Ötən il 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyari qaydada göstərilməsinin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilib, müvafiq maddi-texniki baza yaradılıb. Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir. Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon qurumları tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazır-lanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2015-ci ildə səyyari xidmət vasitəsilə muxtar respublikanın 85 yaşayış məntəqəsindən 1502 müraciət qəbul edilib. 2016-cı ilin I rübü ərzində isə muxtar respublikanın 24 yaşayış məntəqəsində vətəndaşlara səyyari xidmət göstərilib, xidmət zamanı 308 müraciət qəbul edilərək müvafiq qaydada baxılıb.
Aprelin 5-də komitənin səyyari briqadası Şərur rayonunun Dəmirçi kəndində olub və burada əhaliyə xidmət göstərib. Biz də adıçəkilən yaşayış məntəqəsində olduq, xidmətin səviyyəsi ilə maraqlandıq.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rüstəm Həsənov bizimlə söhbətində bildirdi ki, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanların vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır.
Səyyari xidmət Dəmirçi Kənd Mərkəzinin qarşısında təşkil olunmuşdu. Artıq səhər saatlarından xidmətdən istifadə etmək üçün gələnlərin sayı getdikcə artırdı. Kənd sakini Elşən Həsənov bildirdi ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bu cür xidmətlərin yerlərdə təşkili onları çox sevindirir: “İndi artıq heç bir dövlət qurumunun qapısını döymədən işlərimizi görə bilirik. Daşınmaz əmlakın qeydiyyatı bu xidmət vasitəsilə xeyli yüngülləşib”.
Digər kənd sakini Nuru Fərəcov da göstərilən xidmətdən razılığını bildirdi. Dedi ki, daşınmaz əmlakın qeydiyyata alınması indi çox sadədir. Belə ki, hər kəs ona aid olan tikilinin və ya torpaq sahəsinin qeydiyyatı üçün bu cür xidmətdən istifadə edə bilər. Burada çox yüksək səviyyədə xidmət göstərilir. Əmlakla bağlı bizi maraqlandıran suallar cavablandırılır. Çox razıyıq, belə xidmətin təşkilinə görə dövlətimizə minnətdarıq.
Kənddə olduğumuz müddətdə ahıl kənd sakini Bahar Nəcəfovaya yaşadığı ünvanda xidmət göstərildi. Qısa müddətdə 82 yaşlı kənd sakininə məxsus torpaq sahəsinin şəhadətnaməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla əvəzləndi. Bahar Nəcəfova göstərilən xidmət üçün dövlətimizə minnətdarlığını bildirdi.
Günün sonuna doğru Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rüstəm Həsənovla əlaqə saxlayaraq öyrəndik ki, gün ərzində 13 nəfər kənd sakini səyyari xidmətdən yararlanıb.
Qeyd edək ki, əhaliyə səyyari xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyari xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, insanların şəhər və ya rayon mərkəzlərinə getmədən müraciətlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradıb.
Səbuhi Həsənov