22 Dekabr 2024, Bazar

Ulu öndərin  möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndi

Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Ümummilli liderimiz müdrik siyasəti, uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gercəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuş, ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialı sayəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Tarix sübut edir ki, yalnız xalqa bağlı olan, onun maraqlarını qoruya bilən, vətən və millət sevgisi ilə yaşayan siyasətçilər böyük uğur qazanırlar. Siyasi fəaliyyətinin bütün dönəmlərində dahi şəxsiyyət Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Böyük rəhbər Vətəni, milləti qarşısında ölkənin taleyüklü məqamlarında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət və millət kimi tarixin sınaqlarından çıxarmışdır. Bununla da, xilaskarlıq missiyasını yerinə yetirmişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkə­mizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində dahi şəxsiyyət Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Ümummilli lider Azərbaycan dövlətçiliyini, Azərbaycan xalqını fəlakətlərdən qurtarmış, dövlətçiliyi möhkəmləndirmiş, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa şərait yaratmışdır. Çox çətinliklə əldə etdiyimiz müstəqilliyimizi dönməz və əbədi etmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdı. Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı.
Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkə­mizi parçalanmaq, dövlətçiliyimizi itirilmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi kimi Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Xarici dairələrin təsiri altına düşən sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamı – Azərbaycan xalqının böyük inam bəslədiyi ulu öndərin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görürdü və vaxtında öz böyük oğlunu Bakıya dəvət etməklə çox düzgün bir addım atmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə ümummilli lider doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bilmiş və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Bu şanlı missiyanı ulu öndər son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirmişdir. O dövrün hadisələrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə etmişdir: “1990-93-cü illərin Azərbaycanı məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmışdı və işə salınmışdı. Belə bir şəraitdə xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu ümummilli lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur”.
1993-cü ilin iyun ayında ulu öndərimiz Bakıya getdikdən sonra ölkədə cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması, həqiqətən də, ölkə­mizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etdiyindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtarmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilmişdir. Onun dühasının qüdrəti sayəsində ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyulmuş, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilmişdir. Bir sözlə, dövlət qurucu­luğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi.
Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkə­miz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyəti ortaya çıxar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvan da sürətli inkişaf yolundadır. Muxtar respublikamızda Heydər Əliyev yolunun bütün sahələrdə böyük uğurla davam etdirilməsi nəticəsində diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ona görə inkişaf edir ki, ümummilli liderimizin yolu ilə gedir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.

Hazırda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Cəmiyyətimizin inkişafı ulu öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası sabitlik, inkişaf, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə bu fikirlərlə qayıtmışdı və ömrünün sonunadək də buna sadiq qaldı. Ulu öndərimiz Heydər Əliyev qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayır və daim yaşayacaqdır.

Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR