Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilmişdir. Nazirlik və onun strukturuna daxil olan təşkilatların məsul işçiləri və mütəxəssislərinin iştirak etdiyi iclası nazir Elşad Əliyev açaraq muxtar respublikada 2013-cü ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində görülmüş işlər, yaz-tarla işlərinin gedişi vəziyyəti və taxıl biçininə hazırlıq barədə məlumat vermişdir. Bildirilmişdir ki, bəhs olunan dövrdə nazirlik və onun strukturları qarşısında müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Yaz-tarla işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikalarının sazlığının başlıca şərtlərdən biri olduğunu diqqətə çatdıran nazir vurğulamışdır ki, bunu nəzərə alaraq nazirliyin Dövlət Texniki Nəzarət Müfəttişliyi və yerli müfəttişliklər tərəfindən texnikalara baxış keçirilmiş, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması təmin edilmişdir.
Ötən dövr ərzində nazirliyin Bitki mühafizəsi və karantin şöbəsi, Bitki Mühafizə Stansiyası tərəfindən kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları gətirilmiş, pulsuz olaraq yerli icra hakimiyyəti və bələdiyyələr vasitəsilə sahibkarlara çatdırılmışdır.
Qeyd olunmuşdur ki, torpaqların münbitliyini artırmaq məqsədilə 2013-cü ilin yazında Layihə Axtarış Kimyalaşdırma Stansiyasının əməkdaşları tərəfindən rayonlar üzrə cari il üçün gübrə tələbatı müəyyən edilmişdir. Sahələrdən yüksək və keyfiyyətli məhsul götürülməsi, payızlıq və yazlıq əkinlərin üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnməsi haqqında fermer və torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılmışdır.
Bildirilmişdir ki, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin əsas vəzifəsi kənd təsərrüfatı sahəsində əldə edilmiş elmi yenilikləri istehsalata tətbiq etməkdən ibarətdir. Bu il birliyin yardımçı təcrübə təsərrüfatında heç bir kimyəvi gübrədən istifadə olunmadan bostan bitkiləri, tərəvəz, qarğıdalı, kartof əkinləri aparılmışdır. Qazanılmış müsbət təcrübəyə əsaslanaraq taxıl biçinlərindən sonra payızlıq kartof əkinlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Kollegiya iclasında Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyev, Bitki Mühafizə Stansiyasının rəisi İlqar İbrahimov, Dövlət Toxum Müfəttişliyinin rəisi İlqar Zeynalov, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramov çıxış etmişlər.
Sonda nazir Elşad Əliyev görülən işlərlə yanaşı, mövcud nöqsanlardan da danışmışdır. Bildirmişdir ki, torpaq mülkiyyətçiləri ilə əlaqələr hələ də tam səviyyədə deyil, onlar hansı məhsuldar əkinçilik sahələrinin inkişaf etdirilməsi barədə lazımınca məlumatlandırılmırlar. Toxumluq dən üçün təmiz sahələrin müəyyənləşdirilməsində də nöqsanlar vardır. Bu nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməli, nazirlik, onun strukturuna daxil olan idarə və təşkilatlar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səy göstərməlidirlər.
Xəbərlər şöbəsi