Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələri ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan İttifaq respublikaları arasında ən yüksək pilləyə yüksəlmişdir. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ulu öndərimiz tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.
Bu gün ümummilli liderin ideyaları ardıcıl olaraq həyata keçirilir, müəyyənləşdirdiyi və ölkəmizin gələcəyi üçün vacib olan strategiya ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin arzularının reallaşması, ölkəmizin daha da qüdrətlənməsi üçün yüksək təşkilatçılıq qabiliyyəti və siyasi fəallıq nümayiş etdirən ölkə başçısının yorulmaz fəaliyyətinin nəticəsidir ki, müstəqil dövlətimiz, onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız gündən-günə qüdrətlənir, tərəqqiyə qovuşur. Xalqımız inanır və tam əmindir ki, Heydər Əliyev siyasəti Azərbaycanı daha uca zirvələrə yüksəldəcəkdir.
Tədbirdə partiya fəallarından Elvin Məmmədov, Könül İsmayılova və başqaları çıxış etmişlər.
Xəbərlər şöbəsi