Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
(Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamından)
Dünyada tarix haqqında danışanlar və yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarixi yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, tükənməz məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında yeni bir tarix yaratmışdır. Sağlığında ümummilli liderlik ucalığına yüksəlmiş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik inkişafını, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini qoruyub saxlaya bilmişdir. Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrdə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən nəhəng işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan söhbət aça bilməzdik.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmişdir. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir kəs dərindən dərk edir ki, dahi rəhbər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail olmuşdur.
Xalqımızın böyük oğlu Heydər Əliyev yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirmişdir. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən mürəkkəb vəziyyətlərdə belə, arxayın idi. Çünki baş qaldıran təhlükələr, həyatın mürəkkəblikləri, cılız və ucuz siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə gətirəndə xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu zərurətdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə tarixə “Milli Qurtuluş Günü” kimi düşmüş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, müstəqil, qüdrətli, durmadan tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövləti də var ola bilməzdi.
Böyük strateqin irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi uğurlara adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. Ulu öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birgə həyata keçirilməlidir. Ümummilli liderin həyata keçirdiyi tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrin işə salınması və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsin əldə edilməsi respublikanın hüquqi, iqtisadi, sosial, mədəni və digər sahələrində islahatların aparılmasına böyük üfüqlər açmışdır.
1995-ci ildə xalqın azad iradəsi əsasında müdrik rəhbərin silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsinin və işıqlı zəkasının ən böyük əsərlərindən biri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olan ümummilli liderimiz sonrakı mərhələlərdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində nizama salındığı, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyərlər səviyyəsində qorunduğu, humanizm prinsipinin möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın bütün sahələrində haqq-ədalət meyarının gözlənilməsinə çalışan ulu öndər Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi əlaqəyə, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.
Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön sıraya çıxarmışdır.
Böyük öndər ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyri-mümkün hesab edərək bunun üçün, ilk növbədə, məhkəmə-hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbəstliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mühakiməsinin səmərəli təşkili baxımından mütərəqqi addımlar atmışdır. “Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”, – deyən ümummilli liderimiz ilk gündən məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna rolunu düzgün dəyərləndirmiş, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması baxımından ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsini vacib saymışdır. Ardıcıl olaraq aparılan məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə orqanları sisteminin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkil olunması, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli olmuşdur.
Azərbaycanın hüquqi dövlət və humanizm prinsiplərinə sadiqliyini əks etdirən daha bir mühüm hadisə isə ölkədə Avropa Şurasına üzvlüyə qədər ölüm hökmünün tamamilə ləğv edilməsidir. 1993-cü ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 10 fevral 1998-ci il tarixdə ölüm cəzasının tam ləğvi ulu öndərin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunun ən parlaq göstəriciləridir.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə respublikamız insan hüquq və azadlıqlarının, eləcə də demokratik təsisatların inkişafı ilə bağlı bir sıra mühüm beynəlxalq-hüquqi sənədlərə qoşulmuş, bütün bunların nəticəsi kimi 1996-cı ildən Avropa Şurasında “Xüsusi qonaq statusu” ilə təmsil olunan Azərbaycan 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunmuşdur. 25 dekabr 2001-ci il tarixdə isə Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik dəyərlərə, ədalətə, insan hüquq və azadlıqlarının təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da, ölkə vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı qazanmışdır.
Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan ulu öndər Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmişdir. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider əvvəllər xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq, birinci növbədə, qonşu dövlətlərlə münasibətləri nizama salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən, ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”, – deyən ümummilli lider həmçinin bildirmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avroatlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır. Bütün həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Vüqar QULİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi