Aprelin 11-12-də Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın mədəniyyət, səhiyyə, təhsil müəssisələri, turizm məkanları ilə tanış olub.
Aprelin 11-də səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Bildirilib ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Həmin gün “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq Daniel Kristian Çiobanuda xoş təəssürat yaradıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanası ilə tanışlıq zamanı Rumıniyanın Azərbaycandakı səfirinə məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Ötən il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi xəstəxanada, ümumilikdə, 300 çarpayıdan ibarət 14 stasionar şöbə fəaliyyət göstərir. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da yaradılıb. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları fəaliyyət göstərir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bildirilib ki, 1883-cü ildə əsası qoyulan teatr 1922-ci ildə Dövlət Dram Teatrı statusu alıb. Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci ildə istifadəyə verilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində qonağa buradakı eksponatlar barədə ətraflı məlumat verilib.
Aprelin 12-də Rumıniyanın səfiri Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, hazırda dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan universitet Rumıniyanın ali təhsil ocaqları ilə də tərəfdaşlığa üstünlük verir. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini digər xarici ölkələrin ali məktəblərində, o cümlədən Rumıniyanın Babeş-Bolyai və George Enescu universitetlərində davam etdirirlər.
Səfir ali məktəbin maddi-texniki bazası, strukturu, tədrisin keyfiyyəti, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumatlandırılıb.
Daniel Kristian Çiobanu Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu, möhkəm fundament üzərində yaradılan bu əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Rumıniya ali məktəbləri ilə tələbə mübadiləsi, virtual əməkdaşlığın inkişafı, onlayn simpozium və konfransların təşkili məsələləri müzakirə olunub.
Səfir universitetin müəllim və tələbələri qarşısında “Azərbaycan-NATO münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. O, NATO-nun yaranma tarixindən bəhs edərək xatırladıb ki, 1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarıdır.
Rumıniyalı diplomat ölkəsinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi gördüyü işlərdən də danışıb, tələbələrin suallarını cavablandırıb.
Görüşün sonunda simvolik hədiyyələr təqdim olunub.
Həmin gün səfir regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetində də olub. Ali məktəbin rektoru, professor İsmayıl Əliyev bildirib ki, ali təhsil ocağı üçün inşa olunan yeni universitet şəhərciyi ötən il istifadəyə verilib. Yaradılmış şərait nəticəsində burada təhsil alan tələbələrin sayı hər il artır. Hazırkı tədris ilində universitetdə artıq minə yaxın tələbə təhsil alır. İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Ali məktəbdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Qeyd olunub ki, bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məşhur təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 ali təhsil ocağı, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatıb.
Daniel Kristian Çiobanu Rumıniya universitetləri ilə “Naxçıvan” Universiteti arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O qeyd edib ki, “Naxçıvan” Universitetinin yeni universitet şəhərciyi çox yüksək səviyyədədir və burada tələbələrin yaxşı təhsil alması üçün hər cür şərait yaradılıb.
Səfir universitet şəhərciyi ilə yaxından tanış olub, ali təhsil ocağının tələbələri qarşısında “Azərbaycan-NATO münasibətləri” mövzusunda məruzə ilə çıxış edib.
Rumıniyalı diplomat buradan Naxçıvan Muxtar Respublikasının ecazkar turizm məkanlarından olan Şahbuz rayonuna gəlib. Səfir Batabat kurort zonası və Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub.
Səfər çərçivəsində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz rayonundakı balıqçılıq təsərrüfatı, Günəş Elektrik Stansiyası və Uzunoba İstirahət Kompleksi ilə də tanış olub.
Xəbərlər şöbəsi