22 Dekabr 2024, Bazar

XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqutu ilə beynəlxalq siyasi vəziyyət daha da mürəkkəbləşmiş və çoxcəhətli olmuşdur. Elə müstəqilliyimizin ötən 21 ilində keçid dövrünün mahiyyətini müəyyən edən sosial, iqtisadi və siyasi proseslər də bu gerçəklikdə öz əksini tapır. 70 illik bir dövr ərzində ikiqütblü dünyanın iki əsas güc mərkəzindən biri olmuş SSRİ-nin süqutu ilə beynəlxalq münasibətlər sistemi həm tərkibinə, həm də xarakterinə görə dəyişmişdir. İlk dövrlərdə siyasi nəzəriyyəçilər tərəfindən dünyada ABŞ-ın şəriksiz liderliyi və təkqütblü dünya nəzəriyyəsi irəli sürülsə də, tarixi gedişat göstərdi ki, dünya təkqütblü deyil, çoxqütblü sistemin formalaşmasına doğru gedir. Həm də bu beynəlxalq sistemin qütblərində yalnız dövlətlər deyil, bir sıra digər yeni subyektlər – hökumətlərarası beynəlxalq və qeyri-hökumət təşkilatları, hətta transmilli korporasiyalar da durur. Bir çox hallarda isə qütblərarası mübarizənin taleyinin müəyyənləşməsində müxtəlif iqtisadi və siyasi rıçaqları əlində cəmləşdirmiş bu tip yeni subyektlər mühüm rol oynayırlar.
Azərbaycanın müstəqillik dövrü xarici siyasət xəttinə nəzər saldığımız zaman 3 mərhələni müşahidə etmək mümkündür. Birinci mərhələ suverenliyini və müstəqilliyini elan etməsinə baxmayaraq, hələ də SSRİ-nin və onun varisi olan Rusiyanın təsirindən çıxa bilməyən Azərbaycanın yeni şəraitdə məhdud xarici əlaqələri ilə xarakterizə edilə bilər. 1992-1993-cü illərin ortalarına qədər olan dövrü əhatə edən ikinci mərhələ isə birmənalı şəkildə Qərbmeyilli siyasət yürütmək cəhdləri, regionun iri gücləri ilə münasibətlərin gözardı edilməsi şəraitində milli dövlətçiliyin ciddi təhlükələr girdabına sürüklənməsi ilə xarakterizə olunur. Bu dövrdə vüsət alan digər bir tendensiya – xarici siyasətin yalnız etnik və dini təəssübkeşlik üzərində qurulması da o dövrdəki Azərbaycan hökumətinin zamanın sınağından çıxa bilməməsinin əsas səbəblərindən biri olmuşdur. İlk iki dövrdə yürüdülən xarici siyasət xəttinin heç birinin mahiyyətcə özünü doğrultmaması bir tərəfdən dünyada və regionda yaranmış ağır və qarışıq geosiyasi durumla bağlı idisə, digər tərəfdən xarici siyasət xəttinin müəyyənləşdirilməsi ilə bağlı təcrübəsizlikdən, bir çox hallarda avantürizmdən irəli gəlirdi. Bu isə müstəqil Azərbaycan Respublikasının taleyini sual altında qoyurdu.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə xarici siyasətdə yeni bir mərhələ başlanmışdır. Bu mərhələ dünyanın geosiyasi güclərinin strateji və iqtisadi maraqlarının kəsişdiyi regionda yerləşən Azərbaycanın xilası mərhələsi idi. Ulu öndər Heydər Əliyev dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulmasını prioritet istiqamət kimi irəli sürərək regionda yerləşən iri güc mərkəzləri ilə münasibətləri yaxşılaşdırmış, eyni zamanda Azərbaycanın Qərb dövlətləri (ABŞ və Avropa dövlətləri) ilə inkişaf edən əlaqələrinin daha praqmatik xarakter almasını təmin etmişdir. 
Hələ 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində ümummilli lider Heydər Əliyev xarici siyasətin məhz bu prinsiplərə əsaslanacağına işarə edərək deyirdi: “...respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. ...Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.
Xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq xarici dövlətlərlə əlaqələr tərəflərin mənafelərinin tarazlığı, qarşılıqlı təminatı üzərində qurulmuşdur. Sovet İttifaqının dağılmasından sonra Qafqaz uğrunda yenidən nüfuz mübarizəsinə qoşulmuş Avropa ölkələri və ABŞ-la, postsovet ölkələri ilə, o cümlədən tezliklə keçmiş nüfuzunu özünə qaytarmaq niyyətində olan Rusiya, Qərblə açıq qarşıdurma şəraitində olan İran, müsəlman dünyası, türkdilli dövlətlər və Türkiyə, yeni dünya liderliyinə iddialı olan Çin, Yaponiya kimi ölkələrlə əlaqələrin normal məcraya yönəldilməsi məqsədilə xarici əlaqələrin prioritetləri müəyyənləşdirilmişdir. Balanslaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi yeni qurulmaqda olan Azərbaycan dövlətinin güclənməsi, siyasi, iqtisadi və hərbi gücünü bərpa etməsi üçün ən ideal yol idi. Məlumdur ki, iqtisadi müstəqilliyi təmin etmədən, hərbi qüdrətə sahib olmadan siyasi müstəqilliyin uzunmüddətli qorunub saxlanılması qeyri-mümkündür. Təsadüfi deyildir ki, xarici siyasətdə Azərbaycandan fərqli yol seçən digər iki Cənubi Qafqaz ölkəsinin siyasi, iqtisadi və hərbi müstəqilliyi birbaşa olaraq fövqəlgüclərin mövqeyi ilə bağlıdır. Azərbaycan isə regionda maraqları toqquşan tərəflər arasında orta mövqeyi tutmaqla geosiyasi tarazlığın tənzimləyicisi rolunda çıxış etməyə başladı. Məhz bunu nəzərə alan bir çox tədqiqatçılar qeyd edirlər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin praktik nəzəri baxışları nəinki Azərbaycanın, o cümlədən Qafqazın və Avropanın təhlükəsizlik konsepsiyasının təşəkkülündə böyük rol oynamışdır.
Balanslaşdırma siyasətinin ilk konturları artıq tarixi Əsrin müqaviləsi neft kontraktının imzalanması zamanı göründü. Əsrin müqaviləsi ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələlərinin xüsusilə ağır keçməsi də məhz bu siyasətlə birbaşa bağlı idi. Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə fövqəladə əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın milli maraqlarını əsas götürməklə müxtəlif tərəflərin Azərbaycandakı maraqlarını da müəyyən mənada balanslaşdırmışdır. Əsrin müqaviləsini dünyanın 8 ölkəsinin, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Rusiyanın, Türkiyənin 13 ən məşhur neft şirkəti imzalamışdır.
Bununla ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün tarixən formalaşmış xarici siyasi, iqtisadi və mədəni əlaqələrdən birbaşa imtina edilməsi kimi məhdud baxışlara əsaslanan xarici siyasətə son qoymuşdur. Əksinə, bu əlaqələrdən Azərbaycanın mənafeləri naminə səmərəli istifadə etməklə, region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərti ilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilməyə başlanmışdır.
Əvvəlki xarici siyasət xəttinin ən təhlükəli məqamlarından biri olan Rusiya ilə birmənalı qarşıdurma mövqeyi dəyişdirilərək əlaqələr müsbət istiqamətdə inkişaf etdirilmişdir. 1993-cü ilin sentyabrında ümummilli lider Heydər Əliyev Rusiyaya səfər etmişdir. Moskvada Rusiya Prezidenti və digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, sentyabr ayının 24-də isə Azərbaycan MDB-yə daxil olmuşdur.
1997-ci il iyul ayının 3-də isə ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd – Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalanmışdır. 2001-ci ilin yanvar ayında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına səbəb olmuşdur. İkitərəfli əlaqələrlə bağlı Bakı Bəyannaməsi imzalanmışdır. 2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra İran və Türkiyə ilə də sıx qarşılıqlı münasibətlər formalaşdırılmışdır. 1993-cü ilin oktyabrında İran İslam Respublikası Prezidentinin Azərbaycana, 1994-cü ilin iyun-iyul aylarında isə Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasına yüksəksəviyyəli səfərləri İranın müstəqil Azərbaycan Respublikasının tutduğu mövqe ilə bağlı nigarançılıqlarına əsasən son qoymuşdur. Türkiyə ilə əlaqələr isə ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.
Azərbaycanın xarici siyasət pri­oritetlərindən biri kimi Qərb ölkələrinin təmsil olunduğu Avropa Birliyi sisteminə və qlobal dünya siyasəti məkanı hesab edilən avroatlantik məkana inteqrasiyanın da əsası qoyulmuşdur. Qurulan düzgün ikitərəfli və çoxtərəfli münasibətlərin nəticəsi olaraq, Avropa ölkələri və ABŞ-ın imkanlarından səmərəli istifadə edilməklə ölkənin daxili iqtisadi, sosial və digər strukturlarında islahatlara başlanılmışdır.
Ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsilə yanaşı, bеynəlхаlq və rеgiоnаl təşkilаtlаr çərçivəsində əməkdaşlıq məsələləri də diqqətdə saxlanılmışdır. BMT, Avropa Birliyi, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı çərçivəsində qurulan əlaqələr ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra xarici ölkələr və beynəlxalq təşkilatlarla əlaqələr normallaşdırıldıqca Azərbaycan Respublikasına, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı yaradılmış informasiya blokadasının yarılması məqsədi ilə də ciddi addımlar atılmışdır. Dağlıq Qarabağ probleminə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, Azərbaycanın böyük bir ərazisinin Ermənistan tərəfindən blokadada saxlanılması gerçəklikləri də nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır.
Ümummilli liderin müəyyən etdiyi xarici siyasətdə qonşu dövlətlərlə ticarət əlaqələrinin liberallaşdırılması diqqət mərkəzində saxlanılan məsələlərdən idi. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” 17 dekabr 1996-cı il tarixli Fərmanına əsasən, 1997-ci il fevral ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında Fərman imzalanmışdır. Fərman xarici ticarətin liberallaşdırılması, xarici ticarətdə rezidentlər üçün daha əlverişli şəraitin yaradılması məqsədi daşıyırdı. Fərmanların imzalandığı tarixdən sonrakı dövrdə muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi sürətlə artmışdır.
Naxçıvan Muxtar Respublikası müstəqilliyimizin ilk illərində olduğu kimi, 1993-cü ildən sonrakı dövrdə də qardaş Türkiyə Cümhuriyyəti ilə sıx iqtisadi, mədəni əlaqələrə malik olmuşdur. Əsası ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən qoyulan xarici siyasətdə Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı əməkdaşlıq xətti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğrula davam və inkişaf etdirilir.
Ulu öndər Heydər Əliyevin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən İran rəsmiləri ilə qurduğu xoşməramlı əlaqələr öz bəhrəsini vermişdir. 8 mart 1993-cü il tarixdən Naxçıvanda fəaliyyətə başlayan İran İslam Respublikasının Baş Konsulluğu ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynamışdır. Sonrakı mərhələdə də İranla, o cümlədən İranın həmsərhəd vilayətləri ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf etdirilmişdir.
Beləliklə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən balans­laşdırılmış xarici siyasət xətti müstəqil dövlətimizin regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə layiqincə təmsil olunmasına, milli mənafelərin praqmatik şəkildə müdafiəsinə imkan yaratmışdır. Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən bu siyasət Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun lider dövləti statusuna yüksəlməsinə səbəb olmuşdur. Azərbaycan dünyanın ayrı-ayrı qitələrində yerləşən müxtəlif inkişaf səviyyəsində olan ölkələrlə əlaqələrini inkişaf etdirməkdədir. Təsadüfi deyildir ki, 2011-ci il ok­tyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə ölkəmiz BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq bu quruma üzv seçilmişdir. Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla bərabər, ölkəmizin dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT TŞ-yə üzv seçilən ilk ölkədir. İndi Azərbaycan bəşəriyyətin taleyi ilə bağlı məsələlərin həll olunduğu bütün tədbirlərdə iştirak edir və bu iştirak müşahidə deyil, aktiv iştirak xarakteri daşıyır.

Bunun səbəbini isə Azərbaycan Prezidenti cənab İlham Əliyev belə xarakterizə etmişdir: “Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir... Bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu münasibətlər yeganə mümkün olan münasibətlərdir. Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, bütün ölkələrlə münasibətlərimiz bax bu müstəvidə qurulubdur”.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR