24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 27-də Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siya­sət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı bu qəbildən olan vətəndaşların təşkilatlanması və hüquqlarının təmin olunması istiqamətində mühüm vəzifələri icra etməkdə, həmin insanların təşkilatlandığı vahid mərkəz kimi mühüm əhəmiyyət daşımaqdadır. Təşkilat öz sıralarını 2011-2015-ci illər ərzində sağlam düşüncəli, vətənpərvər və dövlətçiliyə sədaqətli üzvlər hesabına daha da genişləndirmişdir.

Bildirilmişdir ki, ərazi bütövlüyümüz uğrunda döyüşən, Vətənə ləyaqətlə xidmət edən vətəndaşlar daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşdur. Muxtar respublikada müharibə veteranları və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, müharibə veteranlarının minik avtomobilləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, veteranlara və şəhid ailələrinə hesabat dövrü ərzində 121 ədəd olmaqla, ümumilikdə, 373 ədəd “Oka”, “Tavriya”, “Slavuta” və “NAZ-Lifan” markalı avtomobil verilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara bu günədək 193 fərdi ev və yaşayış mənzili verilmişdir ki, bunun da 16-sı 2011-2015-ci illərdə təqdim olunmuşdur. Təkcə 2015-ci ildə 20 nəfər təşkilat üzvünün müxtəlif sanatoriyalarda müalicəsi təmin edilmişdir.
Vurğulanmışdır ki, muxtar respublikamızda şəhid olmuş Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılmış, Naxçıvan şəhərində və rayon mərkəzlərində bir sıra küçələrə, məktəblərə onların adları verilmişdir. Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yüksək səviyyədə əsaslı təmir olunmuş, muxtar respublika sakinlərinin daimi ziyarətgahına çevrilmişdir.
Məcid Seyidov muxtar respublikada yaşayan müharibə veteranları və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında birləşən 312 şəhid ailəsi, 374 müharibə əlili, 3 min 279 müharibə veteranı adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən təşkilatın üzvləri Vəliqulu Həsənov və Qadir Məmmədov demişlər ki, ötən müddət ərzində təşkilatın sədri olan Məcid Seyidovun fəaliyyəti təşkilatın işinin canlanmasına, sağlam kollektivin formalaşmasına yönəlmişdir. Eyni zamanda təşkilatlanma işi uğurla aparılmış, keçirilən tədbirlərdə, aparılan təbliğat işlərində nəzərəçarpacaq irəliləyişlər hiss olunmuşdur. Bütün bunları nəzərə alan təşkilat üzvləri Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri vəzifəsinə Məcid Seyidovun namizədliyini irəli sürmüşlər. Təklif yekdilliklə dəstəklənmişdir.
Təşkilatın sədri Məcid Seyidov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək bildirmişdir ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların, Azərbaycan Vətən Müharibəsi veteranlarının və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin olunması ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən daim gücləndirilən sosial inkişaf kursunun mühüm tərkib hissəsidir. Muxtar respublikamızda da bu sahədə mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Azərbaycan Vətən Müharibəsi veteranları və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər ildən-ilə daha geniş vüsət alır. Belə ki, müharibə veteranları və şəhid ailələri minik avtomobilləri, fərdi ev və yaşayış mənzilləri ilə təmin olunur, onların müxtəlif sanatoriyalarda müalicələri təşkil edilir. Bununla yanaşı, şəhid olmuş Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılmışdır.
“Muxtar respublikada fəaliyyət göstərən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı qeyri-hökumət təşkilatları içərisində özünəməxsus yer tutur”, – deyən Rəhman Məmmədov qeyd etmişdir ki, bu təşkilat Azərbaycan Vətən Müharibəsi veteranları və şəhid ailələrinin qanuni mənafelərini və hüquqlarını müdafiə edir, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərir, gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynayır. Buna görə də təşkilat gələcək fəaliyyətində, muxtar respublikanın hərtərəfli tərəqqisi proseslərində, ictimai həyatında daim fəal iştirak etməli, Azərbaycan Vətən Müharibəsi veteranları və şəhid ailələrinin mənafelərinin və hüquqlarının müdafiə edilməsi, onların problemlərinin daha səmərəli həll olunması istiqamətində fəaliyyətini artırmalıdır. Gənclərin milli-mənəvi dəyərlərə uyğun, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, o cümlədən şəhidlərin, əsasən də milli qəhrəmanların xatirəsinin yad edilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər keçirməli, gənc­lərin hərbi xidmətə yola salınması ilə bağlı keçirilən tədbirlərdə iştirak etməli, gənc əsgərlərlə müharibə veteranlarının görüşlərini təşkil etməlidir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR