Dünən akademik Zərifə Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alimin 90 illik yubileyi qeyd olunmuşdur. Tədbirdən əvvəl məktəbin müəllim və şagird kollektivi alimin məktəbin foyesindəki büstünün önünə gül dəstələri qoymuşlar.
Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarını fotoşəkillər, kitab və qəzet materialları vasitəsilə əks etdirən muzeyə baxışdan sonra tədbiri məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zal Rüstəmov açmışdır. Qeyd olunmuşdur ki, akademik Zərifə Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarından biridir. Zəriflik və nəciblik, humanizm və vətənpərvərlik kimi yüksək keyfiyyətləri özündə birləşdirən Zərifə Əliyeva elm və təfəkkürün, həkimlik və müəllimliyin ən uca zirvəsinə yüksələ bilmişdir.
Yüksək həkimlik amalına, müqəddəs Hippokrat andına daim sadiq qalan Zərifə xanım Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında böyük xidmətlər göstərmişdir.
Vurğulanmışdır ki, görkəmli alim, qayğıkeş müəllim, sədaqətli ömür-gün yoldaşı və ana olan Zərifə Əliyeva ailəsini və Vətənini, xalqını və bütün insanları səmimi bir məhəbbətlə sevirdi. Onun varlığında Vətənin təəssübünü çəkməyə hər zaman hazır olan müqəddəs ana ürəyi, bütün çətinliklərdən keçərək elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.
Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Bildirilmişdir ki, Zərifə xanım Əliyeva yazdığı əsərləri, bənzərsiz pedaqoqluq səriştəsi və yüksək insani keyfiyyətləri ilə müdrik bir alim, müəllim və ideal insan kimi daim yaşamaq haqqı qazanmışdır. Bu gün O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində yaşayır.
Tədbirdə məktəbin müəllimləri Şəhrizad Məmmədova “Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında”, Arifə Əhmədova “Görkəmli alim, mehriban ana, qayğıkeş insan” mövzularında çıxış etmişlər. Şagirdlərin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış etmişdir.
Xəbərlər şöbəsi