22 Dekabr 2024, Bazar

Dünən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının XI konfransı keçirilmişdir. Konfransda rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan xalqı çox ciddi çətinliklərlə üzləşmişdir. Ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradılmışdır. Yarandığı ilk gündən o dövrün haqsızlıqlarına sinə gərərək sivil metodlarla mübarizə aparan Yeni Azərbaycan Partiyası xalqın partiyası adını qazanmış ilk və yeganə siyasi təşkilatdır. 1993-cü ildən bəri keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində partiyamız bütün rəqiblərinə böyük üstünlüklə qalib gəlmişdir. YAP-ın sıralarının getdikcə artması bu təşkilata ölkə ictimaiyyətinin inam və etibarından irəli gəlir.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi nəticəsində qısa zaman kəsiyində hakim partiyaya çevrilmişdir. Bu günə qədər də liderliyini qoruyub saxlayır.

1993-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin iştirakı ilə təsis edilən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı son illər həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuş, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir. Təşkilat ötən konfransdan keçən müddət ərzində təşkilati cəhətdən daha da möhkəmlənmiş, onun kütləviliyi artmışdır. Bu dövrdə partiya sıralarına 185 nəfər yeni üzv qəbul edilmişdir. Bununla da, 162 ilk təşkilatda birləşən partiya üzvlərinin sayı 10 min 472 nəfərə çatmışdır. Onların 2834 nəfəri qadın, 3714 nəfəri isə gənc­lərdir.
Vurğulanmışdır ki, bu gün qədim Naxçıvan böyük sürətlə inkişaf edir. Hazırda sürətli sosial-iqtisadi inkişaf tempinə malik muxtar respublikamızda qazanılan nailiyyətlərin miqyası davamlı olaraq genişləndirilməkdə, iqtisadi və sosial təmayüllü uğurlar təmin olunmaqdadır. Naxçıvanın hər guşəsini öz ağuşuna alan bu inkişafdan Şərur rayonuna da böyük pay düşmüşdür. Bölgədə aparılan tikinti-quruculuq işləri nəticəsində təkcə Şərur şəhəri deyil, bütün kəndlərimiz gözəlləşir, öz simasını dəyişir.
“YAP bu il prezident seçkiləri kimi mühüm bir siyasi kampaniya ərəfəsindədir və ölkədə həlledici siyasi qüvvə kimi yenidən öz iradəsini ortaya qoymalıdır”, – deyən Əmir Babayev vurğulamışdır ki, bu iradə Yeni Azərbaycan Partiyasının vahid lideri cənab İlham Əliyevin seçkilərdə qələbəsini təmin etməklə Azərbaycanı növbəti siyasi-iqtisadi qələbələrə doğru aparacaqdır.
2003-cü ildən Heydər Əliyev siyasi xəttini inamla davam etdirən, Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident cənab İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmləndirilməsinə təsir göstərən ən mühüm məqamlardan biri dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə – ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir.
Dövlət başçısı cənab İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Bütün proseslərin təhlili göstərir ki, Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir.
Təşkilat sədri növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı bundan əvvəlki seçkilərdə olduğu kimi, növbəti kampaniyaya da ciddi şəkildə hazırlaşır. Digər bölgələrimiz kimi, Şərur rayonunda da seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şərurlular prezident seçkilərində partiyanın Sədri cənab İlham Əliyevi dəstəkləyəcək və onun ətrafında sıx birləşərək xalqımızın mənafeyi naminə əllərindən gələni əsirgəməyəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR