Tarixən dövlətçilik ənənələrinin yaşadıldığı Naxçıvan bu gün sabitlik
adası olmaqla yanaşı, həm də ən təhlükəsiz regiondur
Bu ayın ilk günündən başlayaraq düşmənlə təmas xəttində gedən şiddətli döyüşlər zamanı qüdrətli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi və əhəmiyyətli yüksəklikləri ələ keçirməsi hər birimizdə qürur hissləri yaratdı. Bu, ölkəmizin son 22 ildə əldə etdiyi ən böyük hərbi-siyasi uğurdur. Burada “siyasi” ifadəsini əbəs yerə vurğulamadım. Çünki ordumuzun güclənməsi, arsenalında müasir silahların olması Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici və daxili siyasətin nəticəsidir. Bütün bunlar isə həm də ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsinin, təhlükəsizliyin, sabitliyin tam bərqərar edilməsinin və iqtisadi-sosial inkişafın təmin olunmasının nəticəsidir. Bizim üçün digər qürurverici hal bundan ibarətdir ki, respublikamızın bu səviyyəyə yüksəlməsində Naxçıvan Muxtar Respublikası öz əvəzsiz tarixi rolunu hələ müstəqilliyimizin ilk illərində oynayıb. Bəli, həmin illərdə bugünkü Azərbaycanın güclənməsinə xidmət edən daxili və xarici siyasətin əsas istiqamətləri ulu öndərimiz Heydər Əliyev tərəfindən məhz Naxçıvanda formalaşdırılıb.
Bu gün hər kəs bilir ki, 1993-cü ilin iyun ayından etibarən ümummilli liderimiz müstəqil Azərbaycan Respublikasını Naxçıvanda tarixən mövcud olan və kökü dərinlərə söykənən dövlətçilik ənənələri üzərində qurub. Məhz qurulan həmin dövlət bu gün düşmənə meydan oxuyur, ərazisi kiçik olsa da, çox böyük qlobal miqyaslı məsələlərdə iştirak edir. Biz buna görə həm də tarixən Naxçıvanda yaşadılan dövlətçilik ənənələrinə borcluyuq.
Milli dövlətimizin, milli varlığımızın qarantı – dövlətçilik ənənələri
Gələcəyimizi qorumağın, yəni milli ruhu yaşatmağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilik ənənələrinin qorunması, onun yaşadılmasıdır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəlşüurda, psixologiyada təzahür edir. Tarixi prosesləri, o cümlədən sovet dövründə muxtar respublikadakı ictimai münasibətləri və bir sıra digər amilləri nəzərə aldıqda bir daha əminlik yaranır ki, bu duyğular, hisslər qədim diyarın sakinlərində daim var olub, bundan sonra da olacaqdır.
Bu məqamda sual yarana bilər: axı bizim həmişə milli dövlətimiz olmayıb, bəs belə bir vəziyyətdə dövlətçilik ənənələri necə yaşadıla bilərdi? Bəli, maraqlı məqam ondan ibarətdir ki, bəzən bir millətin dövləti mövcud olmadıqda da, dövlətçilik duyğuları yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, xalqın dövlətçilik ənənəsi, fərdlərin isə dövlətçilik anlayışı, duyğusu olmasın. Bu halda hətta dövlət qurulsa da, o, milli dövlət olmayacaq, milli iradənin reallaşmasına, xalqın, millətin mənafeyinə xidmət etməyəcəkdir.
Bəli, Naxçıvan Azərbaycan dövlətçiliyinin ənənələrinin nəsildən-nəslə ötürülərək yaşadıldığı bir məkandır. Onuncu əsrdə yaranan “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Azərbaycan Atabəylər dövləti bunun sübutudur. Dünya sivilizasiyasına yön verən, dövlətçilik ənənələrinin əsasını qoyan qədim Şumerlərin davamçıları olan və tarix boyu onlarla dövlətin yaradılmasında yaxından iştirak edən Kəngərlilərin də məhz Naxçıvanı məskən seçməsi, burada yaşaması qədim diyarda dövlətçilik ənənələrinin min illərlə tarixə malik olduğunu deməyə əsas verir. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına, qədim dövlətçilik ənənələrinin yeni ictimai formasiyada ortaya çıxmasına böyük töhfə verib. İyirminci əsrin əvvəllərində Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında mühüm rol oynayan, 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası da həmin ənənələrin yaşadılmasının parlaq nümunəsidir.
Naxçıvan ərazisində yaradılan dövlətlərin hər birinin özünün bayrağı olub. Müstəqilliyin və dövlətçiliyin atributlarından biri olan həmin bayraqlar bizim şanlı tariximizin canlı şahidləridir. Dövlətçilik tariximizdə mühüm yer tutan bayraqlar nadir dövlətçilik irsinin rəmzləri kimi bizdə iftixar hissi yaradır.
Ötən əsrin əvvəllərində Naxçıvanın muxtariyyət statusu qazanması da nadir dövlətçilik irsinin varisləri olan vətənpərvər oğulların apardığı şanlı mübarizə sayəsində mümkün olub. Muxtariyyət Azərbaycanın bu qədim ərazisinin təhlükəsizliyinin təmin olunmasında, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasında əhəmiyyətli rol oynayıb. Əgər 1924-cü ildə Naxçıvan muxtariyyət əldə etməsəydi, 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxdığına dair bəyanatla çıxış edə bilməyəcəkdi. Ən əsası isə parlamenti, dövlət quruluşu olmayan bir diyarda müstəqil dövlətə, dövlətçiliyə dair heç bir qərar qəbul olunmayacaqdı. Naxçıvanın məhz muxtar dövlət olması 1990-cı ildən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə burada gələcək Azərbaycan dövlətçiliyinin təməl sütunlarını təşkil edən tarixi qərarların qəbul edilməsinə zəmin yaradıb.
Təhlükə üçbucağında təhlükəsiz və cinayətsiz region
Əvvəlcə onu qeyd etmək lazımdır ki, müasir dövrümüzdə təhlükəsizlik anlayışı çox şaxələnib. Yəni bu gün milli, hərbi təhlükəsizlik sözləri ilə yanaşı, iqtisadi, enerji, ərzaq, ekoloji, kiber, informasiya təhlükəsizliyi ifadələrindən də tez-tez istifadə olunur. Muxtar respublikamızda təhlükəsizlik anlayışına daxil olan bütün istiqamətlər üzrə istənilən məsələ yüksək səviyyədə öz həllini tapıb, təhlükəsizliyimiz tam təmin olunub. Ümumilikdə isə milli təhlükəsizliyimiz dedikdə, dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, Konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi məsələləri nəzərdə tutulur.
Gəlin bir anda düşünək ki, bizim ordumuz və təhlükəsizliyimizi təmin edən əlaqədar güc strukturlarımız yoxdur və ya varsa da, zəifdirlər. Onda nə baş verər? Ölkəmizdə və muxtar respublikamızda, necə deyərlər, daş üstündə daş qalmaz. Çünki nankor düşmən hiyləgər, xain və qəddardır. Onların əsas hədəfi bizi soyqırımına məruz qoymaq, bir millət kimi yox etmək, milli dövlətçiliyimizi məhv etmək, son nəticədə, bütün ərazilərimizə nəzarət etmək, təbii sərvətlərimizi ələ keçirməkdir. Ona görə də biz hər an ayıq-sayıq olmalı və düşmənin bütün sahələr üzrə atdığı addımları diqqətdə saxlamalıyıq.
Təcavüzkar Ermənistanın muxtar respublikanı 25 ildir, blokadada saxlamasına baxmayaraq, görülən ardıcıl işlər nəticəsində bu gün Naxçıvan dünyanın inkişaf edən ən təhlükəsiz regionlarından birinə çevrilib. Sosial-iqtisadi inkişafın qarantı olan Əlahiddə Ümumqoşun Ordusu, daxili və xarici təhdidlərə qarşı sistemli və planlaşdırılmış şəkildə mübarizə aparan güc strukturları qədim diyarın təhlükəsizliyinə zəmanətdirlər.
Son illər ərzində muxtar respublikanın ictimai-siyasi həyatında qazanılan böyük uğurlardan biri də hüquqpozmalara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və kriminogen durumun tam normallaşmasıdır. Bu baxımdan inamla muxtar respublikamızı “cinayətsiz region”, Naxçıvan şəhərini isə “təhlükəsiz şəhər” elan edə bilirik. Faktlara müraciət edək. 1993-cü ildə muxtar respublikamızda qəsdən adamöldürmə ilə bağlı 18, qəsdən adam öldürməyə cəhdlə bağlı 4, qəsdən sağlamlığa zərər vurmaqla bağlı 20 cinayət hadisəsi qeydə alınıb. Cari ilin ötən dövründə isə bu tip cinayətlər qeydə alınmayıb. 1993-cü ildə muxtar respublikada xuliqanlıqla bağlı 40 cinayət hadisəsi qeydə alınıb. Müstəqillik illərində, xüsusən son 20 ildə aparılan profilaktik tədbirlərin nəticəsidir ki, bu ilin ötən dövründə xuliqanlıqla bağlı heç bir hadisə baş verməyib. Təbii ki, bu, ilk növbədə, muxtar respublikada iqtisadi inkişafın yüksək sürəti ilə bağlı olub.
Naxçıvan əhalisi mövcud vəziyyəti alqışlayır. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublika sakinləri bir çox təhlükələrlə üz-üzə qalıblar. Həmin vaxtlar bir tərəfdən ermənilərin müxtəlif yaşayış məntəqələrinə ardıcıl hücumları, torpaqlarımızın işğal edilməsi təhlükəsi insanları narahat edirdisə, digər tərəfdən, Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində və kəndlərdə cinayətkarlığın baş alıb getməsi dəhşətli bir vəziyyətin yaranmasına səbəb olmuşdu. Elə gün olmazdı ki, sakinlər gecəyarısı atılan güllələrin səsindən səksənib oyanmasınlar, özlərini qorumaq üçün çarəsizcə müxtəlif vasitələrə əl atmasınlar, övladlarının küçəyə çıxmasından nigarançılıq keçirməsinlər, qorxu, vahimə içində yaşamasınlar.
İndi tamam başqa bir mənzərədir. Naxçıvan sakinləri qorxu içində yaşamır, öz övladını küçəyə buraxanda və yaxud da özü küçədə gəzərkən, hər hansı bir ictimai yerdə istirahət edərkən bilir ki, dövləti onun təhlükəsizliyini təmin edir. Bugünkü güzəranımız, əslində həm də xoşbəxtliyimizdir. Bu isə muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində mümkün olub.
Regionun daim inkişaf edən sabitlik adası
Hər bir cəmiyyətin qarşısında duran ən mühüm strateji vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin və mühafizə edilməsidir. İdarəetmə strategiyasını rasional və praqmatik prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə milli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsini, yəni vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirləri – sosial müdafiə sisteminin gücləndirilməsini və məşğulluq səviyyəsinin artırılması kimi təməl amilləri nəzərdə tuturuq. Bu amillər bu gün ictimai-siyasi sabitliyin və inkişafın qarantı qismində çıxış edir.
Muxtar respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsi, gəlirlərinin artması, bütünlükdə sosial rifahının yüksəlməsi dövlətə sıravi vətəndaşların inamını və bağlılığını artırır, onların daha böyük nailiyyətlərə imza atmasına zəmin yaradır. Həm də buna görədir ki, bu gün muxtar respublikamızın əhalisi qurucu rəhbərimizin ətrafında sıx birləşərək monolit birlik nümayiş etdirir.
Uğurların digər mühüm bir səbəbi də Naxçıvanda insan amilinə çox böyük dəyər verilməsidir. Son illər muxtar respublikanın bütün bölgələrində yeni sosial-mədəni obyektlərin – ən müasir tələblərə cavab verən məktəblərin, səhiyyə ocaqlarının, kənd və xidmət mərkəzlərinin tikilməsi də insan amilinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Bu gün Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçıları hər addımda milli maraq və mənafeləri uca tuturlar, əhalinin arzu və istəklərini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışırlar. Onların fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulub. Məhz bu fəaliyyətin nəticəsində bu gün muxtar respublikamız daim inkişafda olan sabitlik adasına çevrilib. Çünki burada inkişafa istiqamətlənən bütün təşəbbüslər əhali tərəfindən dəstəklənir. Ölkəmizin, o cümlədən muxtar respublikamızın ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikirayrılığı yoxdur.
Digər tərəfdən, gələcəklə bağlı istənilən ideya o vaxt cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu gün muxtar respublikamızın hər bir sakinində inkişafımızın gələcək perspektivləri ilə bağlı aydın təsəvvür var. Yəni bu, o deməkdir ki, biz bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacağıq. Ən böyük uğurumuz isə dövlətçilik irsimizin bundan sonra da daim qorunması və yaşadılması olacaqdır.
Rauf Əliyev