Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qərarla hər il aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.
Əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib şərtdir.
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində isə ölkəmizdə əqli mülkiyyət sistemi daha da təkmilləşdirilmiş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsi prioritet istiqamətlərdən birinə çevrilmişdir. Dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, sahibkarlığın inkişafına dövlət qayğısı, əldə olunan sürətli iqtisadi inkişaf tempi ölkəmizdə əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaratmışdır.
Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi sənədlərlə tənzimlənir. Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyətinin nəticəsi olan elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi zəmin yaradılmışdır. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyətin qorunması və inkişafı sahəsində aparılan dövlət siyasətinin nəticəsində əqli mülkiyyət və əqli mülkiyyət obyekti olan ənənəvi biliklər etibarlı qorunur və inkişaf etdirilir. Muxtar respublikanın sosial-iqtisadi inkişafına paralel olaraq əqli mülkiyyət hüquqlarının qorunması prioritet məsələlər sırasındadır. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər isə öz uğurlu bəhrələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında muxtar respublikada əqli mülkiyyətin formalaşdırılması və regional inkişafa uyğunlaşdırılaraq sənayedə tətbiqi kimi mühüm vəzifələr dayanır. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada əqli mülkiyyətin və patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Bu tədbirlər çərçivəsində 2009-cu ildə Naxçıvan şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Son illər komitəyə ixtiraya dair iddia sənədinin qeydiyyata alınması ilə bağlı 64, sənaye nümunəsinə dair 116, faydalı model üçün isə 6 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. Ekspertiza zamanı qüvvədəolma müddəti 20 il olmaqla, 26 ixtiraya, qüvvədəolma müddəti 10 il olmaqla, 38 sənaye nümunəsinə və 1 faydalı modelə patent verilmişdir. Həmçinin ötən dövrdə əmtəə nişanlarına və coğrafi göstəricilərə mühafizə sənədi almaq üçün 1626 iddia sənədi daxil olmuş, onlardan qüvvədəolma müddəti 10 il olmaqla əmtəə nişanlarına dair 940, coğrafi göstəricilərə dair 5 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınaraq sahibkarlara verilmişdir.
Komitənin tərkibində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın patent fondu da komplektləşdirilmişdir. Ötən dövrdə fondda xarici ölkələrə məxsus 3 min 655 ixtira, həmçinin əmtəə nişanları və coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair rəsmi bülletenlər toplanmış və yeni ədəbiyyatlarla zənginləşdirilmişdir.
Muxtar respublikada əqli mülkiyyətin qorunması və inkişafı sahəsində işlər 2015-ci ildə də davam etdirilmiş, komitənin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılmış, onlar ölkəmizdə keçirilən müxtəlif seminarlarda iştirak etmişlər. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə şəhər mühitinin abadlaşdırılması və landşaft memarlığı mövzusunda “Ənənəvi memarlıq üslubları və innovativ tendensiyalar” adlı müsabiqə elan edilmişdir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və alınmış patentlərin beynəlxalq mühafizəsi tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin mətbuat xidməti