22 Dekabr 2024, Bazar

Bəs bu ünvanlarda fəaliyyət göstərən təşkilatlar öz işlərini necə qurublar?

Son illərdə muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində kənd mərkəzlərinin inşa olunması əhali tərəfindən razılıqla qarşılanmışdır. Bütün bunlar isə təsadüfi deyildir. Əvvəllər kəndlərdə fəaliyyət göstərən ayrı-ayrı qurumlar kəndin müxtəlif yerlərində, köhnə, uyğunlaşdırılmış binalarda yerləşirdi. Xüsusən də iri yaşayış məntəqələrində çətinliklər yaranırdı, əhali müəyyən yerli məsələlərin həlli üçün xeyli vaxt sərf edirdi. Amma indi bütün təşkilatların hamısı bir mərkəzdə yerləşdirilir, əhaliyə nümunəvi xidmət göstərmək üçün lazımi şərait yaradılır. Yaradılan şərait isə imkan verir ki, kənd sakinləri öz vaxtlarını problemlərinin həlli məqsədilə rayon mərkəzinə getmək əvəzinə təsərrüfatlarına, ailələrinə sərf etsinlər. Ancaq təəssüf ki, bəzi kənd mərkəzlərində fəaliyyət göstərən təşkilatlar yaradılmış şəraitə əməli işlə cavab vermir, onlar öz vəzifə borclarına vicdanla yanaşmırlar. Bəzi kənd mərkəzlərində çalışanların çoxunun yerində olmamaları dediklərimizi sübuta yetirir. Yerində olan bəzi təşkilatlar isə, sadəcə, formal tədbirlər planı hazırlayaraq işlərini bitmiş hesab edirlər.

Konkret faktlara müraciət edək. Şərur rayonunun Danyeri Kənd Mərkəzində kitabxanadan və kənd inzibati ərazi dairəsi üzrə nümayəndədən başqa, heç bir otağın qapısı açıq deyildi. Kitabxanaçının qulaqcıq qulağında nə işlə məşğul olduğu bizə aydın olmadı. 

Bu vəziyyəti təkcə Danyeri kəndində deyil, rayonun digər yaşayış məntəqələrində də gördük. Hətta müşahidə apardığımız həmin kəndlərdə vəziyyətin daha acınacaqlı olduğu üzə çıxdı. Aşağı Daşarx kəndində gözlənilməz mənzərə ilə qarşılaşdıq. Mərkəzin bütün qadın işçiləri bir yerə toplaşıb çay süfrəsi arxasında, necə deyərlər, vaxtlarını keçirirlər. Kitabxananın fəaliyyəti ilə tanış olmaq istədik. Qapısı bağlı idi. Qadın əməkdaşlar qışqırıq salaraq bildirdilər ki, bəs içəridə adam var, amma... Məlum oldu ki, sən demə, kitabxanaçı içəridə yatıb. Yəqin, bizim səsimizə o, qapını açaraq yuxulu şəkildə iş yoldaşlarına əsəbiləşdi ki, məni niyə oyatdınız? Bu anda yadımıza Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” satirik şeri düşdü:

                    Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
                    Yatmışları razı deyiləm, kimsə oyatsın...

Şərurun Zeyvə Kənd Mərkəzində isə inzibati ərazi dairəsi üzrə nümayəndəni və müavinini burada görsək də, mərkəzdə fəaliyyət göstərən digər təşkilatların işçilərinin harada olduğu barədə məlumat ala bilmədik. Bu, məsələnin bir tərəfi. Kənd mərkəzinin səliqə-sahmanı isə, demək olar ki, yerində deyil. Binanın tanıtma lövhəsinin üz qabığı soyulub, pəncərələr isə çat-çatdır. Öz iş yerini bu gündə saxlayan icra nümayəndəsi kəndə necə rəhbərlik edir görəsən?
Müşahidə apardıqca daha da xoşagəlməz hallarla rastlaşırdıq. Cəlilkənd Kənd Mərkəzində isə qapı açıq olsa da, heç kimi tapa bilmədik.
Bir gün sonra üz tutduq Babək rayonunun Məmmədrzadizə Kənd Mərkəzinə. Bu yaraşıqlı binada bizi qarşılamağa bir nəfər də tapılmadı. Onu da qeyd edək ki, mərkəzə gəldiyimiz vaxt nə nahar vaxtı, nə də istirahət günü idi.
Düşündük ki, yaxınlıqdakı kənd­lərdə müşahidə apardıqdan sonra yenidən bura qayıdarıq.
Kərimbəyli Kənd Mərkəzində kitabxananın qapısı bağlıdır. Zeynəddin kəndində inzibati ərazi dairəsi üzrə nümayəndə mərkəzin həyətində idi. Mərkəzə daxil olduq, burada da bütün qapıları bağlı gördük. İşçilərin yerində olmamasının səbəbini isə o, açıqlaya bilmədi. Bu hal ondan irəli gəlir ki, icra nümayəndəsi öz fəaliyyətini düzgün qura bilməyib. Ona görə burada da nizam-intizam barədə danışmağa dəyməz. Biz yenidən Məmmədrzadizə kəndinə qayıdırıq. Yenə həmin vəziyyətlə qarşılaşırıq. Mərkəzdən çıxandan sonra yolda kitabxana və mədəniyyət işçiləri ilə rastlaşdıq. Onlar rayon mərkəzində keçirilən tədbirdən gəldiklərini bildirdilər. Kitabxana və mədəniyyət işçilərinin vəzifə borcu haqqında məlumatı olanlar yaxşı bilirlər ki, hər hansı bir tədbir və ya ezamiyyət həmin müəssisələrin qapılarının bağlı qalmasına əsas vermir. Çünki kitabxanaya oxucu gələ bilər; həm kitabxananın, həm də mədəniyyət evinin gündəlik iş planları var. Əgər həmin mədəniyyət müəssisələrində heç kim yoxdursa, iş planlarında həmin gün üçün nəzərdə tutulmuş tədbirlər nə zaman həyata keçirilir?
Kəngərli rayonunun Yeni Kərki Kənd Mərkəzində icra nümayəndəsindən və mədəniyyət evinin direktorundan başqa, heç kimi tapa bilmədik. Mərkəzdə yerləşən digər qurumların qapısı bağlı idi. Mədəniyyət evinin direktoru ilə keçirilən tədbirlər haqqında həmsöhbət olduq. Pəri xanım konkret olaraq burada heç bir tədbirin keçirilmədiyini bildirdi. Soruşduq ki, bu il hansı əlamətdar hadisələr qeyd ediləcək? Cavabı həm gülməli, həm də acınacaqlıdır: Yeni il. Deyəsən Pəri xanım hələ yeni il havasını başından ata bilməyib.
Şahtaxtı Kənd Mərkəzində öncə kitabxanaya baş çəkdik. Kitabxanada bir oxucu var idi. Kitabxananın müdiri Simuzər Qasım­ovadan bu vətəndaşın oxucu biletini göstərməsini xahiş etdik. Məlum oldu ki, onun oxucu bileti yoxdur. Eşidiblər ki, jurnalist araşdırma aparır, bir kənd sakinini tez oxucu kimi kitabxanaya gətiriblər. Kitabxanaçının tədbirlər planı yerində idi. Protokollarda yazılan savadsız və yerinə düşməyən cümlələr tədbirlərin formal xarakter daşıdığını açıq-aydın göstərirdi. Bu sözləri mədəniyyət evinə də aid etmək olar.
Kənd mərkəzinin binasında yerləşən rabitə evinin qapısı bağlıdır. Yəni kiminsə buraya işi düşsə, burada bir əməkdaşı tapa bilməyəcək. Maraqlıdır ki, inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Qazıbəyovun sanki mərkəzdən xəbəri yoxdur. Baytar həkiminin sahələrdə olduğunu deyir. Baytar həkimlə telefon əlaqəsi saxladıq. O, evdə olduğunu bildirdi. Bu da onu göstərir ki, icra nümayəndəsi ya bizə yalan deyir, ya da baytar onu aldadıb. Deməli, kənd mərkəzində əmək intizamına riayət edilmir. İcra nümayəndəsi isə bu vəziyyətə göz yumur. Xatırladaq ki, kənd mərkəzlərinin açılışlarında qarşıya qoyulan vəzifələrdən biri də bu obyektlərdə fəaliyyət göstərən qurumların bir-biri ilə əlaqəli şəkildə işləməsidir.
Qabıllı Kənd Mərkəzindəki qurumların qadın işçilərini tibb məntəqəsində tapmaq olar. Bir qədər sonra əməkdaşlar tibb məntəqəsindən çıxaraq öz otaqlarına gəldilər. Öyrəndik ki, kitabxana müdirinin mart ayı üçün iş planı yoxdur. Belə olan halda, təbii ki, heç bir tədbir keçirilməyib. Bundan əvvəlki ay, yəni fevral ayı üçün tutulmuş aylıq iş planı isə təsdiq olunmayıb. Mədəniyyət evinin iş planı yerində olsa da, səthi xarakter daşıyır. Burada hansısa tədbirin keçirilməsindən danışmağa dəyməz.
Culfa rayonunun Ərəzin, Əbrəqunus, Göydərə kəndlərində Babək, Şərur rayonlarından fərqli olaraq vəziyyət o qədər də pis deyildi. Ancaq onu da hiss etmək çətin deyildi ki, mərkəzlərdə hər şey iş görmək xatirinə təşkil olunub. Yaşlı adamlar deyirlər ki, 20-25 il bundan əvvəl belə müəssisələrdə işləyənlər şəraiti olmayan bir binada dərnək yaradır, əhalinin asudə vaxtının səmərəli keçməsinə çalışırdılar.
Göydərə Kənd Mərkəzində bizi aldatmağa çalışdılar. Mədəniyyət evinin direktoru Vəli Əliyev xadiməni və başqa sahədə çalışan bir qadını bizə mədəniyyət evinin işçisi kimi təqdim etsə də, onun baş tutmayan yalanı tez üzə çıxdı. Milax Kənd Mərkəzində isə, yəqin ki, bizim gələcəyimizdən xəbər tutduqları üçün hamı yerində idi. Kitabxanaçı bütün tədbirlərin keçirildiyini qeyd etdi. Həmin tədbirləri rayon qəzetində işıqlandırırsınızmı? – deyə sual verdik. Cavabı çox maraqlı oldu: “Kitabxana rayon qəzetini almır”.
Müşahidələr apardığımız kəndlərdə fəaliyyət göstərən təşkilatlarda bir durğunluq hökm sürdüyünü gördük. Bunun səbəblərini araşdırarkən aydın olur ki, başlıca səbəb belə müəssisələrdə vəzifə borcuna məsuliyyətsizlik və biganəliklə yanaşılmasıdır. Belə vəziyyətin yaranmasında əsas səbəblərdən biri də aidiyyəti yuxarı təşkilatların tabeliklərində olan qurumların işinə nəzarətin başlı-başına buraxılmasıdır.
Bu il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “İnsanların intellektual səviyyəsinin artırılması, təhlil aparmaq qabiliyyətinin formalaşdırılması üçün hər zaman ehtiyac duyduğu vasitələrdən biri olan kitab oxumaq və mütaliə mədəniyyətini artırmağın ən sadə yolu kitabxanaların xidmətindən istifadədir. Buna görə də kitabxana işi günün tələbləri səviyyəsində təşkil olunmalı, kitabxanalara oxucu cəlbinin yeni metod və vasitələrindən istifadə edilməlidir. Mədəniyyət müəssisələri folklorumuzun, bütövlükdə, milli dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində səylərini artırmalıdırlar”.

Kəndlərdə nəsə iş görülməlidir ki, sonra böyük kollektivlərdə nəticə versin. Kənd klubundan mədəni-kütləvi tədbirləri, kitabların müzakirəsini və digər tədbirləri keçirmək üçün istifadə etmək lazımdır. Onlardan nə dərəcədə çox istifadə olunarsa, kənddə inkişaf, mədəniyyət bir o qədər də yüksək olar. Ümumiyyətlə, bəzi kənd mərkəzlərində dövlətimizin qanunlarının izahı zəifdir, kənd mərkəzlərində fəaliyyət göstərən təşkilatların işinin canlanması üçün tədbirlər görülmür.
Onu da nəzərə çatdıraq ki, müşahidələrimizlə bağlı kimsə hansısa şübhəli məqam düşünürsə, bizə müraciət etsin. Olduğumuz ünvanlarda müşahidə etdiklərimizi və söhbətlərimizi tutarlı dəlillərlə təqdim etməyə hazırıq.

Hörmətli oxucular, növbəti araşdırmalarımızı Şahbuz, Sədərək və Ordubad rayonlarında davam etdirəcəyik.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR