24 Dekabr 2024, Çərşənbə axşamı

Son illər muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirləri, həyata vəsiqə alan, müasir memarlıq üslubu ilə gözoxşayan yeni inzibati və sosial obyektlər şəhərlə kənd arasında fərqi aradan qaldırır, müasirləşən kəndlərimizin sayı ilbəil artır. Quruculuq ərməğanlarından öz nəsibini alan ucqar dağ və sərhəd kəndlərimizdən biri də Culfa rayonunun Ləkətağ kəndidir. 

Ləkətağ kəndində də kompleks qurucu­luq tədbirləri həyata keçirilib, məktəb üçün yeni bina tikilib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 144 şagird yerlik məktəb binasında 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, idman zalı və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib. Üç mərtəbədən ibarət olan kənd mərkəzində Ləkətağ və Boyəhməd kəndlərini əhatə edən təşkilatların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Rabitə evində quraşdırılan 384 nömrəlik elektron ATS Ləkətağ və Boyəhməd kənd­lərində 116 abonentə xidmət göstərir. Burada yaradılan poçt bölməsində internet və danışıq kartlarının, qəzetlərin satışı həyata keçirilir, həmçinin rabitə evində sakinlərə bank xidməti göstərilir. Əvvəllər taxta binada fəaliyyət göstərən feldşer-mama məntəqəsi üçün kənd mərkəzində 3 iş otağı ayrılıb, əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb.

Bir mərtəbədən ibarət olan xidmət mərkəzində ərzaq və sənaye mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu yerləşir ki, burada da muxtar respublikamızda istehsal olunan ərzaq və sənaye məhsullarının satışına üstünlük verilir, satılan məhsulların keyfiyyətinə ciddi diqqət yetirilir, ticarət standartlarına uyğun olan məhsulların satışı təşkil olunur.
Naxçıvan şəhərində işləyən və kəndlə sıx əlaqəsi olan insanlardan biri kimi mən də hər həftənin şənbə günləri doğulub boya-başa çatdığım Culfa rayonunun ucqar dağ və sərhəd kəndi olan Ləkətağa gedirəm. Ötən şənbə günü də kəndə getmişdim. Amma bu dəfə Rusiyadan gələn həmyerlimlə.
Çeşməbasar-Boyəhməd avtomobil yolu ilə irəlilədikcə yol kənarında yerləşən Çeşməbasar, Güznüt, Qızılca, Əbrəqunus, Bənəniyar, Saltaq, Əlincə, Xoşkeşin kəndlərində tikilib istifadəyə verilən məktəb binalarını, kənd və xidmət mərkəzlərini, Naxçıvanın yenilməzlik simvolu olan Əlincəqalada aparılan təmir-bərpa işlərini seyr edə-edə çatdıq kəndə. Həmkəndlilərlə həmişəki kimi elə kəndin mərkəzində görüşüb hal-əhval tutduq. Hər kəs xidmət mərkəzindən bazarlıq edir, söhbətləşə-söhbətləşə evə tərəf yollanırdı. Bu vaxt yaxınlıqda oynayan uşaqlardan biri qaça-qaça gəlib, – ata, “Bərəkət”in çöçəsindən, “Ləzzət”in kukuruzundan almısan? – deyib cavab gözləmədən əlini torbaya salıb nəsə götürüb yenə uşaqlara tərəf qaçdı. Başını bulayıb gülümsəyən həmsöhbətim hay-küylə, qəhqəhə ilə oynayan bu qayğısız uşaqları göstərib, – Allah-Taala bu xoş gün-güzəranımızı bizə çox görməsin, – dedi.
1990-cı illərin əvvəllərində bir tikə çörəklə imtahana çəkildik. Çətin günlər yaşadıq. Elektrik enerjisi 4 saat fasilə ilə verilir, təbii qazdan isə söhbət belə, gedə bilməzdi. Çünki Culfa rayonunun digər yaşayış məntəqələri kimi, Ləkətağ kəndinə də təbii qaz çəkilməmişdi. İnsanlar qışın sərt soyuğundan qorunmaq üçün meyvə ağaclarını belə, kəsib yandırmaq məcburiyyətində qalırdı. İndi hər cür şərait yaradılıb. Daimi işığımız, qazımız, abad, rahat yolumuz var. Aylıq müavinətlər, əməkhaqları da vaxtlı-vaxtında ödənilir, təsərrüfatımız da yerində. Əvvəllər kənd soveti Ərəfsə kəndində yerləşdiyindən sakinlər adi bir arayış almaq üçün qonşu kəndə, hər xırda bazarlıqdan ötrü şəhərə getmək məcburiyyətində qalırdılar. İndi kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərir, “Bərəkət”in, “Ləzzət”in maşınları nə lazımdırsa gətirib yığırlar xidmət mərkəzinə. Özü də şəhərdəki qiymətə. Bundan yaxşı nə olar? Daha kəndlinin bir gününü itirib qonşu kəndə, hər xırda bazarlıq üçün şəhərə getməyə ehtiyacı yoxdur. Kəndlinin bir gününü itirməsinin nə demək olduğunu təsərrüfatla əlaqəsi olanlar daha yaxşı bilirlər.
Məktəbin qarşısında ayaq saxlayıb möhtəşəm yenilikləri seyr edən qonağım kəndin yaxın keçmişi ilə bağlı xatirələri vərəqlədi. Divarları yarıyadək nəm çəkmiş, palçıqdan inşa olunmuş bir tikilidə dərs keçilirdi. Məktəbimiz natamam orta məktəb olduğundan IX-X sinifləri kəndimizdən 3 kilometr məsafədə yerləşən Ərəfsə kənd orta məktəbində təhsil almaq məcburiyyətində qalırdıq. Yazın yağışı, qışın soyuğunda, üstəlik də, dizə qədər qar yağıb avtomobil yolunu bağlayanda şagirdlər daha çətin vəziyyətə düşürdülər. Ləkətağ kəndinə nə Naxçıvan, nə də Culfa istiqamətində işləyən marşrut avtobusu gəlmədiyindən qoca, cavan – hər kəs bu 3 kilometrlik məsafəni gedib Ərəfsə kəndində marşrut avtobusuna çatmalı idi.
Kənddə rabitə xidməti də “yüksək” səviyyədə idi. Cəmi bir telefon var idi. O da adı indi tarixə çevrilən “Sovet” kolxozunun idarəsində yerləşirdi. Yanı buracaqlı telefon aparatını fırladıb qışqırırdın: “Alo, Əbrəqunus, mənə Culfanı ver”. Culfa ilə əlaqə yaratmaq mümkün olurdusa, bu, böyük xoşbəxtlik idi. Onu da deyim ki, bu “xoşbəxtlik” tək-tək adamlara nəsib olurdu. Evində xəstəsi olan insanların da işi müşkülə dönürdü. Kənddə şəxsi minik avtomobili, demək olar ki, yox idi. Zaman keçdi. Naxçıvanda başlanan torpaq islahatı nəinki ölkəmizin digər regionlarında, MDB məkanında belə, nümunə kimi istifadə olundu. Torpaq sahibinə – kəndliyə verildi. Bu həm kəndlinin iş yeri, həm də ruzi-bərəkət mənbəyi oldu. Torpaq əkilib-becərildi, bolluq yaradıldı.
Söhbətləşə-söhbətləşə gəlib çatdıq bizim evə. Yol gəlmişik, bir qismət çörək kəsək, – deyib qonaqları və bizimlə gələnləri evə dəvət etdim. Əvvəlcədən xəbər verdiyimizdən hazırlıq görülmüşdü, süfrə açılmışdı. Balı, yağı, pendiri, şoru, ocağa düzülmüş kababı, tüstüləyən samovarı göstərən Akif, – yüz faiz təbii, yerli məhsullardır, – deyib qonağın üzünə baxıb güldü.
Dostum, kənddə neçə ev olar, – deyib Siyavuşa baxdı. Yetmişdən çox olar, – dedi. Hamısı da qohum olar. Qız verib, qız alarlar sualına Siyavuş özünəməxsus yumorla cavab verdi: – Əvvəllər elə idi. İndi hər kəsin qapısında bir inomarka maşını var, gedib şəhərdən götürüb gəlirlər, – deyib söhbətə bir az şuxluq qatdı. Çay süfrəsi arxasında kəndin keçmişi, bu günü ilə bağlı şirin söhbət etdik. Üzünü Tağı kişiyə tutan qonaq, – maşallah, kəndin girişində oğlun Məhəmməd üçün ikimərtəbəli bina tikmisən. Sağlığına qismət, – dedi.
– Təkcə cavanlar deyil, 70 yaşlı Heydər, Adəm, Sultan kişi, Eynalı müəllim də elə cavanlıq eşqilə qurub-yaradırlar. Köhnə formada olan tikililəri müasirləşdirirlər. Özü də Naxçıvan sementi,Naxçıvan kərpici, digər yerli tikinti materialları ilə.
Bu sözü ilk dəfə eşidən qonağın təəccübləndiyini görən Tağı usta: – Naxçıvanda nəhəng Sement Zavodu tikilib,– dedi. Elə keyfiyyətli sement özümüzdədir.
– İş məsələsi necə, yenə Məhəmməd şəhərdə işləyir?
– Yox, kənddəki rabitə evində ATS qurulub. Orada işləyir. Daha kolxoz idarəsində “Alo, Əbrəqunus” deyib boğazımızı yırtmağa ehtiyac yoxdur. Hər kəsin evində telefonu var. Dünyanın istənilən yeri ilə əlaqə yaratmaq olur.
Sonra kəndin keçmişi ilə bağlı xatirələri vərəqlədik.
Xoş gün-güzəran, əmin-amanlıq rəmzi olan gülüş, təbəssüm üzünüzdən əskik olmasın, – deyib həmkəndlilərimlə xudahafizləşib Naxçıvan şəhərinə üz tutduq. Qonağımın Bakıya bileti var idi. Biznes işi ilə əlaqədar bir neçə gün də paytaxt şəhərimizdə olacaq, sonra isə Rusiyaya yola düşəcəkdi. Əvvəllər çala-çökək yolla 3 saata getmək mümkün olan yolu indi rahat asfalt yolla 40-45 dəqiqəyə getdik. Özü də təzə maşın alan Kərim müəllim kimi döngələri də düzünə gedib dərəyə yuvarlanmadan. Yol nişanlarının tələblərinə əməl etməklə. O an düz 25 il əvvəl dostumun dediyi sözlər yadıma düşdü: “Qardaş, kimin böyrəyində daş varsa, bu kələ-kötür yolla Ləkətağa bir dəfə gedib-gəlsə, həmin daşdan canı qurtarar. Ancaq qorxuram ki, sonra da bel yırtığı, ya da onurğa sıxılmasından ömrü boyu əziyyət çəkə”.
– Yollar necədir, daha böyrəyindən daş salmağa ehtiyac yoxdur ki? – deyə soruşdum.
Dostum qəhqəhə çəkib güldü. Əlindəki telefonunu açıb, – bax, bu, uşaqlarımın təhsil aldığı məktəbin önündə çəkdirdikləri şəkildir. Nəhəng Sovetlər İttifaqının paytaxtı Moskva şəhərindən cəmi 60 kilometrlik məsafədə yerləşir. Hələ də məktəblər yeni dərs ilinə hazırlananda əhənglə ağardılır, yollarda isə yamaq yamağın üstündən qoyulur. Blokada şəraitində yaşayan Naxçıvanda şahidi olduğum yenilikləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu, möhtəşəm bir yenilikdir. Naxçıvanda daimi yaşayanlar üçün bu yeniliklər qəribə görünməyə bilər. Biz qürbətdə yaşayan, uzun illərdən sonra Vətənə dönüb bu inkişafı görənlər üçün inanılmaz bir yenilikdir.
Artıq maşınımız Naxçıvan Beynəlxalq Hava Limanına yaxınlaşdı. Dostum yenə keçmişi xatırlayaraq dedi: – Bir dəfə Bakıya uçurduq. Qeydiyyatdan keçərkən biletləri cırdılar. Bir az sonra təyyarəyədək qaçhaqaç başladı. Mənimlə gələn qonaqlarla bir tərəfə çəkilib gözlədik. Nəhayət, növbə çatdı, təyyarəyə qalxdıq. Baxdıq ki, təyyarədə nəinki oturmağa, heç ayaq qoymağa belə, yer yoxdu. 27 nəfərlik “YAK-40” təyyarəsinə, yalan olmasın, 50-60 nəfər minmişdi. O dəqiqə bu qaçhaqaçın mahiyyətini anladıq. Sən demə, kim tez yer tutdusa, o qazandı. Nə isə, necə deyərlər, palaza bürün, elinən sürün. Hamı kimi biz də bu saatyarımlıq yolu ayaq üstə getmək məcburiyyətində qaldıq. Ayrı yolumuz yox idi. Əgər bu reysdən imtina etsəydik, günlərlə hava limanında qalardıq. Bir azdan sonra hərəkət edən təyyarə start xəttinə yaxınlaşdı. Təyyarə bələdçisi bir az mehriban səslə, – mehriban olun, 2-3 nəfər də sərnişinimiz var. Onları da götürək, – deyə sərnişinlərə müraciət etdi. “YAK-40” təyyarəsi ilə uçanlar yaxşı xatırlayırlar. Minik üçün trap-filan lazım deyil. Nəhayət, təyyarənin arxa tərəfindəki qapı açıldı, 3 nəfər özünü birtəhər saldı salona. Təyyarə start götürdü. Amma ləngər vura-vura. Ayaq üstə güclə dayanırdıq. Mənimlə yanaşı dayanan bir nəfər narazı səslə öz-özünə deyinərək təyyarənin konstruktoruna iradını bildirirdi: – Qardaş, düzəldirsən, düzəmməli düzəlt də. Sərnişin avtobusu kimi yuxarıda tutacaq qoy. 10-15 metr trubaya da qıymırsan? – deyib üzümə baxdı. İlk dəfə təyyarəyə mindiyini zənn edib, – düz deyirsən, – dedim. Neyləsin, aşıq gördüyünü çağırar. Zavallı elə bilir ki, təyyarədə gediş elə şəhərarası avtobus kimi olur.
İndi kiçik hava limanının yerində dünyanın məşhur hava limanları ilə bir sırada dayanan möhtəşəm bir hava limanı ucaldılıb. Özü də xidmət tam təhlükəsiz hava laynerləri ilə aparılır. Ulu öndərin vətəni Naxçıvanda dahi şəxsiyyətin görmək istədiyi yeni Naxçıvan qurulub. Quran əlləriniz var olsun, – deyən dostumla qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvanda yenidən görüşmək ümidi ilə ayrıldıq.

Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR