Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyətinin iştirakı ilə Naxçıvan Dövlət Film Fondunda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlı açıb.
Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “31 mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda çıxış edərək bildirib ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib.
Bu illərdə Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, insanları öldürür və bu ərazini azərbaycanlılardan təmizləməyə çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədən Andranik Ozanyan təkcə Gilançay və Əlincəçay hövzələrində 80-dən artıq kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetirib. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təsdiq edir ki, erməni quldur dəstələri 1918-ci ildə Naxçıvanın müxtəlif yerlərində dəhşətli qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa unutdurulmağa çalışılıb, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulub, faciənin əsl mahiyyəti təhrif olunub, xalqımızın tarixi saxtalaşdırılıb.
Qeyd olunub ki, ermənilər tərəfindən törədilmiş soyqırımı hadisələrinin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Bu fərmana uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.
Azərbaycanlıların soyqırımı haqda filmin nümayiş etdirildiyi konfransa professor Akif İmanlı yekun vurub.
Xəbərlər şöbəsi