Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri regionumuzu, eləcə də Naxçıvan şəhərini müasirliyə qovuşdurub. Şəhərimizə tez-tez yolu düşənlər şahidi olduqları dəyişikliklərdən təəccüblərini gizlədə bilmirlər. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan şəhərimiz bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib.
Naxçıvan şəhərini xarici turistlər üçün cəlbedici edən amillərdən biri də şəhərin abadlığı və təmizliyidir. Təbii ki, bu nəticələrin əldə olunmasında müxtəlif aidiyyəti qurumların, eləcə də şəhər sakinlərinin də böyük əməyi var. Artıq bir ildir ki, Naxçıvan şəhərində “Nümunəvi şəhər, nümunəvi məhəllə” devizi altında aylıqlar keçirilir, bu aylıqların qalibləri mükafatlandırılır. Bu tədbirlərin davamı olaraq, başa vurduğumuz mart ayında “Nümunəvi şəhər, nümunəvi məhəllə” devizi altında keçirilən aylığın qalibi Naxçıvan şəhərinin “Çənlibel” məhəlləsi olub. Dünən aylıq qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək müsabiqə qaliblərini təbrik edib, yaşayış məntəqələrinin təmiz saxlanılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, şəhər İcra Hakimiyyəti Naxçıvan Şəhər Polis İdarəsi ilə birgə hər ayın sonunda şəhərin bütün məhəllələrində reydlər keçirir, ən təmiz məhəllə aşkara çıxarılaraq o məhəllənin təmizliyində əməyi olan insanlar mükafatlandırılır. Əminliklə demək olar ki, “Çənlibel” məhəlləsinin sakinləri və bu məhəllənin təmizliyinə cavabdeh olan qurumlar bundan sonra da keçirilən aylıqların qalibi olmaq üçün böyük səylə çalışacaqlar.
Sonra aylığın qaliblərinə qiymətli hədiyyələr təqdim edilib. Mart ayında keçirilən aylığın qalibləri Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin sürücüsü Ramazan Kərimov, “Çənlibel” məhəlləsinin sahə inspektoru Samiq Məmmədov, Mənzil-İstismar Sahəsinin əməkdaşı Əhməd Əbilov, məhəllə sakini Mirdamət Seyidov olub. Qaliblər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sakinlər adından çıxış edən məhəllə ağsaqqalı Məmmədtağı Əliyev bildirib ki, o, əvvəllər dünyanın bir neçə ölkəsində olub, orada yaradılan şəraitin doğma Naxçıvan şəhərində də olmasını arzulayıb. Onun bu arzuları son 20 ildə reallaşıb. İndi Naxçıvan şəhəri öz təmizliyinə, abadlığına, ictimai asayişin təmin olunmasına görə ən inkişaf etmiş şəhərlər sırasındadır. Buna görə qürur duyur və belə yaxşı nəticələrin əldə olunmasında əməyi olanlara minnətdardır.
Tədbir əsnasında məhəllə sakinlərindən bir neçəsi ilə də həmsöhbət olduq. Sakinlər bildirdilər ki, bu gün hər bir məhəllə sakini abadlıq-təmizlik işlərini yüksək qiymətləndirir, həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, yaşadıqları məhəllənin təmiz saxlanmasında fəallıq göstərməyi özlərinin mənəvi borcu sayırlar. Onlar çalışacaqlar ki, “Çənlibel” məhəlləsi hər zaman sözügedən aylıqlarda öncül yerlərdə olsun.
Səbuhi Hüseynov