22 Dekabr 2024, Bazar

Məlum olduğu kimi, Azərbaycan Respublikası uzun illər Sovetlər Birliyinin tərkibində mərkəzdən idarə olunan ölkə kimi fəaliyyət göstərmişdir. Digər tərəfdən, iqtisadi inkişafın bütün istiqamətləri, təsərrüfat mexanizmi mərkəzləşdirilmiş planlaşdırmaya tabe edilmişdi. Belə şəraitdə 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin ilk illərindən etibarən apardığı məqsədyönlü, qətiyyətli sosial-iqtisadi siyasət nəticəsində respublika iqtisadiyyatında inkişafa doğru böyük dəyişikliklər özünü göstərməyə başladı.

Fikrimizcə, söhbət Azərbaycan iqtisadiyyatının gücləndirilməsi strategiyasından gedirsə, bu sahədə ulu öndərin əvəzsiz rolunu aşağıdakı dövrlərə bölmək və bu dövrləri təhlil etmək daha məqsədəuyğun olar:
Birinci dövr – sovet dövrü: 1969-cu ildən 1987-ci ilə qədər; ikinci dövr – müstəqillik illəri: 1993-cü ildən 2003-cü ilə qədər.
Üçüncü dövr isə sosial-iqtisadi sahədə inkişafla bağlı dahi rəhbər Heydər Əliyev tərəfindən hazırlanmış iqtisadi inkişaf konsepsiyasının ardıcıl olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildiyi müasir dövrdür. Heç şübhəsiz, ulu öndərin iqtisadi inkişafın sürətləndirilməsi strategiyasını, modelini dolğun dərk etmək üçün bu dövrlər ayrı-ayrılıqda təhlilə cəlb edilməli, gələcəkdə də bu strategiyanın iqtisadi-sosial inkişafın sürətləndirilməsindəki rolu xüsusilə qeyd olunmalıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya birinci rəhbərliyinə qədər ölkə iqtisadiyyatı, demək olar ki, böhran vəziyyətində idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə tək respublikamızda iqtisadiyyat deyil, elm, mədəniyyət və incəsənət sahələrində də nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə edilməkdə idi. Fikrimizin təsdiqi üçün Xalq şairi Rəsul Rzanın ulu öndərin ona “Sosialist Əməyi Qəhrəmanı” nişanını təqdim etdiyi zaman dediyi aşağıdakı misraları qeyd etmək kifayətdir: “Əziz Heydər Əlirza oğlu, Şirvanın didərgin şairi Məhəmməd Hadi vaxtilə yazırdı:

             İmzasını qoymuş miləl evrakı həyatə,
             Yox millətimin xətti bu imzalar içində.

Siz Azərbaycan xalqının imzasını böyük cəsarətlə bərpa etdiniz”.
Həqiqətən, ulu öndərin çoxşaxəli gərgin fəaliyyəti qısa zamanda Azərbaycan xalqının imzasının dünya xalqları tərəfindən tanınması və qəbul edilməsi ilə nəticələnmişdir.
Qeyd etdiyimiz birinci dövrdə respublika iqtisadiyyatının inkişafı istiqamətində sənaye və kənd təsərrüfatı istehsalının sahə və ərazi quruluşunun təkmilləşdirilməsi ilə əlaqədar irimiqyaslı proqramlar həyata keçirilmişdir.
Məlum olduğu kimi, respublikada sənayenin sahə və ərazi quruluşunun təkmilləşdirilməsi məsələləri müharibədən sonrakı illərdə dövlət qarşısında dayanan ən böyük iqtisadi problem olaraq öz həllini gözləyirdi. Lakin etiraf edilməlidir ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi ötən əsrin 70-ci illərinin əvvəllərinə qədər bu sahədə nəinki əsaslı, hətta nəzərəçarpacaq dəyişiklik belə, baş verməmişdi. Müharibə və müharibədən sonrakı illər ərzində Bakı-Sumqayıt iqtisadi rayonunda neft sənayesinin inkişafına ittifaq dövlətinin mənafeyinə uyğun olaraq xüsusi diqqət yetirilirdi. Bütövlükdə, respublika iqtisadiyyatı üçün ayrılan kapital qoyuluşlarının neft sənayesinin və onunla əlaqədar olan digər sahələrin inkişafına yönəldilməsi respublikanın digər bütün iqtisadi rayonlarında məhsuldar qüvvələrin inkişafını olduqca zəiflətmişdi.
1970-ci ildə istehsal olunan ümumi sənaye məhsulunun 70 faizə qədəri Bakı-Sumqayıt iqtisadi rayonunun payına düşürdü. Digər səkkiz iqtisadi rayonda isə sənaye məhsulunun 30 faizi istehsal edilirdi.
1970-ci ildə Azərbaycanda istehsal olunan sənaye məhsulunun cəmi 1,2 faizi Naxçıvanda istehsal olunurdu. Ulu öndər hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq həyata keçirilən tədbirlər nəticəsində iqtisadi inkişafın bütün sahələrində böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri öz bəhrəsini verməyə başladı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində ölkədə sənayenin 1200-dən artıq istehsal müəssisəsi yaradılmış, kənd təsərrüfatının ixtisaslaşması və təmərküzləşməsi problemləri elmi əsaslarla həll edilmiş, əmək məhsuldarlığı göstəricilərinə görə Azərbaycan müttəfiq respublikalar arasında 14-cü yerdən 2-ci yerə qədər irəliləmişdir. Həmin dövrdə Naxçıvan şəhərində Xalça Kombinatı, Alüminium Qablar Zavodu, Alt Trikotaj Fabriki, Şüşə Qablar Zavodu, Evtikmə Kombinatı, yağ-pendir, şərabçılıq zavodları və sair iri istehsal müəssisələri yaradılmışdır.
Ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi ikinci dövr Azərbaycan Respublikasının müstəqillik qazandığı illərə təsadüf edir. Bu dövrü dövlət müstəqilliyinin təhlükəyə məruz qaldığı, ölkə iqtisadiyyatının çökdüyü bir dövr kimi səciyyələndirmək olar. Belə bir ağır dövrdə – 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi qısa bir dövrdə ölkəmizi böhran vəziyyətindən çıxarmışdır.
Dahi rəhbərin memarı olduğu neft strategiyası Azərbaycanda neft hasilatını 13-14 milyon tondan 50 milyon tona çatdırmışdır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan dövləti Avropanın enerji təchizatında önəmli rol oynayır. Ölkəmiz iqtisadi potensialına görə Cənubi Qafqazın lideridir. Hazırda Cənubi Qafqazdakı valyuta ehtiyatlarının 80 faizi Azərbaycanın payına düşür.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasının təməlini elə qoymuşdur ki, bu strategiya uzun illər elmi-texniki tərəqqiyə söykənən dayanıqlı, sabit inkişafa malik intensiv iqtisadiyyat kimi ön mövqedə dayanacaqdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının kompleks inkişafı ilə əlaqədar həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə, yaradıcı­lıqla davam etdirilməkdədir. Bu bir həqiqətdir ki, bu gün də respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar qarşıda mühüm vəzifələr durur. Məhz bu vəzifələr də ulu öndərin işləyib hazırladığı və həyata keçirdiyi iqtisadi siyasət strategiyasına söykənir.
Qeyd etdiyimiz üçüncü – müasir dövr ulu öndər tərəfindən hazırlanmış iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi dövrüdür.
Məhsuldar qüvvələrin yerləşdirilməsi və ərazi istehsal komplekslərinin formalaşması problemləri ilə məşğul olan iqtisadçılar çox gözəl bilirlər ki, ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları (2004-2008 və 2009-2013-cü illər), ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərini müəyyən etmişdir.
İqtisadiyyatın müasir inkişafı, birinci növbədə, tarazlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsi, ekoloji-iqtisadi tələbatlar və mənafelərin düzgün əlaqələndirilməsi ilə mümkündür. Bu isə Azərbaycanda həllini tapmış məsələlər sırasındadır.
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı iqtisadiyyatın ərazi və sahə strukturunun təkmilləşdirilməsi problemləri, neft strategiyası, ölkə Prezidentinin həyata keçirdiyi regionların sosial-iqtisadi inkişaf konsepsiyası tarazlı inkişaf konsepsiyasına keçidi təmin etmişdir.
Respublikamızın iqtisadi rayonlarında məhsuldar qüvvələrin kompleks inkişafını ətraflı təhlil edərkən Naxçıvan Muxtar Respublikasında qısa müddətdə təbii ehtiyatlardan səmərəli istifadə edilməsində, istehsalla istehlak arasında proporsionallığın (mütənasibliyin) təmin olunmasında əhalinin həyatı üçün ən vacib dəyişik­likləri minnətdarlıq hissi ilə qeyd etmək lazımdır.
Müasir şəraitdə Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Bu intibah sənaye komplekslərinin yaradılmasında (yeyinti, yüngül, maşınqayırma, tikinti materialları), muxtar respublikanın bütün yaşayış məntəqələrində tikinti-abadlıq işlərinin geniş miqyasda vüsət almasında özünü göstərir.
Muxtar respublika iqtisadiyyatının müasir inkişaf səviyyəsinin təhlili göstərir ki, bazar iqtisadiyyatının bütün parametrlərinin həyata keçirilməsi istiqamətində iqtisadiyyatın gələcək inkişafının təməli qoyulur.
Bütün bunlar Heydər Əliyev siyasətinin ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Akif MƏDƏTOV
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR