü-gündən dərinləşən siyasi, iqtisadi, sosial və mənəvi böhran yaranmışdı. Xalq bu böhranın qarşısının alınması, hakimiyyətdəki boşluğun aradan qaldırılması, xalqın qırılmış inamının özünə qaytarılması üçün müdrik şəxsiyyət, dahi rəhbər Heydər Əliyevə üz tutdu. Müdrik xalqımız yaxşı bilirdi ki, ölkəni bu xaos girdabından yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər.
O dövrdə Naxçıvanda neft lampasının işığında çalışaraq xalqına xidmət edən liderin ziyasına çox böyük ehtiyac var idi. Xalq bilirdi ki, 1990-cı ilin 20 Yanvar hadisələrindən dərhal sonra Moskvada, necə deyərlər, Kremlin qulağının dibində Mixail Qorbaçovun qaniçən siyasətini lənətləyən, Naxçıvana qayıdandan sonra mühasirədə olan muxtar respublikanı məhrumiyyətlərdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya biləcək yeganə siyasətçidir. Bu həqiqətləri dərindən dərk edən Azərbaycan ziyalıları ulu öndərə müraciət edərək müstəqilliyin qorunması üçün yollar axtarılmasını xahiş etdilər. Bu yol ölkənin həqiqi siyasətçilərini və milli ziyalılarını öz ətrafında birləşdirəcək yeni bir siyasi təşkilatın yaradılmasından ibarət idi.
Ulu öndər Heydər Əliyev xalqın vətənpərvər ziyalılarını ətrafına toplayaraq Yeni Azərbaycan Partiyası adlı mükəmməl bir siyasi təşkilat yaratmışdır. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransı keçirilən bu partiya çox qısa bir müddətdə nəinki ölkədə, hətta bütün regionda ən güclü təşkilata çevrilmişdir.
Bu gün qürur hissi və fəxrlə deyirik ki, bu əsl xalq partiyasının ilk rayon təşkilatı 1993-cü il yanvarın 23-də Yeni Azərbaycan Partiyasının əbədiyaşar lideri Heydər Əliyevin iştirakı ilə məhz Şərurda yaradılmışdır. Dahi şəxsiyyət Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis konfransındakı çıxışında torpaqlarımızın işğalının genişləndiyi, iqtisadiyyatın get-gedə iflic vəziyyətə düşdüyü, ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtda Yeni Azərbaycan Partiyasının yaranmasının zərurət olduğunu bir daha bəyan etmiş və rayon təşkilatı üzvlərinin bu ağır problemlərin aradan qaldırılması üçün partiyanın fəaliyyətində yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı qısa müddətdə təşkilatlanmış və kəndlərdə, idarə, müəssisə və təşkilatlarda ərazi ilk partiya təşkilatları yaranmaqla partiyanın sıraları genişlənmişdir.
Yarandığı vaxt Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 34 ərazi ilk təşkilatında 3 min nəfərə yaxın üzv var idi ki, bu üzvlərin 12 faizini qadınlar, 17 faizini isə gənclər təşkil edirdi. Yeni Azərbaycan Partiyasının ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşmasında əhəmiyyətli rol oynadığını, bu baxımdan əsl xalq partiyası olduğunu dərk edənlər hesabına partiya üzvlüyünə daxil olmaq istəyənlərin sayı get-gedə artmışdır. Xalqın istəyi, sadəcə, Yeni Azərbaycan Partiyasına daxil olmaq, onun üzvü kimi qurmaq, yaratmaq yox, həm də görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşmək idi. Hazırda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı öz sıralarında 63 kənd, 65 məktəb, 34 idarə və müəssisə ərazi ilk təşkilatlarında 10 min 472 nəfəri birləşdirir. Partiya üzvlərinin 2 min 834 nəfəri, yəni 27 faizi qadınlardan, 3 min 714 nəfəri, yəni 35,4 faizi gənclərdən ibarətdir. Təşkilatımızın üzvləri Heydər Əliyev yolunun davamçısı və onun ideyalarının daşıyıcısı vəzifəsini şərəflə yerinə yetirir, rayonun sosial-iqtisadi həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərir, layiqli nəticələr əldə etməyə çalışırlar.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. Əlbəttə ki, demokratik bir dövlətdə yalnız insanların dəstəyi ilə seçkilərdə qələbə qazanmaq olar. Azərbaycan xalqının da böyük əksəriyyətinin Yeni Azərbaycan Partiyasına böyük dəstək verməsi bu partiyanın davamlı qələbəsini təmin edir. Sözsüz ki, Yeni Azərbaycan Partiyasının qazandığı qələbələrin təməlində ümummilli dəstək, etimad dayanır.
Ümummilli lider Heydər Əliyev 2002-ci ilin avqust ayında Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şərur rayonunda da olmuş, rayon sakinləri ilə görüşmüşdür. Həmin görüşdə ulu öndərimiz Heydər Əliyev demişdir: “Şərur rayonu həm ərazisinə, həm iqtisadi potensialına, həm də əhalinin sayına görə Naxçıvan Muxtar Respublikasının ən böyük rayonudur, həmişə Naxçıvan Muxtar Respublikasında özünün bu qabaqcıl rolunu göstəribdir və bu gün də göstərir. Mən arzu edirəm ki, siz gələcəkdə də öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanları, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Artıq ulu öndərin arzuları çin olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son 18 ilə yaxın bir dövrdə muxtar respublikanın hər yerində, eləcə də Şərur rayonunda həyata keçirilən böyük quruculuq tədbirləri, yaradılan ictimai-siyasi sabitlik xalqa olan bağlılığın, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Şərur rayonunda tikilən kənd mərkəzləri, xəstəxanalar, məktəblər, mədəniyyət müəssisələri, rabitə evləri, körpülər, çəkilən asfalt yollar, qurulan nasos stansiyaları və digər sosial obyektlər biz Yeni Azərbaycan Partiyası üzvlərində böyük iftixar hissi yaradır. Məhz bu görülən əzəmətli işlər Yeni Azərbaycan Partiyasının nüfuzunun daha da artmasında əsas rol oynamış, onu, sözün əsl mənasında, xalqın partiyasına çevirmişdir.
Bu il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi yenə də partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyevdir.
Klassik fəlsəfi fikir sahiblərindən biri demişdir: “Siyasətdə böyük insanlar o kəslərdir ki, keçmişin hazırladığı və meydana gələcək ehtiyacları, hadisələri qabaqcadan görürlər və getmək lazım gələn yolu göstərirlər”. Əminik ki, hələ uzun onilliklər cənab İlham Əliyev xalqımızın getməli olduğu ən düzgün yolun – Heydər Əliyev yolunun daim önündə irəliləyəcək və ölkəmizi inamla işıqlı sabahlara doğru aparacaqdır.

Beləliklə, ümummilli lider Heydər Əliyevin yaratdığı ümumxalq partiyasında İlham Əliyev missiyası uğurla davam etdirilir. Bu missiya isə əsasını xalqımızın böyük oğlu Heydər Əliyevin qoyduğu nailiyyətlərin, milli inkişaf strategiyasının daha genişmiqyaslı davamıdır. Demək, Yeni Azərbaycan Partiyası hələ uzun onilliklər xalqımızın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu saxlayacaq! Bunu təmin etmək isə bizim ulu öndər Heydər Əliyev qarşısında ən müqəddəs vətəndaşlıq borcumuzdur!

Əmir BABAYEV
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR