Ötən ay muxtar respublikada bu inkişafın əsas istiqamətləri müəyyənləşdirilib
Tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Ötən ay biz bunun bir daha şahidi olduq.
Müstəqilliyimizin ilk illərində Naxçıvanda qəbul edilən tarixi qərarlar Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli, iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə mühüm rol oynayıb. Qədim diyar bu gün də dövlətçiliyimizin qətiyyətli müdafiəçisi kimi respublikamızın beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə öz töhfəsini verir.
Martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Muratla görüşüb.
Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin Sədri onun ölkəmizdəki birinci fəaliyyəti dövründə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin olduğunu bildirib, münasibətlərin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq şəraitində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Martın 7-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrümüzdə dünyanın ən ciddi problemlərindən biri də qlobal istiləşmə və ətraf mühitin ekoloji tarazlığının pozulması məsələləridir. Təbiətdəki tarazlığın qorunması təkcə bu günümüz üçün deyil, həm də gələcəyimiz üçün çox böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, muxtar respublikamızda təbiətin mühafizəsi, yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu məsələdə doğma yurdumuzda çox gözəl ənənə formalaşıb. Hər il muxtar respublikamızın əhalisi baharın gəlişini səliqə-sahman yaratmaqla, yaşıllıqlar salmaqla qarşılayır və bu proses ilboyu çox böyük uğurla davam etdirilir. İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu xeyirxah əməllər nümunədir.
Martın 5-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları və meyvə bağları salınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib. Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 23 minə yaxın ting və 18 mindən artıq bəzək kolları əkilib.
Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri əvvəlcə qadınların əl işlərindən, rəsm əsərlərindən, eləcə də onların müəllifi olduğu kitablardan ibarət sərgiyə baxıb.
Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək deyib: “Hər bir cəmiyyətin inkişaf səviyyəsi, o cəmiyyətdə qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulmuş, böyük ehtiram göstərilmişdir. Hələ orta əsrlərdə Naxçıvanda və Qarabağlarda qadın adına layiq Möminə xatın və Quti xatın türbələri ucaldılmışdır. Bunlar bənzərsiz memarlıq abidələri olmaqla yanaşı, eyni zamanda qadına münasibətin nümunəsi idi. Milli kimlik pasportumuz olan “Kitabi-Dədə Qorqud” dastanının qadın qəhrəmanları bu gün də mənəvi saflığın, sədaqətin və mərdliyin rəmzi hesab olunurlar. Belə nümunələr kifayət qədər çoxdur. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram əlaməti olaraq xatın, bəyim, banu və xanım kimi adlar verilərək ehtiram göstərilmişdir. Xalqımız üçün çox müqəddəs olan vətənin, torpağın və dilin ana vətən, ana torpaq, ana dili adlandırılması da Azərbaycan türklərində qadın, ana adına verilən yüksək qiymətin ifadəsidir”.
İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən mühüm amillərdən birinə çevrilməsi artıq danılmaz faktdır. Təsadüfi deyil ki, dövlət strukturlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini də əhatə edən İKT dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən və perspektivli sahələrindən biri sayılır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş İKT-nin muxtar respublikamızda da sürətlə inkişaf etməsi və dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı sözügedən sahədə bundan sonra da yeniliklərin əldə ediləcəyinə zəmanət verir.
Martın 11-də “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təqdimatı olub.
“Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq elektron sənəd dövriyyəsi, eləcə də vətəndaşlardan daxil olan ərizə və müraciətlər üzrə elektron qeydiyyat sistemi yaradılmışdır. Qabaqcıl proqram təminatına əsaslanan bu sistem muxtar respublikada vətəndaş cəmiyyətinin və vətəndaşla dövlət orqanları arasında münasibətlərin inkişafına mühüm töhfədir”, – deyən Ali Məclisin Sədri bu işin mühüm əhəmiyyəti olduğunu bildirib, sistemin yaradılmasında əməyi olanlara təşəkkür edib.
Muxtar respublikada müharibə veteranları və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi buradakı inkişaf və tərəqqinin bəhrələridir. Bunun nəticəsidir ki, ötən il 10 nəfər müharibə əlili və şəhid ailəsi mənzillərlə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 16 nəfər minik avtomobili ilə təmin edilib.
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilib.
Hər bir ölkənin gələcəyi şaxələndirilmiş iqtisadiyyat ilə bağlıdır. Bu, dayanıqlı iqtisadiyyatı təmin edən əsas vasitələrdən biridir. Bu baxımdan turizm sektorunun inkişafı daha çox diqqəti cəlb edir. Bu sektor bir neçə cəhətdən – iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və tanıdılması baxımından səciyyəvidir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına maraq göstərilir. Aparılan sosioloji tədqiqatlardan məlum olub ki, hələ ötən əsrin sonlarında turizm sahəsində dünyada əldə olunan gəlirin həcmi 450 milyard dolları keçib. Hesablamalara görə, 2020-ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Həmin ildə dünya üzrə turistlərin sayının 2 milyard nəfərdən çox olacağı proqnozlaşdırılır. Bu da indiki dövrlə müqayisədə xeyli çoxdur.
Muxtar respublikamızda turizmin inkişafı üçün sabitlik, iqtisadi, psixoloji, mədəniyyət, tarixi, təbii-coğrafi potensial var. Bu, Naxçıvanın beynəlxalq turizm marşrutuna daxil olmasına kifayət edir. Regionumuzda turizm sektoru qaneedici səviyyədə inkişaf etsə və biz doğma diyarımıza turistləri cəlb etsək, onda yeni iş yerləri açılacaq və yeni-yeni müəssisələr yaranacaqdır. Həmçinin yerli əhali əlavə gəlir və qazanc əldə edəcək, yerli mallara daha çox istehsal tələbatı yaranacaqdır. Bundan başqa, turizmin inkişafı ilə əlaqədar yeni ixtisaslar, texnologiyalar meydana gələcəkdir. Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunacaq, səhiyyə xidməti yeni keyfiyyət zəminində inkişaf etdiriləcəkdir. Beləliklə, cəmiyyətin həyatında əsaslı inkişaf baş verəcəkdir.
Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirə, bu mənada, böyük əhəmiyyətə malikdir.
Martın 19-da Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyi şəhər sakinləri ilə yanaşı, muxtar respublikamızın qonaqlarında da xoş ovqat yaradıb, maraqlı və yaddaqalan olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bayram şənliyində iştirak edib.
Ali Məclisin Sədri əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələrini, sabitliyimizi qoruyanları, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə xoş bayram ovqatı arzulayıb.
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Hərbi Hospitalına gəlib, hərbi qulluqçuların sağlamlığı, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanıb. Həmin gün Ali Məclisin Sədri Psixi Xəstəliklər Dispanserinə gəlib, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Novruz bayramı münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasının “Şərqə açılan qapısı” adlandırılan Culfa rayonu bu gün inkişafının yüksəliş dövrünü yaşayır. Göstərilən dövlət qayğısı nəticəsində rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Digər rayonlarımızda olduğu kimi, Culfada da kəndlərin inkişafı muxtar respublikada həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biridir. Aparılan bu işlərin əsas məqsədi kənd sakinlərinin rahat yaşayışını təmin etmək, kəndlə inkişaf etmiş şəhər arasındakı fərqi aradan qaldırmaq, insanların yurda, torpağa bağlılığını artırmaqdır.
Bu gün Culfa rayonunun Saltaq kəndi də yeni inkişaf dövrünü yaşayır. Təbiət möcüzəsi hesab edilən, görünüşü, əzəməti ilə gözoxşayan Haçadağın ətəyində, gur axan Əlincəçayın sahilində yerləşən bu kənddə geniş quruculuq işləri aparılıb. Artıq Saltaq kəndi ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əks etdirən müasir yaşayış məntəqəsinə çevrilib. Martın 28-də Saltaq kənd tam orta məktəbinin yeni binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, kənd avtomobil yolu və körpü, su dəyirmanı istifadəyə verilib.
Bu obyektlərin hər biri misilsizdir. Onlar arasında su dəyirmanının da xüsusi yeri vardır. Tarixi-mədəni irsimizin bir parçası olan su dəyirmanları bu gün də xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilir. Həmin dəyirmanların üstünlükləri çoxdur. Məhz su dəyirmanlarında üyüdülmüş undan çörək yeyənlərdə şəkər xəstəliyi olmur. Yəni su dəyirmanı əsl sağlamlıq mənbəyidir.
Muxtar respublikamızda kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verməklə yanaşı, əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə həm də təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir. Muxtar respublikamızda həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarıb.
Bu baxımdan martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirə böyük əhəmiyyətə malikdir.
Müşavirədə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə, meliorasiya və suvarma tədbirlərinin vaxtlı-vaxtında aparılmasına, kənd təsərrüfatı məhsullarının sığortalanmasına və digər əhəmiyyətli məsələlərə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
“Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”, – deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və 2016-cı ilin yaz əkinlərinin uğurla başa çatdırılacağına əminliyini bildirib, bu işdə muxtar respublikanın kənd təsərrüfatı işçilərinə uğurlar arzulayıb.
Bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılan uğurlara böyük zəhmətlər hesabına nail olunub. Həqiqətən də vətənpərvər, fədakar insanlar aqrar sektor daxil olmaqla iqtisadiyyatın bütün sahələrini davamlı inkişaf etdirmək üçün yorulmadan çalışırlar. Muxtar respublikamızın gələcəyə daha uğurla addımlaması üçün dövlətimizin siyasi iradəsi və gücü vardır. Məhz bunun nəticəsində gələcəyimizin inkişaf istiqamətlərini bu gündən proqnozlaşdırmaq mümkündür. Belə ki, təkcə mart ayı ərzində keçirilən müşavirələrdə qarşıya qoyulan vəzifələrin icrası birmənalı şəkildə daha böyük uğurlar əldə etməyimizə yol açacaqdır. Çünki həmin tələblər həm də müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyasının tərkib hissəsidir.
Rauf Əliyev