24 Dekabr 2024, Çərşənbə axşamı

 Yaxud asan işlərimizi bəzən necə çətinləşdiririk?

Bəzən texnoloji icadlar sarıdan geridə qalsaq da, şübhəsiz, bir çox sahələrdə dünyanı heyrətləndirəcək müsbət keyfiyyətlərimiz vardır. Hardasa hələ də rast gəlinən bəzi vaxtı keçmiş vərdişlərə qarşı ümumi müqavimət və kəskin tənqidi münasibətimiz bu baxımdan yeni cəmiyyət quruculuğundakı uğurlarımızdandır.  

Bəs nədir bu vərdişlər və onlar necə yaranıb? Bunlara heç bir vəchlə adət deyə bilmərik. Çünki bizim elə həmişəyaşar gözəl adət-ənənələrimiz vardır ki, təkcə onların dünyaya nümayişi ilə hər il milyonlarla turistin marağını cəlb edə bilərik. Vətənə, valideynlərə məhəbbət, insana sonsuz sevgi, hər bir xalqın nümayəndəsinə tolerant münasibət, dostluğa sədaqət, qonağa hörmət, qadına, ahıla diqqət, ailəyə-uşağa qayğı bizim əsl milli sərvətimizdir. Azərbaycanlılar vətəninin təəssübünü mal-dövlətdən, puldan-qızıldan həmişə üstün tutmuş, bu keyfiyyətləri dünyaya yaymışlar. Odur ki, bəzən kimlərdəsə rast gəlinən bəzi xoşagəlməz hallar bir “xəstəlik” kimi belə gözəl milli keyfiyyətlərimizin arasında dərhal gözə çarpır, aid oldu-olmadı hər kəsi narahat edir.

Götürək elə bu “xahiş xəstəliyi”ni. Deyəcəklər ki, bəs bu da haradan çıxdı? İndi fəsillərin dəyişdiyi bir vaxtda bəzi yoluxucu xəstəliklər peyda olsa da, hamı bir minval ilə onlardan qorunur. Şükür olsun ki, havalar da düzələn kimi belə naxoşluqlar öz-özünə çəkilib gedir, adamlar rahat olur. Amma bir vaxtlar bəzi sahələrdə, məsələn, təhsilimizdə adamları narahat edən elə bir “xəstəlik” olub ki, indi çox şükür, onun da əl-ayağı bilmərrə çəkilib. Bu, tələbələrin imtahanları qabağı yayılan “xahiş xəstəliyi” idi ki, kimsənin gözləmədiyi yerdə öz mutasiyalarını göstərməklə peyda olurdu.
Keçmişə bir ekskurs. Bir zamanlar, yəni ötən əsrin 60-80-ci illərində təhsil alan gənclər aylarla, illərlə imtahanlara hazırlaşıb müvəffəq qiymətlər alardılar. Yəni o dövrlərdə imtahanlar insanlara stress deyil, əslində, bir bayram əhval-ruhiyyəsi gətirərdi. Ovaxtkı gənc­lərin imtahanlarında təkcə özləri deyil, bütün qohum-əqrəba da həyəcan keçirir, imtahan verəcək cavan da cəmiyyətin ondan nə gözlədiyini bütün məsuliyyəti ilə başa düşərək gecəsini gündüzünə qataraq hazır­laşırdı. Və beləcə də bu gün bəzi sahələrdə qıtlığı hiss edilən yaxşı mütəxəssis çətinliyi olmazdı. Həmin dövrdə çəkdiyi zəhmətə görə əla qiymət alan hər tələbənin dost-tanışından və müəllimindən aldığı təbriklər isə onun üçün ən böyük mükafat idi. Amma birdən-birə nə oldusa zəmanə dəyişdi və adamlar başladı bu gül balaların başının altına yastıq qoymağa: uşaqlar imtahanlara arxayın getsin deyə, tanışlar tapıb, xahişlər etməyə. Və bir də gözümüzü açıb gördük ki, itirdiyimiz qazandığımızdan qat-qat çoxdur. Amma halbuki o dövrdə də hər kəs yaxşı təhsil alıb cəmiyyətə faydalı olmağın ümumi inkişafa gedən yeganə yol olduğunu həmişə vurğulayırdı.
Şükür ki, bir zamanlar təhsildə çoxlarının aludə olduğu bu “xahiş” söhbətindən artıq yaxa qurtardıq. Cəmiyyətdə aparılan islahatlar, xüsusən elektron təhsil layihələri buna son qoyub. Amma onu da deyək ki, bu mövzu hamını narahat edirdi. Yəni bu, cəmiyyətimizdə bir zamanlar hamını narahat etmiş toylarda yerə pul səpələmək və yaxud ehsan süfrəsinə banan düzmək kimi bir eybəcər hal idi. Yəni belə hallardan imtina olunması cəmiyyətin öz sosial sifarişi ilə mədəni inkişafın məntiqi nəticəsində mümkün oldu. Çünki gördük ki, belə xahişlər ilboyu çəkilən bütün zəhmətlərin üstündən xətt çəkən, əyrini düzə, yaxşını pisə, zəifi güclüyə qatıb-qarışdıran, haqq-ədaləti yerə vuran kor bir gürz kimi öz qurbanlarını bir-bir məhv edən bir “xəstəlik” imiş.
İndi oturub düşünəndə bir sual yaranır: biz imtahana girəcək uşağımıza tutma “dayı” axtarmaqla, əslində, nəyi xahiş edirdik? Görəsən, tapşırıqla oxuyan gəncə bir minvalla iş tapanda onun vəzifəsini kim yerinə yetirəcəkdi? Ya belə tələbələr gələcəyin həkimi olsaydı? Düşünmək belə, çox çətindir. Onda həmin dekanlar və ya həmin qara siyahı tutan dosentlər köməyə gələcəkdilərmi? Deməli, sadəcə, dırnaqarası dostluq xatirinə etdiyimiz bu xahişlər, əslində, “bizim bu ərköyünü savadsız və qabiliyyətsiz edin” xahişi olub.
Bir də bu imtahan xahişini kim icad etmişdi, heç ağlagələn deyil. Görmüşük ki, məsələn, ustaya xahiş edəsən, suvağı divara düz çəksin, ya da restoranda xidmətçiyə xahiş edəsən, qonaqlara qarşı diqqətli olsun və sair. Yeri gələndə bir iş üçün xahiş eləmək, əslində, bir nəzakət və mədəniyyətdir. Məncə, bu tip xahişlər hər şeyin yaxşısı üçündür. Bəs söhbət cəmiyyətə yararlı insan yetişdirilməsindən və ya onun sağlamlığından gedirsə necə? Görəsən, buradakı xahişi nə üçün edirdik? Düzdür, zaman öz sözünü deyir və təhsildə, xüsusən biliklərin qiymətləndirmə sistemində aparılan islahatlar və insanlarımızın təhsilə münasibəti də bütün bunları kökündən dəyişdirib. Artıq gənclərimiz 600 bal həddini ötmək üçün yarışır, valideynlər də yalnız övladlarının uğuru üçün çalışırlar. Beləcə, cəmiyyətdə ictimai düşüncənin dəyişilməsi ilə uzun zaman hamının əziyyət çəkdiyi bir problem səssiz-səmirsiz ortadan yox olub getdi. Amma təəssüf ki, xahiş etmək və ya xahiş ummaq “xəstəliyi” tamamən yox olmayıb. Sağlamlığımızı etibar etdiyimiz bəzi həkimlərə edəcəyimiz xahişləri, görəsən, hansı elektron vasitə ilə əvəz etmək olar? Hətta bəzən düşünürük, söhbət insan həyatından gedirsə, nəyə görə xahiş olunmalıdır? Bəs Hippokrat andı? Bəs Azərbaycançılıq, bəs vətənə xidmət?! Və yaxud avtomobildə yol gedərkən çox tez-tez qarşılaşdığımız və hətta özümüzün də bəzən iştirakçısı olduğumuz tipik bir mənzərəni götürək. Bəli, hansısa səbəbdən yol polisi əməkdaşları bizi saxladıqda bir çoxumuzun dərhal telefona əl atıb kiməsə xahiş etdirməyimizi deyirəm. Görəsən, kiçik bir qayda pozuntusuna görə dövlətin büdcəsinə cərimə ödəmək bu qədərmi çətindir? Ya kiməsə zəng edib, xahiş-minnət etdirməkdənsə, olmazmı ki, heç qaydaları pozmayaq? Axı riskli hal heç bir xahişi qəbul etmir. Hər halda bu sahədəki xahişlərin yaratdığı problemlərin daha sonra hansı yeni problemlər də doğurduğu faktı ilə hər kəs razılaşar. Yaxud sığorta agenti qapımızı döyüb icbari sığortahaqqını xahiş edəndə biz də dərhal ondan xahiş edirik ki, bir az möhlət ver. Ola bilər ki, bizə bir həftə, yaxud bir ay möhlət versinlər. Bəs gözlənilməz bir sığorta hadisəsi baş versə necə? Onda kimə xahiş edəcəyik? Bu sualın cavabı isə yoxdur.
Hər halda belə xahişlərin yanında ilk baxışda kiçik görünən, amma bəzən adamların əsəblərini yerindən oynadan hallara fikir verməmək də olar. Amma şəhərdəki iri ticarət mərkəzində kassaya növbəyə durmuş çox deyil, cəmi beş-altı nəfərin başı üstündən adlayıb keçməyə çalışan bəzi ərköyünlərə adamların verdiyi qiymətə biganə qalmaq olmur.
Bəli, asan işlərimizi çətinliyə salan belə xahişlərə hələ də rast gəlirik. Amma tam əminik ki, onlar da ümumi inkişafımızın fonunda bir gün tamamən yox olacaq. Bir zamanlar təyyarəyə bilet almaq üçün aviakassanın ətrafında dolaşan tanışları axtarıb xahiş-minnət etdiyimiz kimi. Bu gün nə qədər qəribə görünsə də, 15-20 il əvvəl bu da olub.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR