Dünən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilmişdir. Növbəti hesabat konfransında tələbə gənclər informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanmış, eyni vaxtda Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilən region panelləri videobağlantı vasitəsilə izlənilmiş, onlayn əlaqə yaradılmışdır.
Naxçıvan Dövlət Universitetində keçirilən Naxçıvan panelində əvvəlcə Dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə ATGTİ sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev açaraq konfransın gündəliyinə daxil olan məsələlər barədə məlumat vermişdir.
Arzu Abdullayev Naxçıvandakı tələbə gənclər təşkilatlarının fəaliyyəti barədə hesabatında muxtar respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, regiondakı ali və orta ixtisas təhsili müəssisələri tələbə gənclər təşkilatlarının fəaliyyətindən danışmışdır. Sonra TGT-lərin üzvlüyə qəbul olunması panellərdə səsə qoyulmuş, Naxçıvan Özəl Universiteti, Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Musiqi kollecləri də daxil olmaqla, ATGTİ-yə 26 yeni üzv qəbul edilmişdir. Beləliklə, ATGTİ-nin üzvü olan ali və orta ixtisas təhsili müəssisəsinin tələbə gənclər təşkilatının sayı 110-a çatmışdır. Naxçıvan panelində “Dövlət gənclər siyasətinin reallaşmasında region tələbə gənclərinin və tələbə gənclər təşkilatlarının payı” adı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvü Aytən İsmayılovanın, Naxçıvan Müəllimlər İnstitutunun TGT-nin sədri Qəmər Rəhimovanın, Naxçıvan Özəl Universitetinin TGT-nin sədri Nəsib Mustafayevin məruzələri dinlənilmişdir.
ATGTİ sədri Şahin İsmayılov çıxış edərək Naxçıvan, Lənkəran, Gəncə paneli TGT-lərinin təklifinə əsasən, 2013-cü il prezident seçkilərində ölkə başçısı cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirmiş və bu təklif alqışlarla qarşılanmışdır. Bununla əlaqədar bəyanat qəbul edilmişdir.
Bəyanatda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müəssisəsinin 100 minə yaxın tələbəsini özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hər bir üzvü cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, Vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunması, yüksək kürsülərdə söz sahibi olmasından fəxr duyur, onun namizədliyini dəstəklədiyini bəyan edir.
Naxçıvan panelinin bağlanış mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Piri Nağıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin milli ideologiyanın əsası kimi yürütdüyü dövlət gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin milli dövlətçilik, vətənpərvərlik ruhunda yetişib formalaşması istiqamətində görülən işlərdən, Azərbaycanda müstəqil dövlət quruculuğunda, cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə ziyalı gəncliyin rolundan, onların üzərinə düşən mühüm vəzifələrdən danışmışlar.
Konfrans avanqard gəncliyin Prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyini dəstəklədiyini nümayiş etdirən videoçarxın təqdimatı ilə başa çatmışdır.
Səbuhi HƏSƏNOV