24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Qaraçuq Kənd Mərkəzində vətəndaşların müraciətləri haqqında qanuna və yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Sərxan Novruzov “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu barədə ətraflı məlumat verib.
Bildirilib ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sen­tyabr tarixli Qanunu müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq yeni müddəalarla zənginləşdirilib, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilib.

Dövlət orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri çoxdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, bu bəndlər və yarımbəndlərin hər biri qanunun müvafiq maddəsi hesab olunur. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapıb.
“Azərbaycan Respublikasının yeni qəbul olunmuş bu qanunu ölkə Prezidentinin vətəndaşlara göstərdiyi böyük qayğı və diqqətin yeni təzahürüdür”, – deyən Sərxan Novruzov qanunun ayrı-ayrı maddələri barədə sakinlərə ətraflı məlumat verib.
Sonra Naxçıvan şəhər prokurorunun köməkçisi Abdulla Quliyev “Yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin mahiyyəti və İnzibati Xətalar Məcəlləsində prokuror nəzarəti” mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR