Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.
2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Yanvar ayında Culfa, Babək, Sədərək rayonlarında 477 şəxsiyyət vəsiqəsi, 103 sürücülük vəsiqəsi, 18 məhkumluq haqqında arayış verilib. Fevral ayının 1-dən isə Şərur rayonunda vətəndaşlara səyyari xidmət göstərilməsinə başlanılıb. Fevral ayının 29-dan mart ayının 7-dək səyyari xidmət Ordubad rayonunun Yuxarı Əndəmic, Aşağı Əndəmic, Vənənd, Biləv, Aza kəndlərində olub, vətəndaşlara 57 şəxsiyyət, 25 sürücülük vəsiqəsi verilib. Mart ayının 7-dən 16-dək Culfa rayonunun Yaycı, Əbrəqunus, Əlincə, Göydərə, Xanəgah, Kırna, Ləkətağ kəndlərinin sakinləri səyyari xidmətin fəaliyyətindən yararlanıblar. Bu yaşayış məntəqələrində 115 şəxsiyyət, 27 sürücülük vəsiqəsi və 1 məhkumluq haqqında arayış verilib.
Mart ayında səyyari xidmət fəaliyyətini Babək rayonunda davam etdirib. Nehrəm, Qahab, Sirab, Kültəpə, Cəhri kəndlərində şəxsiyyət vəsiqəsi üçün xidmətə 174, sürücülük vəsiqəsi üçün 61 müraciət edilib. 1 nəfər birinci qrup əlilə ümumvətəndaş pasportu verilib. Dünən səyyari xidmət Vayxır kəndində olub.
Səbuhi Hüseynov