22 Dekabr 2024, Bazar

Bu il Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini geniş şəkildə qeyd edirik. Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması qarşımıza mühüm vəzifələr qoymuşdur. Ulu öndərin adını daşıyan obyektlərdən məqalələr hazırlanmasını davam etdiririk. Növbəti ünvanımız Heydər Əliyev adına Hərbi Liseydir. Ulu öndərin adı ölkəmizdə ilk dəfə olaraq muxtar respublikadakı bu Hərbi Liseyə verilməklə  əbədiləşdirilmişdir. Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı olduğu kimi, onun təlim sisteminin də banisidir.

1971-ci ildə ulu öndər tərəfindən Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, minlərlə gəncin ölkənin ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi və sair tədbirlər bu tarixi həqiqətin təsdiqidir. Sovet hakimiyyətinin hökm sürdüyü bir dövrdə öz xalqının gələcək milli zabit kadrlarını yetişdirmək qayğısına yalnız bir insan cəsarət edə bilərdi: O da ümummilli liderimiz Heydər Əliyev idi. Müdrik siyasətçinin uzaqgörənliyinin bəhrəsi olan bu məktəbin yaradılma səbəbini ulu öndərimiz sonralar belə açıqlamışdır: “Biz bu işə başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanın gələcəyinə baxış idi... Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, Azərbaycan dövləti yaranacaqdır”. O zamanlar Hərbi Lisey dəfələrlə bağlanmaq təhlükəsi ilə üz-üzə qalsa da, ulu öndər buna imkan verməmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda mühüm inkişaf mərhələsi başlanmışdır. 1993-cü ildən sonra Azərbaycanın hərbi təhsil müəssisələrinin, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətində mühüm dəyişikliklər olmuşdur. Ordu quruculuğunun davamı kimi ümummilli liderimizin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə bu məktəbin Naxçıvanda filialı yaradılmışdır.

Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını ödəmək, eyni zamanda muxtar respublika gənclərinin hərbi təhsil almaq arzularını gerçəkləşdirmək məqsədilə yaradılan bu məktəbin 1999-cu il oktyabrın 13-də açılış mərasimində ulu öndərimiz Heydər Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas torpağından ayrıdır, blokada şəraitində yaşayır. Amma mən bilirəm ki, hərbi peşəyə yiyələnmək, zabit olmaq istəyən gənclər Naxçıvanda həmişə çox olubdur. Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənc­lərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi. Mən qeyd edirəm ki, Vasif Talıbov bu təşəbbüsü qaldırdı və mən əmr verdim, bu filial yarandı”.

Birinci il qəbul planı 50 nəfər olmasına baxmayaraq, 72 nəfər naxçıvanlı gənc qəbul üçün müraciət etmişdir. 2001-ci ildə Naxçıvan filialının ilk buraxılışı olmuşdur.
2002-ci ilin iyun ayında muxtar respublikamıza səfərə gələn ümummilli liderimiz Heydər Əliyevin liseydə olması, kursantlarla görüşməsi, onlara tapşırıq və tövsiyələrini verməsi də liseyin tarixində əlamətdar hadisələrdən birinə çevrilmişdir. 2004-cü ildə məktəbdə daha böyük bir sevinc yaşanmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey həyata vəsiqə almışdır. Qürur hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin adı ölkəmizdə ilk dəfə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu Hərbi Liseyin ünvanında əbədiləşdirilmişdir. Ulu öndərin adını daşıyan liseyin kursantları bununla fəxr edirlər, eyni zamanda bunun məsuliyyətini dərk edərək Vətənin, torpağın layiqli keşikçiləri olmaq üçün elmi və hərbi sirlərə dərindən yiyələnməyə çalışırlar.
Doğma odlar yurdumuza sədaqətli, ölkəmizin mənafeyini hər şeydən uca tutan, onun yolunda canından keçməyi bacaran gənclər burada hərbi hazırlıq proqramı üzrə nəzəri biliklərə və praktik vərdişlərə yiyələnirlər. Zabit peşəsinə qəlbən bağlanmaq istəyində olan vətənpərvər gənclərin yetişdirilməsi işinə xidmət edən liseyin kollektivi bu vəzifələrin yerinə yetirilməsində səy və bacarığını əsirgəmir. Liseyin rəisi, general-mayor Rasim Əliyevin dediklərindən:
– Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu günə qədər Heydər Əliyev adına Hərbi Liseyi 1728 nəfər kursant bitirmişdir. 842 nəfər ali hərbi məktəbləri bitirib zabit rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Liseyi bitirən kursantlar nəinki Azərbaycan Respublikasının ali hərbi məktəblərində təhsil alır, həmçinin bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya Federasiyası və Türkiyə Respublikasının ali hərbi məktəblərində təhsillərini davam etdirirlər.
Göstərilən rəqəm və faktlar bir daha onu təsdiq edir ki, Heydər Əliyev adına Hərbi Lisey ordu quruculuğu tarixində öz səhifəsini açmaqdadır. Burada Naxçıvan torpağının yetirmələri olan Kəngərli generallarının layiqli davamçıları yetişir. Bu o deməkdir ki, Naxçıvan torpağı incəsənətə, mədəniyyətə, ədəbiyyata töhfə verdiyi kimi, öz tarixi ənənəsinə sadiq qalaraq hərb tarixinə də töhfəsini verir. Heydər Əliyev adına Hərbi Liseyin kursantları – gələcək zabitlər ulu öndər­i­­mizin ideya-siyasi kursuna sadiq sabaha inamla addımlayırlar. Əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək və ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycanı gələcək nəsillərə əmanət etməkdir.

Heydər Əliyev adına Hərbi Lisey daim muxtar respublika rəhbərinin diqqət və qayğısı əhatəsindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il liseyin kursantlarının buraxılış mərasimində iştirak etməsi, onlara tapşırıq və tövsiyələrini verməsi bu sahəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Ali Məclisin Sədri kursantlarla görüşlərinin birində hər bir dövlətin və cəmiyyətin həyatında ordunun, xüsusilə də ixtisaslı zabit kadrların mühüm rol oynadığını bildirərək demişdir: “Ordu müstəqillik rəmzidir. Xalqın əmin-amanlıqda yaşaması, dövlətin, ölkənin müstəqil olması üçün onun güclü, öz dövrünün tələblərinə cavab verən müasir ordusu olmalıdır. Belə ordu isə öz-özünə yaranmır. Bunun üçün birinci şərt dövlətin güclü olması, iqtisadi imkanların artırılmasıdırsa, ikinci şərt ordu quruculuğunun təşkili və ordunun idarə edilməsidir. Aydındır ki, istedadlı komandirlər olmadan, müasir hərb sənətini bilən, peşəkar zabit korpusu yaradılmadan ordunu idarə etmək, qarşıya qoyulan vəzifələri yerinə yetirmək mümkün deyil”.
Yaradıldığı ilk illərdə bir korpusla fəaliyyətə başlayan lisey üçün əlavə binalar ucaldılmış, abadlıq-quruculuq işləri aparılmış, təhsil və təlim, həmçinin istirahət üçün hər cür şəraitə malik bir şəhərcik formalaşdırılmışdır.
Liseydə zəngin maddi-texniki bazası olan sinif otaqları və fənn kabinələrində kursantlar hərbi sirlərə yiyələnməklə yanaşı, digər fənləri də öyrənirlər. Heydər Əliyev adına Hərbi Liseydə hər birində 15 kom­pyuter olmaqla, iki linqafon kabinə yaradılmışdır. Məqsəd liseydə təhsil alan kursantlara beynəlxalq dil olan ingilis dilini daha mükəmməl mənimsətmək, müasir metodlardan istifadə yolu ilə söz ehtiyatı yaratmaq və danışıq vərdişləri aşılamaqdan ibarətdir.
Kursantların fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Hərbi Liseydə müasir tələblərə cavab verən qapalı və açıq idman kompleksi fəaliyyət göstərir. Hər iki idman zalı müasir avadanlıqlarla təchiz olunmuşdur. Qapalı idman zalında voleybol, basketbol meydançası və digər növ idman qurğuları vardır. Bunun nəticəsidir ki, Hərbi Liseyin kursantları nəinki muxtar respublika daxilində, həmçinin ölkə miqyasında təşkil olunmuş müxtəlif növ idman yarışlarında iştirak edərək uğurlu nəticələr əldə etmişlər.
Hər bir tədris ili ərzində 11 fənn üzrə hər yarımildə 4 dəfədən az olmayaraq test imtahanları keçirilir. Nəticədə, kursantların il ərzində aldıqları biliklər qiymətləndirilir. Liseydə iş təkcə kursantların fiziki hazırlığı və təhsili ilə bitmir, gələcəyin zabiti olacaq gənclərə hərbi-vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə aşılanır. Bütün fənlərin tədrisi zamanı kursantların hərbi-vətənpərvərlik tərbiyəsinə üstünlük verilir. Bununla belə, burada bədii yaradıcılıqla məşğul olan kursantlar üçün təşkil edilən ədəbiyyat dərnəyi ilə yanaşı, xor, texniki yaradıcılıq, rəqs, şahmat və orkestr dərnəkləri fəaliyyət göstərir, dərnək üzvlərinin keçirilən tədbirlərdə iştirakı təmin edilir.
Liseyin ikimərtəbəli xəstəxana binasında kursantlara yüksək tibb xidməti göstərmək üçün hərtərəfli şərait yaradılmışdır.
Qərargah binasının birinci mərtəbəsində yaradılan Heydər Əliyev Muzeyində ümummilli liderimizin həyat və siyasi fəaliyyətini əks etdirən sənədlər, Hərbi Liseyi ziyarətləri zamanı çəkilən fotoşəkillər nümayiş olunur. Muzeydə fəxri qonaqların ürək sözlərini yazdıqları xatirə kitabı da maraq doğurur. 2005-ci ilin dekabrında muxtar respublikamıza səfəri zamanı ölkə başçısı cənab İlham Əliyev xatirə kitabına bu sözləri yazmışdır: “Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin”.
Dövlət müstəqilliyimizin qorunmasına, ölkəmizdə əmin-amanlıq, sülh şəraitində qurub-yaratmağa təminat verən ordumuzun gələcək, cəsur zabitlərinin yetişdirilməsində zabit və müəllimlərin böyük rolu var. Onu da xüsusilə vurğulamaq lazımdır ki, dövlətin bu təhsil ocağına göstərdiyi diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçən Hərbi Lisey 2008-2009-cu tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.

Gələn il 10 illik yubileyini qeyd edəcək liseyin kursantları ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən ideyalarını yaşatmağı özlərinin həyat amalına çeviriblər. Liseydə təhsil alan kursantların sırasında təkcə muxtar respublikadan deyil, ölkəmizin digər bölgələrindən də gənclər var. Liseydən ayrılarkən nahar vaxtı idi. Kursantlar sıra ilə düzülərək yeməkxanaya gedirdilər. Hamısının baxışlarından inam, mərdlik, mübarizlik sezilirdi. Onlar Vətənin müdafiəsinə hər an hazırdırlar. Bir daha əmin olduq ki, gələcəyin zabitləri olacaq bu gənclər müstəqil Azərbaycan dövlətinin keşiyində ləyaqətlə duracaq, ərazi bütövlüyümüzün qorunması, ölkəmizin yüksəlişi, qüdrətlənməsi naminə var qüvvələri ilə çalışacaqlar.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR