Ordubad Rayon Təhsil Şöbəsində keçirilən “Heydər Əliyev lektoriyası”nın “Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda növbəti məşğələsi 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənov açmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanı anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın dünyada analoqu olmayan bir sürətlə inkişaf etməsini məhz Milli Qurtuluş Gününə borclu olduğumuzu vurğulayan İlqar Həsənov ulu öndərin siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı, ilk növbədə, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər, regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır.
Lektoriyada şöbənin əməkdaşlarından Əyyar Səfərov, Yalçın Hüseynov, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin direktoru Əlağa Rzayev, Vənənd kənd tam orta məktəbinin direktoru Elxan Hüseynli və başqalarının çıxışları olmuşdur. Çıxışlarda vurğulanmışdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir inkişaf yolunu seçmiş Azərbaycanda bütün sahələrdə inkişaf var. Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvan da böyük tərəqqi yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, muxtar respublikamız gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri regionun hərtərəfli inkişafına təkan verir. Bu gün Naxçıvan Muxtar Respublikasının hər bir şəhəri, qəsəbəsi və kəndinə bu möhtəşəm inkişafdan böyük pay düşür. Bütün bunlar isə ulu öndərin əbədiyaşar ideyalarının nəticəsidir.
Xəbərlər şöbəsi