22 Dekabr 2024, Bazar

Müasir idarəetmənin mühüm tələblərindən biri kollektivdə mövcud olan korporativ mədəniyyəti dərindən mənimsəmiş və vahid məqsədə çatmaq üçün vəzifələrini düzgün qiymətləndirməyi bacaran yetkin insan resurslarına sahib olmaqdır. İnsanın yaradıcılıq potensialını üzə çıxaran, onu uzun müddət cəmiyyətə xidmət etməyə yönəldə bilən işgüzar komanda ilə bu gün dünənkindən daha yaxşı işləməyin əsl formulunu tapmaq mümkündür.
Yəqin ki, “Yeddi nar çubuğu” hekayəsini xatırlayırıq. “Tək əldən səs çıxmaz” məsəlinə yaxşı bələd olan müdrik insanlar gələcəkdə məqsədə çatmaq üçün öz övladlarına bir qüvvə kimi birləşmək yolu göstərmişlər. Yalqız qaldıqda asanlıqla qırılan incə nar çubuqlarının birləşərək bir sinerji ilə hansı qüvvə sahibi ola biləcəyini başa düşmək üçün bu, kifayət qədər ibrətamiz nəsihətdir. Bu xalq hikməti bu gün də özünü doğrultmaqdadır. Müasir dövrdə hər kəsin dövlət və xalq mənafeləri uğrunda yeni cəmiyyət quruculuğuna qoşulması belə bir sinergiyanın – komanda işinin əsas şərtlərindən biridir. Çünki yaradıcı qrupların formalaşması cəmiyyətdə hər kəsin tələbatlarına cavab verəcək nəticələr əldə olunmasına xidmət edir. Belə ki, kiminsə fərdi istəyinə görə deyil, məhz ümumi inkişaf naminə kollektivə qoşulan insanlarla birgə işləməklə həmişə istənilən çətinliyi dəf etmək, başqalarına nümunə olmaq mümkündür.

Yaradıcı işlə, yəni cəmiyyət tələbatlarının ödənilməsinə yönəlmiş faydalı əməklə məşğul olmaq üçün uğurlu komanda yarada bilməyin öz şərtləri vardır. Qeyd edək ki, bunun üçün ilk olaraq yaradıcı insan və yaxud yaradıcı əmək anlayışını yaxşı bilmək lazımdır. Bəzilərinin düşündüyü kimi, yaradıcı fəaliyyət təkcə hansısa yazarın, şairin, rəssamın və ya bəstəkarın bir əsər üzərində çalışması demək deyildir. Cəmiyyət üzvlərinin bütün tələbatlarının ödənilməsi istiqamətində görülən hər quruculuq işi, iqtisadi və mədəni inkişaf pillələrində atılan hər addım, əslində, bir yaradıcılıq mərhələsidir. 
Yaradıcı qrup birdən-birə formalaşmır. Onun yaranması üçün kifayət qədər uzun təkamül yolu tələb olunur. Bəzən bu müddət bir insan ömründən də uzun, onilliklər boyu davam edə bilər. Bu gün dünyada örnək kimi göstərilən qərb və xüsusən də yapon idarəçilik məktəblərinin kifayət qədər təcrübədən sonra, həm də hansı çətinliklərlə dolu dövrlərdən keçməklə formalaşdığı məlumdur. İnsanlarda işə, peşəyə daimi bağlılıq, istənilən şərtlərdə belə, müəssisə strategiyasına sadiq olmaqla davamlı məşğulluğa meyil, müəssisənin imicini öz şəxsi ləyaqəti kimi qorumaq mədəniyyəti nümunəvi komanda idarəçiliyinin etiketidir. Artıq ənənə kimi formalaşmış belə idarəetmə mədəniyyətlərində kimlərinsə baş girələyərək öz yoldaşlarının əməyindən “bəhrələnməsi”, digərlərinin ideyalarına istənilən halda hansısa bir işarə qoyaraq özünün “varlığını” ortaya atması, tutduğu pilləni qorumaq üçün hər cür yeniliyə qarşı olması kimi anlayışlar çoxdan yox olmuşdur. Ümumi inkişaf axarında hər kəsin bir-birinə qısa müddətdə adaptasiya olunması elə bir model formalaşdırmışdır ki, bu zaman nəticəsi hər addımda hiss olunan peşəkar fəaliyyət və məhsuldar əmək prinsipləri hər cür hay-küylü vədlərlə dolu çıxışları əridib yox edir, insanın gördüyü işin dəyərli, istirahətinin də mənalı olmasını şərtləndirir.
Komanda işi, hər şeydən əvvəl, operativlik deməkdir. Xüsusən bizim dövrümüzdə, bütün sahələrdə rəqabətin kəskinləşdiyi bir şəraitdə qarşıya çıxan cari məsələləri operativ həll etməyi bacaran işçi və ya menecerin dəyəri çox yüksəkdir. İnsan onu maraqlandıran, bilavasitə ondan asılı olan iş və hadisələri vicdan süzgəcindən keçirməklə operativ həll etməyi bacarırsa və bu zaman onun istəyinə qarşı çıxanları da öz dəstəsinə qoşa bilirsə, onda o, düşdüyü şəraitə görə komanda işini bacara bilən ən mahir menecer, peşəkar rəhbər statusuna qədər yüksələ bilər. Bu zaman fərqi yoxdur, onun qrupu kiçik və yaxud böyük, tanınmış və ya yeni təşkil olunmuş olsun, istənilən halda cəmiyyətə xidmətə yönəlmiş fəaliyyət kimi öz bəhrəsini verəcəkdir.
Komanda işi istənilən səviyyəli müəssisədə kadr problemini kökündən həll etməyin ən yaxşı yollarındandır. Çünki belə bir mühitdə yetişmiş və təşkilati mədəniyyətə bələd olan işçi, rəhbər işçi, kim olursa-olsun, onların hər biri zəruri kadr dəyişikliyi zamanı tövsiyə olunan və cəmiyyətin də qəbul etdiyi bir nömrəli namizəddirlər. Yaradıcı insanların yetişdirdiyi kadrlar onların ərsəyə gəlməsində çəkilən zəhməti heç zaman itirmir, ona sərf olunmuş əməyin dəyərini yeni nəslin formalaşmasına verdiyi töhfələrlə qaytarmağı özünə borc hesab edirlər.
Yaradıcı komanda beyin məhsulu əldə etmək üçün də ən ideal məkandır. Bu gün hər bir işdə ən yüksək dəyər kəsb edən, lazım olduğu anda, sözün əsl mənasında, qızıldan qiymətli olan yeni ideya, fikir və rəy məhz uzun müddət ərzində özünü konkret peşəyə bağlamış ekspert səviyyəli insanların beyninin məhsuludur. Bu məhsul onun sahibinin üzvü olduğu komandanın sərvəti kimi yeri düşəndə kollektivinə, regionuna, ölkəsinə və bütün dünyaya faydalı olur. Ona görə də belə insanlar qrupu yaradıcı gəncliyin formalaşması, yenilənmə və özünü yeniləmə baxımından münbit bir məkan olmaqla daşıdığı dəyərlərin gələcək nəsillərə ötürülməsi işində də etibarlı bir körpüdür.
Komanda işi cəmiyyətdə hər cür yeniliyin və mütərəqqi texnologiyanın tətbiq olunmasına əlverişli imkan açır. Bu gün bir-birini tanımayan, real həyatda heç zaman əl sıxışmamış insanlar sosial şəbəkələrdə qruplar yaradaraq, necə deyərlər, virtual komandalar yarada bilirlər. Ancaq sırf idarəetmə və məsuliyyətin bölüşdürülməsi prinsipləri baxımından elektron idarəetmə məsələləri də komanda işinin zəruri intizam şərtlərindən biri hesab olunur. Artıq belə bir tezis özünü təsdiq etmişdir ki, elektron idarəetmə komanda üzvləri arasında mövcud olan subyektiv maneələri aradan qaldıran ən yaxşı vasitə kimi insan yaradıcılığına təkan verən, onun dəyərli vaxtının boş, mənasız bürokratiya proseduralarında itməməsinə şərait yaradan bir texnoloji yenilikdir.
Komanda işi sosial məsuliyyət və hesabatlılıq baxımından hər bir cəmiyyət üzvünə geniş imkanlar açır. Çünki öz vətəninin çiçəklənməsinə yorulmadan xidmət edən hər bir şəxsin fəaliyyətinə qiymət verilməsi, zəhmətinin qiymətləndirilməsi üçün onun yaradıcı insanlar əhatəsində olmağa ehtiyacı vardır. Ona görə də insanların atılan hər addımın sosial yükünə qiymət verməsi, görülən işin təkcə fərdi deyil, həm də bütün cəmiyyət üzvlərinin maraqları baxımından hesabatının verilməsi üçün komanda işi məsuliyyəti daşıması lazımdır. İnanırıq ki, bu gün muxtar respublikamızda belə tərbiyə olunan hər bir gəncimiz gələcəkdə ümumi cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyətini bir an belə unutmayaraq ailəsinin, aid olduğu yaradıcı qrupun və bütövlükdə Vətəninin, dövlətinin, xalqının xidmətində durmağı öz həyat amalına çevirəcəkdir.

Nəhayət, insanların arzusunda olduğu komanda üzvü olmaq üçün heç də konkret əmək kollektivinin, müəssisə, təşkilat və ya firmanın üzvü olmaq əsas şərt deyildir. Məgər öz rəhbərinin ətrafında sıx birləşən müstəqil Azərbaycanın vətəndaşları kimi Azərbaycançılıq ideologiyasına xidmət edən yüz minlərlə, milyonlarla həmvətənlərimiz, dünyanın dörd bir yanında yaşayan nüfuzlu diaspora fəallarımız da bizim komandanın üzvü deyillərmi?

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR