Bu mövzuda ali təhsil ocağında Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilib
Ölkəmizdə 1993-cü ildən başlayaraq ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri dünyanın qüdrətli orduları sırasında layiqli yerini tutub.
Bu barədə Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusuna həsr olunmuş növbəti məşğələsində danışılıb.
Ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Qeyd olunub ki, müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilk illərdə ordu quruculuğu sahəsində ciddi çətinliklərlə qarşılaşıb. Həmin illərdə ölkə rəhbərliyində olan səriştəsiz, bacarıqsız şəxslərin həyata keçirdiyi uğursuz siyasət nəticəsində dağınıq silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olunub, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevriliblər. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb, bütün problemlər öz həllini tapıb.
Universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Nazim Həsənov “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda məruzəsində ümummilli liderimizin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. Ölkə Prezidentinin bu sahədəki yorulmaz fəaliyyətini xüsusi vurğulayıb.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən söz açan məruzəçi dövlət başçısının diqqət və qayğısı sayəsində qədim diyarda hərbi hissələr üçün onlarla yeni binaların, müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verildiyini, Əlahiddə Ümumqoşun Ordusunun silah-sursatla tam təmin edildiyini diqqətə çatdırıb.
Nərmin Cabbarova