22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 7 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunur. Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşmişdir. Zərifə xanım tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşidir.

İnsan dünyaya bir dəfə gəlir. Gəlir ki, şərəfli və dəyərli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalsın. Belələrinin yaşadıqları bitib-tükənmir, əməlləri, xeyirxah işləri daim xatırlanır. Tarixdə bu cür insanların həyat yolu gələcək nəsillərə örnək, nümunə olur. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da məhz belə bir ömür yaşamışdır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömür, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Filosofların fikrinə görə, şəxsiyyətin yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdir.
İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyət yararlanır. Zərifə xanım da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil illərində özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı, sadəliyi və insanpərvərliyi ilə tələbələr arasında dərin hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və O, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi.
O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdır. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirin həyata keçirilməsi ağır zəhmət və uzun zaman tələb edirdi. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynamışdır. Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuş, həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda dosentlikdən elmin ən yüksək zirvəsi hesab edilən akademikliyə qədər yüksəlmişdir. 1977-ci ildə Bakıda Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, Zərifə xanımın təşkilatçılıq bacarığı nəticəsində tədbir gözlənildiyindən də yüksək səviyyədə keçirilmişdir. Bakıda ilk dəfə olaraq belə bir ittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
Akademik Zərifə Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmiş, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Görkəmli alimin maraqlı mühazirələri, məruzələri, çıxışları həmişə yeniliyi və orijinallığı ilə diqqəti cəlb etmişdir. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf etmiş, tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara böyük həvəslə elmi biliklər aşılamışdır. Zərifə Əliyevanın əldə etdiyi elmi və praktik nailiyyətləri bu gün çox həvəslə muxtar respublikanın səhiyyə sistemində tətbiq olunur. Belə ki, ilk dəfə olaraq traxoma xəstəliyinin müxtəlif mərhələlərdə sintomisin emulsiyası ilə müalicə metodu, gözün herpetik xəstəlikləri, virus konyuktivitləri, göz yaşı yolları xəstəlikləri, şəkər retinopatiyası, qlaukoma və başqa xəstəliklərdə akademik Zərifə Əliyevanın təklif etdiyi iridodiaqnostika müayinəsi, yeni terapevtik və cərrahi müalicə üsulları geniş tətbiq edilərək yüzlərlə insanın gözünə nur qaytarmışdır. Azərbaycan oftalmologiyasının bir hissəsi olan Naxçıvan oftalmologiyası ilk dövrdə mərkəzdən gələn kadrlar tərəfindən təşkil və idarə olunsa da, XX əsrin ikinci yarısında bu sahədə çoxlu və bacarıqlı yerli kadrlar ordusu yetişmiş və Naxçıvan oftalmologiyası lazımi səviyyəyə qaldırılmışdır. Bu nailiyyətlərin əldə edilməsində isə akademik Zərifə xanım Əliyevanın xidmətləri əvəz­olunmazdır.
Zərifə xanım əsl mənəvi saflıq nümunəsi idi. O, xəstələri klinikadan kənarda da qəbul edir, məsləhətlər verir, heç kəsi ümidsiz yola salmırdı. Zərifə Əliyevanın 1983-cü ildə çapdan çıxmış “Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri hər bir tibb işçisi üçün stolüstü kitabdır. Həkim-xəstə münasibətinə xüsusi diqqət yetirən Zərifə xanım məqalələrinin birində yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: sənin ağ xalat geyinməyə haqqın varmı?”.
Ailə cəmiyyətin özülüdür. Ailənin ən etibarlı dayağı – ocağın qoruyucusu isə Zərifə xanım kimi həyat yoldaşı, Ana və məhəbbət simvoludur. O, ulu öndər Heydər Əliyevin təkcə həyat yoldaşı yox, həm də silahdaşı idi. Bu ailə böyük məhəbbət bünövrəsi üstündə qurulmuşdu. Etiraf etmək lazımdır ki, ümummilli liderimiz kimi böyük şəxsiyyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Yalnız seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi. Ümummilli liderimiz bu barədə deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

Mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən, gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın işıqlı və nurlu əməlləri bu gün də yaşayır və xatırlanır. Ölkəmizdə onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr xalqımız tərəfindən görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR