Şərur rayonundakı Dərəkənddə Yeni Azərbaycan Partiyası Dərəkənd ərazi ilk təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin ideyaları Azərbaycanın dayanıqlı inkişafının əsasıdır” mövzusunda tədbir keçirmişdir. Kənd mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə YAP Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü Vasif Kazımov açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə bağlıdır. Xalqımızın xilaskarı və Yeni Azərbaycanın qurucusu olan dahi rəhbərin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı üçün ən böyük xidmətlərindən biri hələ sovetlər dönəmində Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratması və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlaması, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq dayanıqlı sabitlik və əmin-amanlığı bərpa etməsi, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq tədbirlərini böyük uzaqgörənliklə həyata keçirməsindən ibarət olmuşdur.
Tədbirdə YAP Dərəkənd ərazi ilk təşkilatının sədri Bəxtiyar Əliyev, Dərəkənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Əli İsmayılov, partiya üzvlərindən Firuzə Qasımova və Xəyalə Vərdayeva çıxış etmişlər. Vurğulanmışdır ki, xalqımızın böyük oğlu Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə xilaskar qayıdışı müstəqillik tariximizin dönüş nöqtəsinə çevrilməklə xalqın itirilmiş inamını özünə qaytarmış və gələcəyə olan ümidləri artırmışdır. Məhz bundan sonra Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa bir müddət ərzində hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuşdur.
Sonra YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək bildirmişdir ki, Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanmışdır. Yeni neft strategiyasının uğurlu icrasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında Əsrin müqaviləsi imzalanmış, irimiqyaslı xarici investisiyaların ölkəmizə cəlbinə münbit zəmin yaradılmışdır. Bundan başqa, genişmiqyaslı özəlləşdirmə proqramları həyata keçirilmiş, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Qeyd olunmuşdur ki, ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.
Vurğulanmışdır ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda müşahidə olunan sürətli inkişaf 2013-cü – “Heydər Əliyev ili”ndə daha da intensivləşdirilərək davam etdirilməkdədir.
Sonda məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Xəbərlər şöbəsi