22 Dekabr 2024, Bazar

Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də mühüm tarixi nailiyyət olan dövlət müstəqil­li­yi­nin qazanılmasından böyük hadisə yoxdur. Müstəqil dövlətçilik çoxəsrlik Azər­baycan tarixinin ən böyük hadisəsidir. XX əsrin əvvəllərində Azərbay­can­da qazanılmış birinci dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının ta­ri­­xində dönüş mərhələsi yaratmışdı. Lakin Azər­bay­can Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstə­qil­li­yin qorunub saxlanması və möhkəmləndiril­mə­­si­nin onu qazanmaqdan da zəruri olması faktını meydana qoymuşdu.

        Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Məhz ulu öndər Heydər Əliyevin böyük dühasının, dəmir siyasi iradəsinin, dövlətçilik qüdrətinin sayəsində Azərbaycan xalqı XX əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bildi və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etdi. Ona görə də Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqilliyi ideyasının yaradıcısı, müstəqil dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəridir. Azərbaycana rəhbərliyinin birinci dövründə böyük gələcək ümidi ilə milli dövlətçilik naminə həyata keçirilən siyasi-ideoloji, tarixi-mədəni hadisələr ölkəmizin müstəqil dövlətçiliyinin möhkəm əsaslarını, mühüm təməllərini təşkil edirdi.

Bu mənada Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin etibarlı bünövrəsini yaratmışdır. O, hələ keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. Sovetlər ölkəsi ilə münasibətləri tərs gələn milli istiqlalçıların – Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun, Xalq yazıçısı Mirzə İbrahimovun, böyük vətəndaş-alim Abbas Zamanovun, xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının böyük dayağı ölkə rəhbəri Heydər Əliyev olmuşdu. İndi Azərbaycan Respublikasının keçən əsrin yetmiş-səksəninci illərində baş verən əsas siyasi-iqtisadi, elmi-mədəni hadisələri yenidən təhlil edilərkən görünən və görünməyən bütün proseslərin alt qatında, fəlsəfəsində, mahiyyətində millilik amilinin, müstəqillik düşüncəsinin, milli dövlətçilik təfəkkürünün varlığını, mövcudluğunu çox aydınlıqla görmək olar. Lakin ən böyük dahilik çətin ideoloji məhdudiyyətlər mühitində həmin prosesləri yaşayıb-hazırlayıb həyata keçirərkən böyük gələcəyi görmək istedadına malik olmaqdan ibarət idi. Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan liderdir. Bu böyük dövlət xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa sonsuz inam və məhəbbətdən və sınaqlardan çıxmış böyük siyasi təcrübədən yoğrulmuşdur. Heydər Əliyev keçdiyi  çətin və şərəfli yolla Sovetlər İttifaqında beynəlmiləlçi ideologiyanın sərt dövlətçilik prinsipi kimi qəbul edildiyi dövrdə vətənpərvər dövlət xadimi olub, Kremlin zirvəsinə qədər yüksəlməyin mümkünlüyünü isbat etmişdir. Bütün bunlara görə Heydər Əliyev üçün uzaqgörən bir dövlət xadimi olaraq çökmüş sovet ideologiyasından yeni müstəqil dövlətçilik siyasətinə keçmək heç bir çətinlik yarada bilməmişdir. Keçmiş sovet dövlətinin mərkəzdəki və respublikalardakı rəhbərlərinin bir çoxlarının adları dağılmış imperiya ilə birlikdə arxivə getdiyi halda, Heydər Əliyevin portretləri milli azadlıq hərəkatının bayraqları ilə birlikdə meydanlarda yüksəklərə qaldırılırdı. Deməli, Azərbaycanda xalq hərəkatı, milli azadlıq mübarizəsi böyük dövlət xadimi Heydər Əliyevin ideallarından keçib gəlmişdi. Bu mənada Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış gənc respublikaların, demək olar ki, mütləq əksəriyyətinin rəhbərlərindən fərqli olaraq, ulu öndər Heydər Əliyev xüsusi bir “keçid dövrü” yaşamamışdır. Əksinə, Azərbaycan üçün Heydər Əliyev epoxasının birinci mərhələsi sovet sosialist sistemindən müstəqil dövlətçilik erasına keçid dövrü xarakteri daşımışdır. Milli ideologiyanın formalaşdırılması baxımından digər keçmiş sovet respublikalarının müstəqilliyin ilk illərində üzləşdikləri çətinlikləri uzaqgörən dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan xalqı müstəqilliyə qədər yaşamışdı. Ona görə də müstəqillik dövrünün başlanğıcının Heydər Əliyevsiz keçən ilk illərinin yaratdığı mürəkkəbliyə və törətdiyi böyük çətinliklərə baxmayaraq, xalqın tələbi ilə yenidən rəhbərliyə qayıtmış Heydər Əliyevin qüdrətinin işığında Azərbaycanda keçid prosesləri sürətlə getmiş, zaman etibarilə qısa bir müddətdən sonra ölkəmizdə müstəqil dövlət quruculuğu öz təbii, qanunauyğun məcrasına salınmışdır. Məhz buna görədir ki, Azərbaycan müstəqillik qazanmış keçmiş sovet respublikaları ilə müqayisədə milli ideologiya baxımından bir mərhələ qabaqdadır.

            Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın müstəqillik dövrünün də vəzifələrini dönmədən, qətiyyətlə həyata keçirmişdir. Sözün böyük və həqiqi mənasında, möhkəm əsaslara malik olan müstəqil dövlət qurmaq və həmin dövləti dünyaya tanıtmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir. Cəmiyyət həyatında bütün sahələr üzrə dövlət idarəçiliyinin islahatlarını apararaq yenidən qurmaq işinin baş memarı Heydər Əliyev oldu. Məktəb islahatları da, torpaq islahatları da, cəmiyyəti yeniləşdirməyin, möhkəmləndirməyin təməl prinsipləri də Heydər Əliyev tərəfindən qətiyyətlə həyata keçirilmişdir. Heydər Əliyev keçmiş Sovet hakimiyyəti ilə yeni müstəqil dövlətçilik anlayışı arasında elə bir möhkəm sədd yaratdı ki, daha heç kimsədə bir daha geriyə qayıtmağa cürət və cəsarət qalmadı. Uzaqdan-yaxından Azərbaycanı parçalamaq niyyətində olanlar da Heydər Əliyevə dərindən inam bəsləyən və onun ətrafında sıx birləşən xalqın bütünlüyünün qarşısında geri çəkilməyə məcbur oldular. Çox mürəkkəb ictimai-siyasi şəraitdə çevriliş cəhdləri, separatçılıq meyilləri ilə çıxış edən hərbi müxalifətlə demokratik müxalifəti bir-birindən ayıraraq “özgə dəyirmanların daşını fırlatmağa can atanlar”ın “arxlar”ını kəsməklə Heydər Əliyev müstəqil hüquqi dövlətin “çarxı”nın dünyəvi prinsiplər əsasında ahəngdar işləməsini təmin etməyi bacarmışdır. Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövrü Azərbaycanda müstəqil dövlət quruculuğunun laboratoriyası funksiyasını daşımışdır. Bu məsuliyyətli və şərəfli illər Azərbaycan dövlətçiliyinin çətin və zəruri sınaq mərhələsi idi. Ali Məclisin Sədri kimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında qəbul etdiyi tarixi qərarlar o zamankı Azərbaycan rəhbərliyi üçün “yolverilməz hallar” səviyyəsində anlaşılsa da, xalqımız tərəfindən ölkənin gələcəyinə, müstəqilliyin yaşadılacağına böyük ümid kimi qəbul edilmişdi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə vətənpərvər Azərbaycan xalqının arzularının və ümidlərinin dalğasında gəlmişdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanı rəsmi və ya qeyri-rəsmi olaraq tanımamışdan çox qabaq Heydər Əliyevi tanıdıqları üçün qısa müddətdə ölkəni tanımalı oldular və Azərbaycan dünya birliyində öz yerini tuta bildi. Bu mənada möhtəşəm Heydər Əliyev abidəsinin Naxçıvan – pyedestalı, Bakı – böyük baş meydanı, bütövlükdə Azərbaycan isə onun əzəmətli heykəlidir. Heydər Əliyev ölkəmizin bütün hüdudlarını əhatə edən Azərbaycan xəritəsidir. Yaxud da Heydər Əliyev dünya xəritəsində Azərbaycanın nadir kompasıdır. Azərbaycanı tapmaq üçün Heydər Əliyevi tanımaq yetərli idi. Azərbaycançılıq ideologiyası Azərbaycan tarixinə Heydər Əliyev təlimi kimi daxil olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etdirilməsi təliminin də əsasları Heydər Əliyev tərəfindən yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında həmin müstəqil dövlətçilik təlimi dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə yaradıcı şəkildə həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Ölkəmizin Prezidenti İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.

            Prezident İlham Əliyev, sözün həqiqi mənasında, dövlətə rəhbərlik etməyin şərəfini də,     məsuliyyətini də, gərgin zəhmətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda ölkəmizi böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə yanaşı, dövlətin idarə olunmasında ən müasir forma və metodlar uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. Respublikanın iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə bir sırada, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentimizin önə çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtə­şəm körpülər, genişzolaqlı yollar və çoxsaylı  göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın bütün regionlarında aşkar görünən hərtərəfli inkişafın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycanın böyük tərəqqisində İlham Əliyevin Prezidentlik dövrü xüsusi tarixi mərhələ təşkil edir.

            Ölkəmizin Prezidenti İlham Əliyev kamil dövlət xadimi olmaqla bərabər, həm də mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da, o, həmişə nikbin və realist görünür. Nikbinlik, gerçəklik, müdriklik, dərin analitik düşüncə, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntülərdən uzaq olmaq İlham Əliyevin xarakteridir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da Prezident İlham Əliyevi böyük siyasətçi, siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir. Ona bir siyasətçi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimcə, mükəmməl bir siyasi lider kimi İlham Əliyev possovet məkanının sədlərini və miqyasını çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi məkanı səviyyəsində düşünmək və dəyərləndirmək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu. Prezident İlham Əliyev böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir.

            Artıq hər kəsə yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təliminə uyğun olaraq, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı Azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini təşkil edir. İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin olması dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

            Azərbaycan xalqının ümummilli lideri,        görkəmli dövlət xadimi Heydər Əliyevin milli müstəqil dövlətçilik təlimi, sınaqlardan çıxmış bu siyasi kurs Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətinin strategiyasını təşkil edir. Heydər Əliyev siyasi kursu Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarından ibarətdir. Heydər Əliyev təlimi ölkə­mizin və xalqımızın dirçəliş və tərəqqi yolunun uzunmüddətli proqramıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının ölkənin çoxcəhətli inkişafında özünütəsdiqinin dialektikasından ibarətdir. Heydər Əliyev siyasi kursunu bütün fəlsəfəsi ilə, görünən, bilinən və görünməyən cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirməklə Prezidentimiz İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də, mümkün deyildir. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. Böyük siyasi xadim Heydər Əliyevin sağlığında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alan, Kreml mühitində cərəyan edən daxili proseslərdən xəbər tutan, sonralar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Respublika Olimpiya Komitəsinin Prezidenti, millət vəkili, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəyahət, Baş nazir kimi məsul vəzifələrdə şərəfli və məsuliyyətli yol keçməsi, böyük həyat təcrübəsi və zəngin siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danışmaq imkanları əvəzedilməz üstünlüklər və nailiyyətlərdir. Müşahidələr göstərir ki, İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik və siyasət akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevdən aldığı təlimi gerçəkləşdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, ardıcıllıqla və yaradıcılıqla həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və istedada malikdir. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr – Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.

            Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir. Ümummilli       liderimiz Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada İlham Əliyev daim inkişafda olan, yeniləşib zənginləşən Heydər Əliyevçi siyasi təlimin, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısıdır. İlham Əliyev mövcud siyasi kursun inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideri səviyyəsində görkəmli təmsilçisidir. İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır. Məhz İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən böyük siyasətçidir. Azərbaycanın yeni tarixi epoxadakı yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Bakının az qala hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar Prezident İlham    Əliyevin timsalında inanılmış, sınaqlardan çıxmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əliyev dayanır. Bu mənada o, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının rəhbərliyi ilə Ali Məclisin Sədri Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində əhəmiyyətli yer tutur. Müstəqil Azərbaycan Respublikasının tərkibində blokada şəraitində Avropa standartları səviyyəsində yeni Naxçıvanın yaradılması ölkə­mizin və xalqımızın mühüm nailiyyətlərindəndir. Bütün bunlar düşmən sərhədində ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəmləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsinə böyük təminatdır.

            Müstəqil Azərbaycanın yeni həyatının, təzə çağının müəllifi Prezident İlham Əliyev beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini müvəffəqiyyətlə ifadə etməkdə zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir. İlham Əliyev yeni mərhələdə Azərbaycan ölkə­sinin və cəmiyyətimizin müasirləşdirilməsinin və sürətli inkişafının baş memarıdır. Geniş mənada xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.

            Prezident İlham Əliyev yaxın və uzaq gələcəyi, bütün reallıqları incəlik­lə­rinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xa­di­midir. Prezident İlham Əliyevin böyük milli döv­lət­çilik istedadı müstəqil Azərbaycanın saba­hı­na da gur işıq salır. Bütün bunlar isə xalqımızın ulu öndəri,  ümummilli liderimiz Heydər Əliyevin müs­təqil döv­lət­çilik təliminin bəhrələri və əbədiyaşar işıqlarıdır.

İsa HƏBİBBƏYLİ

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR