Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində dünən Naxçıvan Dövlət Universitetinə də gəlmişdir. Koreyalı diplomat universitetin magistratura üzrə dekanlığının tədris binasında, Media Mərkəzində, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində, buradakı informasiya və kommunikasiya vasitələri ilə təchiz olunmuş linqvistika auditoriyalarında, Diplomatiya kabinəsində olmuşdur. Səfir Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə yaxından tanış olmuş, universitetdə təhsil alan koreyalı tələbələrlə görüşmüşdür. Məlumat verilmişdir ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanmışdır. Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistrantı, Cənubi Koreya vətəndaşı, ilk “Koreyaca-azərbaycanca danışıq kitabçası”nın müəllifi Canq Second tədris edir.
Koreyalı diplomatla keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ali məktəbin inkişaf yolu, strukturu və genişlənməkdə olan beynəlxalq əlaqələrindən danışmışdır. Rektor Koreyanın ali təhsil ocaqları ilə əlaqələrin inkişafının Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, dünyanın 70-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali təhsil ocağı Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə də əməkdaşlığa malikdir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi ilə bağlı ilkin razılaşma protokolu imzalanmışdır. Hazırda universitetdə biri doktorant olmaqla, 8 nəfər koreyalı tələbə təhsil almaqdadır.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ölkələrarası münasibətlərin inkişafından, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindan danışmışdır. Koreyanın diplomatik təmsilçisi Naxçıvan Dövlət Universitetində koreyalı tələbələrin ali təhsil alması və Koreya dilinin azərbaycanlı tələbələr arasında tədrisi üçün yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir. Bildirilmişdir ki, səfirlik əlaqələrin davamlı inkişafı üçün öz köməkliyini əsirgəməyəcək.
Tədbirdə gələcək əməkdaşlıq məsələləri, eləcə də tələbə mübadiləsinin, müştərək videokonfransların, elmi nəşrlərin həyata keçirilməsi ilə bağlı təkliflər müzakirə olunmuşdur.
Mehriban SULTAN