22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2013-cü ilin birinci rübündə görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Gündəlikdə duran məsələ ilə əlaqədar təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, 1993-cü il yanvar ayının 23-də YAP-ın ilk rayon təşkilatı Şərurda yaradılmışdır. Təsis konfransı keçiriləndə rayonda 34 ilk təşkilatın 3 min nəfər üzvü və çoxlu sayda tərəfdaşı vardı. Bu heç də təsadüfi deyildi. Çünki yeni partiyanın yaradıcısı və sədrinin o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev olması onun xalq arasında şöhrətlənməsinə, böyük nüfuz qazanmasına rəvac vermişdir. Təsis konfransında çıxış edən partiyanın sədri, görkəmli dövlət xadimi Heydər Əliyev yeni siyasi qurum qarşısında duran başlıca vəzifələrdən danışarkən qeyd etmişdir ki, partiyanın ən əsas məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsidir.

O vaxtdan 20 ildən artıq bir müddət ötür. Bu dövrdə Yeni Azərbaycan Partiyası böyük bir inkişaf yolu keçmişdir. Partiya 600 mindən çox üzvü öz sıralarında birləşdirir. Yeni Azərbaycan Partiyası ümummilli liderimizin dediyi kimi, tək Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində deyil, onun sosial-iqtisadi və siyasi cəhətdən böyük bir inkişaf yolu keçərək dünya dövlətləri sırasında özünə layiqli yer tutmasında aparıcı siyasi qüvvəyə çevrilmişdir.
Əmir Babayev bildirmişdir ki, 1 aprel 2013-cü il tarixə təşkilatda 10453 partiya üzvü vardır ki, bunların da 2824 nəfərini, yəni 27 faizini qadınlar, 3701 nəfərini, yəni 35,4 faizini gənclər təşkil edir. Cari ilin ilk 3 ayında YAP sıralarına 43 nəfər qəbul olunmuşdur.
Hesabat dövrü ərzində keçirilən tədbirlərdən də bəhs edən rayon təşkilatının sədri qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, əhali arasında ideya-siyasi işi gücləndirmək, partiya üzvlərinə təmsil etdikləri təşkilatın işində fəal olmağı aşılamaq diqqət mərkəzində saxlanılmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü partiya məsuliyyətini dərindən dərk etməli, onun Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə ciddi əməl etməlidir.
Vurğulanmışdır ki, qarşıdan partiyamızın yaradıcısı, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi gəlir. Bununla bağlı rayon təşkilatı Şərur Şəhər Mədəniyyət Sarayında bölgənin istedadlı gəncləri ilə yaradıcı görüş təşkil etmiş, Kərimbəyli kəndində isə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar bu kimi tədbirlər il boyu davam etdiriləcəkdir.
Bu il ölkəmizdə həm də prezident seçkiləri keçiriləcəkdir. Azərbaycanın hər bir vətəndaşında partiyamızın Sədri cənab İlham Əliyevin qələbəsinə böyük inam var. Çünki bu inamın əsasında inkişafın, tərəqqinin yüksək göstəriciləri, xalqımız tərəfindən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə və bu siyasətin nəticələrinə yüksək qiymətin verilməsi dayanır.
Yığıncaqda YAP Şərur Rayon Təşkilatının şura üzvləri Yaqub Tağıyev, Nüsrət Həsənov, Vidadi Əbil­ov çıxış etmişlər.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR