Şəxsiyyətlər həm də tarix yaratmaqları ilə dahiləşirlər. Xalqımızın böyük oğlu Heydər Əliyev müasir Azərbaycan tarixini yaradan dahi rəhbərdir. Bəşər tarixinə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafında, bütün sivilizasiyaların meydana gəlməsində şəxsiyyətlər böyük rol oynayırlar. Bu şəxsiyyətlərin ideyaları ümummilli mənafeyə xidmət edir və bu, onların həyat amalına çevrilir. Ulu Tanrının xalqımıza bəxş etdiyi görkəmli dövlət xadimi Heydər Əliyev bu keyfiyyətləri özündə ən ali şəkildə ehtiva edən fenomenal şəxsiyyətdir. Ulu öndər xalqımızın azadlıq və müstəqil dövlət qurmaq arzusunu məcrasına yönəltməklə Azərbaycanı müstəqil dövlət kimi tanıtmışdır.
Dahi rəhbər tarixin gedişatına hökm edərək daim xalqının rifahını düşünmüş, onun dünya xalqları içərisində zəngin mədəniyyəti, qədim tarixi ilə tanınmasına çalışmış və böyük uzaqgörənliklə bu ali missiyanın reallaşmasına nail olmuşdur. Məhz bu şərəfli missiyanın Sovet hakimiyyəti illərində, ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilməsi xalqımızın gələcək müstəqilliyinə möhkəm zəmin yaratmışdır. Buna görə görkəmli dövlət xadimi Heydər Əliyev müasir tariximizə azərbaycanlıların ümummilli lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlayan dahi rəhbər kimi daxil olmuş, hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədi abidə ucaltmışdır.
Ruhunda Vətən, xalq sevgisi çağlayan dahi rəhbər Heydər Əliyev siyasi fəaliyyəti ilə bərabər, milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, daim gələcək müstəqilliyimizi düşünmüşdür. Məhz xalqın sahib olduğu dəyərləri özünə qazandırmaqla milli azadlıq şüurunu bərpa etmək olar. Ulu öndər müdrikliklə bu incə məqamı duyaraq hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən milli mənafeyi müdafiə edən gənclər ordusu formalaşdırmışdır.
Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında, beynəlxalq əlaqələrin inkişafında əsaslı dönüş yaranmışdır. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyası, bütövlükdə, xalqımızın və dövlətimizin inkişafına xidmət etmişdir. Dahi rəhbər dünyanın ən nüfuzlu liderləri, o cümlədən enerji şirkətlərinin rəhbərləri ilə gərgin danışıqlar apararaq Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün beynəlxalq müqavilələrin imzalanmasına nail olmuşdur. Nəticədə, ölkəmizin davamlı və dayanıqlı inkişafı təmin edilmişdir. Bütün bunlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə gətirib çıxarmışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya nəticəsində Azərbaycan öz müstəqil siyasəti olan dövlətə çevrilmişdir. Nəticə etibarı ilə, ölkəmiz dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının etibarını qazanmışdır. Məhz bu etibar və etimadın nəticəsidir ki, Azərbaycan müxtəlif sahələr üzrə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Bu, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, mədəni və elmi həyatında da müşahidə olunmaqdadır.
Bütün dahi şəxsiyyətlər bəşəriyyət qarşısında göstərdikləri xidmətlər və gördüyü işlərlə əbədiyyət qazanır, ölməzliyə qovuşurlar. Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahi rəhbər kimi yaşayır. O həm də möhkəm bir dövlət qurmağın və bu dövlətin əbədi olaraq yaşamasının yollarını bizə miras qoymuşdur. Xalq haqlı olaraq bunu Heydər Əliyev məktəbi adlandırır. Bu, elə bir məktəbdir ki, bizim hər birimiz ondan bəhrələnirik. Ulu öndərin bütün həyatı biz gənclər üçün örnək olmaqla bərabər, həm də bizim gələcəyimizə işıq saçacaq dəyərli bir xəzinədir. Zaman ötdükcə bu xəzinənin inciləri xalqımızın xoş sabahına işıq salır, onu qələbədən-qələbəyə səsləyir.
Anar MƏSUMOV
Ordubad şəhər M.Füzuli adına
tam orta internat məktəbinin X sinif şagirdi