Tarix kitabımızda qara hərflərlə yazılmış bir neçə səhifə var. Qara hərflərlə yazılsa da, Azərbaycan xalqının məğrurluğunu, qəhrəmanlığını, düşmən qabağında əyilməzliyini... göstərən bu səhifələr son illərdə daha çox vərəqlənir. 70 il sovet dönəmində bu səhifələrdə olan həqiqətlər xalqdan gizli saxlanılıb. Lakin bu həqiqətləri görkəmli şəxsiyyətlərimiz gec də olsa, xalqımıza çatdırmağı bacarıb. Bununla da təhrif edilmiş tariximizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması imkanı qazanmışıq. Belə səhifələrdə rastlaşdığımız qəddarlıqlar, qaniçənliklər və insanlığa yaraşmayan digər mənfi keyfiyyətlər bu gün bəşər övladını düşünməyə sövq etməyə bilməz. Xalqımızın başına gətirilən faciələr barədə saatlarla, günlərlə danışmaq olar. Bu faciələrdən birini 1918-ci ildə qaniçən Andranikin quldur dəstəsi Culfa rayonunun Yaycı kəndinin sakinlərinə yaşadıb. Həmin dövrdə Yaycının 2500-dən artıq sakini qılıncdan keçirilib.
Məlumat üçün bildirək ki, Culfa rayonunun Yaycı kəndi Naxçıvan Muxtar Respublikasının ən böyük yaşayış məntəqələrindən biridir. Arazın sahilində Qızılqaya dağının ətəyində yerləşən bu kənd qədim tarixə malikdir. Doqquzuncu əsrdə yaradıldığı ehtimal olunur. Bu gün 8 minə yaxın sakini olan kənd ermənilərin hücumları vaxtı ən çox qırğınlara məruz qalan yurd yerlərindən biridir. Bunu tarixi faktlar və canlı şahidlərin söylədikləri də təsdiq edir. Yaycı kəndinin ən yaşlı sakinlərindən biri Cəfər Əliyevdir. 1922-ci ildə anadan olub, Andranikin Yaycıya hücumundan 4 il sonra. Atasından, həmkəndliləri Yasəmən nənədən, qonşuları Hacı İbrahimdən, Hidayət Salahovdan və digər o günləri yaşamış yaycılılardan eşitdiyi faciəni danışarkən haldan-hala düşür, gözləri dolur. Həyəcansız dinləmək mümkün olmayan bu söhbətlərin fonunda həmin hadisələri təsəvvürümdə canlandırmağa çalışıram.
Cəfər dayının sözlərinə görə, “Min evli” adlandırılan bu kənddə 1918-ci ildə elə bir ailə olmamışdır ki, faciənin qurbanına çevrilməsin. Hər ailənin bir, iki və daha çox üzvü erməni qaniçənlərindən canlarını qurtara bilməmişdir. Onlarla ailə bütün üzvləri ilə birlikdə evlərində qətlə yetirilmişdir. Yasəmən adlı qadının qolunu kəsmişdilər. O, son illərdə dünyasını dəyişmişdir.
1918-ci ilin iyun ayında baş vermiş bu qanlı hadisə erməni faşistləri tərəfindən törədilən soyqırımı idi. Kəndin əhalisi yarıbayarı azalmışdı. İtkin düşənlər də vardı. Danışırlar ki, kənddə 7 il matəm saxlanılmışdır. Xeyir mərasimləri, şənliklər olmamışdır.
–Yaycılılar çox qorxmaz insanlardır. Düşmən qabağından qaçmağı özlərinə sığışdırmayan yaycılılar həm də təbiətən başqalarına da özləri kimi inanırlar. Elə başlarına gələnlərə də bu inam səbəb olub, – deyə Cəfər Əliyev gözlərini atası Vəli kişinin divardan asılmış şəklinə zilləyir, bir qədər sonra söhbətinə davam edir:
–Ordubad rayonunun qonşu Aza və Darkəndində yaşayan ermənilərin Andranikin planlarından xəbərləri varmış. Həmin ermənilər yaycılıları inandırmağa çalışırlar ki, Andranikin dəstəsi buradan səssiz-səmirsiz keçəcək, sizə heç bir xətər toxundurmayacaq. Və bu yalanla kənd adamlarını aldada bilirlər.
Andranik Ozanyan 5 min nəfərlik qoşunla (onlardan 4000-i piyada, 1000-i isə süvari dəstə idi) Naxçıvan ərazilərinə daxil olur və ilk qəfil zərbəsini Naxçıvan qəzasının iri yaşayış məntəqələrindən olan Yaycıya vurur.
Ermənilər kəndə günorta vaxtı hücum edirlər. Bu, o vaxt idi ki, kəndin kişiləri çöl işləri ilə məşğul idilər. Kimisi ot biçməyə, kimisi əkinlərini suvarmağa, kimisi digər kənd təsərrüfatı işləri görməyə getmişdilər. Kənddə qalanlar yalnız qadınlar, uşaqlar, qocalar və xəstələr idi. Bu inanılmaz gəlişi gözləməyən Yaycıda qan su yerinə axır. Azğınlaşmış quldur dəstələri bir günün içində kəndi yerlə yeksan edir. Evlər qarət olunub yandırılır, qocalar, qadınlar, uşaq və körpələr qılıncdan keçirilir. Yaycılıların bəziləri isə ömrünü Araz çayından o tərəfə keçmək istəyərkən başa vurur.
Cəfər kişi həmkəndlisi, dünyasını dəyişmiş Zəhra İsmayılovanın dediklərini xatırlayır: – O Andranik məlun bizim ailəyə də sağalmaz yaralar vurmuşdur. Anamgil altı bacı idilər: Fatma, Leyla, Züleyxa, Səmənnaz, Zəhra və anam Həlimə. Onlardan salamat qalanı təkcə anam olmuşdur. Xalalarımın beşini də ermənilər uşaqları, körpələri ilə birlikdə qəddarlıqla öldürmüşlər. Züleyxa xalamın təkcə bir övladı təsadüfən sağ qalmışdı. Adı Abbas idi. Erməni qulduru onu qamçı ilə vurub öldürülmüş anasının yanına sərmişdi. Hər ikisini ölmüş bilmişlər. Lakin xoşbəxtlikdən uşaq sağ qalmışdır.
* * *
Məlumat üçün bildirək ki, 1941-1945-ci illər müharibəsi də yaycılılar üçün itkisiz ötüşməmişdir. Bu müharibədə 100-dən artıq yaycılı evinə qayıda bilməmişdir. Bu gün kənddə onların şərəfinə abidə vardır.
1988-ci il hadisələri zamanı Yaycı vətənpərvərliyi bir daha özünü büruzə vermişdir. Kənd sakinləri, o cümlədən cavanlar çox böyük mütəşəkkilliklə Naxçıvan Muxtar Respublikasının sərhədlərini azğınlaşmış ermənilərdən qorumuşlar. O vaxtlar Yaycının könüllü dəstələri Sədərək, Şahbuz dağlarında, Ordubad ətrafında ermənilərlə ölüm-dirim savaşında əsl qəhrəmanlıqlar göstərmişlər. Ümumiyyətlə, Yaycı Dağlıq Qarabağda və muxtar respublikanın torpaqlarının müdafiəsində 6 şəhid vermişdir. Azadlığımız və Vətəni yağı düşməndən qoruması naminə canlarını qurban verən həmin igidlərin adları yaycılıların, həmçinin bütün xalqımızın qəlbində əbədiləşmişdir.
* * *
Yaycı kəndində doğulub boya-başa çatan ziyalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov doğma yurd yerindən bəhs edən bir neçə kitabın müəllifidir. Onlar içərisində hər bir yaycılının stolüstü kitabına çevrilmiş “Yaycı soyqırımı” kitabı da var. Müəllifin uzun illər apardığı araşdırmalar, həmin dəhşətli faciənin şahidləri ilə söhbətlər əsasında qələmə aldığı kitabını həyəcansız oxumaq mümkün deyil.
Kitabdakı “Məkrli köçürmələr” adlı fəsildə ermənilərin məkrli niyyətləri açılır, oxucu I Pyotrun bədnam vəsiyyətnaməsi, zaman-zaman ermənilərin Azərbaycan torpaqlarına basqınları, dəhşətli qırğınları ilə tanış olur. Yaycı soyqırımı öz dəhşətləri ilə həmin soyqırımlarla müqayisə edilir.
Yaycı kənd sakinləri Hüseyn Kazım oğlu Cəfərov, Əbülfəz Hacı İbrahim oğlu Mövlayev, Məşədi Əli Cəfərov, Yasəmən nənə və başqalarının söhbətləri hər birimizi düşündürməyə sövq edir. “O müdhiş gecədən zaman keçsə də” adlı yazıda oxuyuruq: “Qəddar erməni daşnakı Andranik Naxçıvan diyarının ən iri kəndlərindən sayılan Yaycını dağıdıb viran qoydu. Böyük bir yaşayış məskənini bir-iki günün ərzində ölü kəndə çevirdi. Saya gəlməz insanları qırdı... Yaycının indiki sakinləri öz doğmalarının, əzizlərinin başına gətirilmiş o qanlı qırğını necə unuda bilərlər? O müdhiş faciədən zaman keçsə də, onun odu-alovu ürəklərdə sönməməli, bizi amansız düşmənə qarşı daim sərvaxt olmağa səfərbər etməlidir... Əsas məsələlərdən biri odur ki, Yaycı soyqırımı və digər neçə-neçə faciələrimiz barədə məlumatlar öz içimizdə “tozlanmamalıdır”. Bu haqda hər bir söz, hər bir xəbər böyük dünyamızı qarış-qarış, addım-addım dolaşmalı və ermənilərin kimliyini, onların “nə yuvanın quşu” olduqlarını göstərməlidir”.
* * *
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz olduğu kimi xalqın üzünə açıldı. 1918-ci ildə baş verən hadisələrdən cavan nəsillər xəbər tutmağa başladı. Yaycıda böyükdən-kiçiyə hamı soyqırımı qurbanları uyuyan ərazidə abidə ucaldılması arzusunda idi. 2007-ci ildə yaycılıların arzu və istəyi gerçəkləşdirildi. Kənddə soyqırımı qurbanlarının xatirəsinə bir abidə inşa olundu, ətrafında park salındı, tikinti-abadlıq işləri görüldü. İndi bura kənd sakinlərinin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib.
Kəndin meydanında ucaldılmış bu abidənin yanından dayanmadan heç bir yaycılı keçmir. Bu gün uşaq yaşlı yaycılılara, yeniyetmə və gənclərə 1918-ci ildə baş vermiş faciə haqqında həm evlərdə, həm də məktəblərdə ətraflı məlumat verilir. Onların vətənpərvərlik hisslərinin gücləndirilməsi diqqətdə saxlanılır. Tarixi yaddaşın unudulmaması üçün tədbirlər həyata keçirilir.
Yaycı yaşayır.
Muxtar Məmmədov