Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsinə start verilib.
Komissiyadan aldığımız məlumata görə, imtahan başlanmazdan əvvəl slayd vasitəsilə namizədlərə imtahan və test proqramından istifadə qaydaları haqqında ətraflı məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib.
Qeyd edək ki, test imtahanlarının nəticələri qrafikə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. İmtahanlarda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. 36 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 294 vakant vəzifədən 140-nın tutulması üçün 633 namizədin sənəd təqdim etdiyi müsabiqənin test imtahanları aprelin 15-dək davam edəcək.
Xəbərlər şöbəsi