Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər salarkən aydın olur ki, ulu öndərin genişmiqyaslı fəaliyyətində müxtəlif xarakterli və səpgili xilaskarlıq missiyası xüsusi mərhələ təşkil edir. Hələ keçən yüzilliyin 60-cı illərində Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini və sədri kimi açıqfikirli Azərbaycan ziyalılarının incidilməsinə, təqib və həbs edilməsinə mane olan, onları qoruyan ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra SSRİ-yə daxil olan 15 müttəfiq respublika sırasında axırıncı yerdə olan ölkəmizi durğunluqdan, ətalətdən, gerilikdən xilas etmiş, respublikamızı əsl inkişaf yoluna çıxarmışdır.
Dahi rəhbər o zaman ölkədə başlanan milli oyanışın önündə gedən ziyalıları himayə edərək təqiblərdən, həbslərdən qorumuşdur. Yaxud da 1990-1993-cü illərdə – həyatı və siyasi fəaliyyətinin Naxçıvan dövründə, ulu öndərin, özünün sözləri ilə desək, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladan, “olum, ya ölüm” dilemması qarşısında qalan, blokada şəraitində yaşayan, Azərbaycan rəhbərlərinin heç bir yardım etmədiyi, əksinə, “kor bağırsaq kimi kəsib atmaq” istədikləri Naxçıvan Muxtar Respublikasını erməni işğalından, əhalini aclıqdan, səfalətdən, soyuqdan donmaqdan, didərgin və qaçqın düşməkdən xilas etmişdir. Xilaskarlıq missiyasını o zamanlar müxtəlif xalqlara mənsub 300 milyona yaxın əhalinin vətəni sayılan SSRİ dövlətinin rəhbər elitasında çalışdığı 5 il ərzində də müxtəlif sahələrdə davam etdirən ulu öndərin xilaskarlıq missiyası ilə əlaqədar xatırlatdığımız bu fikirləri digər başqa faktlarla davam etdirmək olar.
Ancaq, fikrimizcə, ulu öndərin xilaskarlıq missiyasında 1993-cü ilin 15 iyunundan başlanan, Azərbaycanın, Azərbaycan dövlətçiliyinin xilası missiyası, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsinin qarşısının alınması sahəsindəki xidmətləri xüsusi yer tutur və bu, ayrıca şərh olunmalıdır. Müdrik şəxsiyyət Heydər Əliyevin ən böyük xilaskarlıq missiyası keçən əsrin 90-cı illərində, daha dəqiq desək, 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə başlanmışdır. Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə ümummilli lider Heydər Əliyevə yaranan böyük ümumxalq sevgisi insanlarda belə bir inam yaratmışdı ki, ölkəni bu ağır fəlakətdən yalnız dahi rəhbər xilas edə bilər. 22 noyabr 1988-ci ildə Naxçıvan şəhərinin baş meydanında keçirilən, təxminən, 30 min nəfərin iştirak etdiyi mitinqdə Azərbaycanda ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin portretlərinin qaldırılması heç də təsadüfi bir hadisə olmayıb, Azərbaycana rəhbərlik edən bacarıqsız və səriştəsiz rəhbərlərin yalan vədlərindən bezən, onlara inamını itirən xalqın yaranmış mürəkkəb vəziyyətdə ona xilaskar kimi baxmasından, ulu öndərimizi yaranmış böhranlı vəziyyəti aradan qaldıracaq yeganə şəxsiyyət kimi görməsindən irəli gələn bir hal kimi qiymətləndirilməlidir.
1990-cı ilin 22 iyulunda doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı zamanı muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş 80 min nəfərdən artıq adamın Naxçıvan şəhərinin “Azadlıq” meydanında ulu öndəri yüksək coşqu ilə qarşılaması da əhalinin onu xilaskar kimi görməsinin əyani təzahürüdür. Hadisələrin sonrakı inkişafı – ulu öndərin Naxçıvanda yaşaması, Azərbaycanın və Naxçıvanın ali qanunvericilik orqanlarına deputat seçilməsi, əvvəllər deputat, 3 sentyabr 1991-ci ildən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi bütün siyasi-iqtisadi, mədəni tədbirlər, Naxçıvanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qonşu ölkələrin və dünyanın aparıcı dövlətlərinin başçıları, səfirləri ilə apardığı danışıqlar, keçirdiyi görüşlər nəticəsində Naxçıvanın ermənilərin labüd işğalından xilas edilməsi xalqın Onu xilaskar kimi qəbul etməkdə nə qədər haqlı olduğunu göstərdi.
Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirləri izləyir, ölkəni düşdüyü bəladan qurtaracaq yeganə şəxsi ancaq ulu öndər Heydər Əliyevin simasında görürdü. Məhz buna görə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı xalqın arzu və istəyini ifadə edərək “Səs” qəzeti vasitəsi ilə ulu öndərə müraciət etmişdir. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlanan müraciətdə deyilirdi: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz adımızdan, həm də minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaranmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ulu öndərimiz Heydər Əliyev xalqın düşdüyü ağır vəziyyəti görür, təhlil edirdi. Vəziyyət son dərəcə ağır idi. Ümummilli liderimiz xalqın ona olan ümidlərini qıra, baş verənlərə biganə qala, hadisələrə kənardan seyrçi mövqeyi tuta bilməzdi. Ona görə dahi şəxsiyyət 24 oktyabrda müraciətə cavab vermiş və bu cavab mətbuatda nəşr olunmuşdur. Cavabda “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərin həllinə biganə qalmağa heç kəsin haqqı yoxdur” fikrini vurğulayan ulu öndər partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirmişdir. Bundan az sonra Bakı şəhərində keçirilməsinə imkan verilmədiyi üçün Azərbaycanın müxtəlif rayonlarından gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul edilmiş, görkəmli dövlət xadimi Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.
Hakimiyyətə gəlmək üçün deyil, respublikanı düşmüş olduğu böhrandan, acınacaqlı vəziyyətdən qurtarmaq, ölkəni dağılmaqdan, dövlətçiliyimizi məhv olmaqdan qorumaq vəzifəsini qarşısına məqsəd qoyan Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın xilas yolunun başlanğıcı idi. Qısa müddətdə böyük inkişaf yolu keçən və ətrafında 600 mindən artıq üzvü birləşdirən, həyatın bütün sahələrində böyük nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyasının ən böyük uğuru partiya sədri, müdrik rəhbər Heydər Əliyevin rəhbərliyi ilə vətəndaş müharibəsinin, ölkənin parçalanmasının, Azərbaycan dövlətçiliyinin itirilməsinin qarşısının alınması, dövlət müstəqilliyinin qorunub saxlanılması, müstəqil Azərbaycan dövlətinin qurulması və dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarılması olmuşdur. Partiyanın sədri ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1993-cü ildə iqtidar partiyasına çevrilməsindən sonra onun bu istiqamətdə fəaliyyətini belə xarakterizə etmişdir: “Partiya dərhal səfərbər oldu və öz sədri ilə birlikdə Azərbaycanın xilası, onun dövlətçiliyinin qorunması və taleyüklü məsələlərin həlli sahəsində həyata keçirilən işlərə qoşuldu. Bu mərhələ həm müstəqil Azərbaycan dövlətinin, həm də Yeni Azərbaycan Partiyasının tarixində əbədi həkk olunmuş, taleyüklü məsələlərin həlli, dövlətçiliyin qurtuluşu, xalqımızın tərəqqisinin başlanğıcı kimi yadda qalmışdır”.
Keçən yüzilliyin 80-ci illərinin sonlarından Azərbaycanda yaranan böhran 90-cı illərin əvvəllərində daha da dərinləşmişdi. 1992-ci ilin 26 fevralında baş verən Xocalı faciəsi, mayın 8-də Şuşanın, 18-də Laçının işğalı və digər Azərbaycan torpaqlarının bir-birinin ardınca itirilməsi, xüsusilə 4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynovun başçılığı ilə baş verən qiyam Azərbaycanın parçalanması, dövlətçiliyin itirilməsi, vətəndaş müharibəsinin başlanması, qardaş qanının axıdılması, günahsız insanların qətlə yetirilməsi, yaranmış vəziyyətdən istifadə edərək ermənilərin daha çox ərazimizi işğal etməsi kimi təhlükələr yaratmışdı. Artıq Gəncədə və digər yerlərdə qardaş qanı axıdılmışdı. Xaosun baş alıb getdiyi ölkə vətəndaş müharibəsinin astanasında idi. Ona görə də Azərbaycan xalqı öz nicatını, xilasını, yaranmış vəziyyətdən qurtuluşunu həmin vaxt Naxçıvanda yaşayan və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan xalqımızın böyük oğlu Heydər Əliyevdə görür və təkidlə onun Azərbaycanda hakimiyyətə gətirilməsini tələb edirdi. Nəhayət, 9 iyun 1993-cü ildə Naxçıvana göndərilən xüsusi təyyarə ilə ulu öndər Bakıya getdi.
Beləliklə, xalqın təkidli tələbi, həmçinin o vaxt hakimiyyətdə olan AXC-Müsavat hökuməti başçılarının xahişinə əsasən, Bakıya gələn, ancaq ona təklif olunan yüksək vəzifəni qəbul etməyən, mayın 13-14-də Gəncədə yaranmış vəziyyətlə yerindəcə tanış olan müdrik dövlət xadimi Heydər Əliyev ona deputatlar tərəfindən dəfələrlə edilən xahişləri qəbul edərək 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
Həmin tarixi gündən etibarən ulu öndər Azərbaycanın qurtuluşu naminə xilaskarlıq missiyasına başlamışdır. Ona görə də 15 iyun Azərbaycanın ən yeni dövr tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Akademik İsa Həbibbəyli bu haqda yazır ki, həqiqətən, 15 iyun 1993-cü il hadisəsi ilə Azərbaycanda böyük qurtuluş baş vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda böyük qurtuluşun banisidir. Böyük qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. Əslində, Azərbaycanda müstəqil dövlətin təməlləri böyük qurtuluşla atılmışdır. Təsadüfi deyildir ki, bu hadisədən 4 il sonra, 1997-ci ilin iyununda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq bu günü – 15 iyunu “Milli Qurtuluş Günü” bayramı kimi rəsmiləşdirmişdir.
Qurtuluş mübarizəsinə, xilaskarlıq missiyasına başlayan ulu öndərin qarşısında çox ağır, çətin və mürəkkəb vəzifə dururdu. Ölkədə vətəndaş müharibəsi başlanmaqda, dövlət parçalanmaqda, dövlətçilik itirilməkdə, torpaqlarımız ermənilər tərəfindən işğal edilməkdə idi – bir sözlə, əhali çaşqın vəziyyətə düşmüşdü.
Məhz belə bir ağır dövrdə, ikinci dəfə hakimiyyətə qayıdışından təxminən 2 ay sonra “Sobesednik” qəzetinin müxbiri ilə 1993-cü ilin avqustunda baş tutan müsahibəsində ona verilən “Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?” sualına ümummilli lider belə cavab vermişdi: “Bugünkü vəzifəni tutmaq arzusunda deyildim. Hakimiyyətin ləzzətini görmüşəm – düşünüldüyü qədər şirin deyil. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Bu dəhşətli anda hər şeyi atıb getmək adamlara xəyanət etmək deməkdir”. Göründüyü kimi, ölkədə vəziyyət nə qədər ağır olsa da, ulu öndər hakimiyyətdən getməyi, başqa sözlə desək, çətin anda meydandan qaçmağı xalqa xəyanət kimi qiymətləndirmişdir. Ona görə müdrik rəhbər özünün dəfələrlə vurğuladığı kimi, həyatı bahasına belə, bilik və zəngin təcrübəsinə, xalqın köməyinə arxalanaraq bu çətin işin öhdəsindən şərəflə gəlmişdir.
Milli Məclisin 1997-ci ilin iyununda keçirilən və 15 iyunu “Milli Qurtuluş Günü” elan edən tarixi sessiyanın qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qaytarılması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, – deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən dahi rəhbər Heydər Əliyev bilirdi ki, Ermənistanla müharibənin davam etdiyi bir şəraitdə müstəqil Azərbaycan dövlətini qurub-yaratmaq mümkün olmayacaqdır. Ona görə də ümummilli lider 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında müqavilə imzalamasına nail olmuş və bununla da, ulu öndərin ölkə miqyasında həyata keçirməsi nəzərdə tutulan titanik işlərinin təhlükəsizliyi təmin edilmişdir.
Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə QURTULUŞ MÜBARİZƏSİNİN, BÖYÜK QURTULUŞUN QALİBİ kimi daxil olmuşdur. Bundan sonra xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, iqtisadi və demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə başlanmışdır. Beləcə ulu öndər müstəqil Azərbaycan dövlətini qurmuş, onu inkişaf etdirmiş və mükəmməl bir dövlət kimi Azərbaycan xalqına bəxş etmişdir. Əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.
Hacıfəxrəddin SƏFƏRLİ
tarix elmləri doktoru, professor