24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin müxtəlif fakültələrinin tələbələri iştirak ediblər.
Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq mövzunun bütün dövrlər üçün aktual və əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd olunub ki, hər bir fərdin yüksək vətənpərvərlik ruhunda yetişməsində, formalaşmasında, ona Vətənə, millətə sevgi hisslərinin aşılanmasında birbaşa ailə və təhsil aldığı müəssisə faktorunun rolu çox böyükdür. Belə ki, uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Bunun üçün gələcəyimiz olan uşaqlara Vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrimizi təlqin etməyi bacar­malıyıq. Uşaqlara vətəni sevdirmək üçün vətəni onlara gərəyincə tanıtmaq lazımdır. Bu isə, ilk növbədə, ailədə valideynlər, məktəbdə isə müəllimlər tərəfindən həyata keçirilməlidir.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Akif Mədətov qeyd edib ki, hər bir insanın başlıca vəzifəsi mənsub olduğu xalqın tarixini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dərindən öyrənmək, bilmək və gələcək nəsillərə ötürməkdən ibarət olmalıdır. Yalnız o zaman həqiqi vətəndaş olmaq mümkündür.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı İman Cəfərli Azərbaycan ədəbiyyatının aparıcı qolu olan poeziyanın əsrlər boyu qəhrəmanlığın, vətənpərvərliyin, fədakarlığın əsas təbliğat vasitəsi, xalqda döyüşkənlik ruhu formalaşdıran, yüksək mənəvi keyfiyyətlər aşılayan sənət növü kimi fərqləndiyini bildirib.
Vurğulanıb ki, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Araz kimi sənət nəhənglərimizin vətənpərvərlik mövzusunda qələmə aldıqları təkrarsız əsərlərini oxuduqca bunun bir daha şahidi olursan.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələr fikir və təkliflərini bildiriblər.
Tədbirə ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekun vurub.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR