Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən 20 fevral 2016-cı il tarixdə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Müsabiqəyə 36 dövlət orqanı üzrə 294 vakant vəzifə çıxarılmışdı.
1-15 aprel 2016-cı il tarixlərdə keçirilən test imtahanlarında 634 namizəddən 563-ü iştirak edib, 141 namizəd keçid balını (70 və daha çox) toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Test imtahanlarının nəticələri və müsahibə mərhələsi üçün müsahibə proqramları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet səhifəsində yerləşdirilib.
Hazırda komissiya tərəfindən müsahibə mərhələsi üçün sənəd qəbulu aparılır. Sənəd qəbulu aprelin 29-dək davam edəcəkdir. Namizədlər müsahibənin keçirildiyi yer və vaxt barədə qanunvericiliyə uyğun olaraq ən azı 5 gün əvvəldən komissiyanın internet saytı (www.dqmk.nmr.az) vasitəsi ilə məlumatlandırılacaqlar.
Xəbərlər şöbəsi