25 Dekabr 2024, Çərşənbə

Ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində istər şəhər və qəsəbələrimiz, istərsə də kəndlərimizdə uçuq-sökük binalar, yararsız tikililər, çala-çökək yollar, daş-kəsəkli səkilər və tikan-qanqal basmış ərazilər, əkilməyən torpaqlar gözdağına çevrilmişdi. Təbii gözəllikləri ilə dillər əzbəri olan Şahbuz rayonunun qonaqları da bu mənzərədən təəssüf hissi keçirirdilər. O dövrdə bölgəsindən asılı olmayaraq, hər bir yaşayış məntəqəsində elə rayonumuzda olduğu kimi, eyni problemlər və eyni ab-hava hökm sürürdü. Zaman isə öz axarında davam edərək hər keçən günü tarixə verirdi. Həmin vaxtlarda Şahbuza gələn bir qələm sahibi ilə həmsöhbət olmuşdum. O görüşdən xatirimdə qalanları sonralar yaddaş dəftərimə köçürmüşdüm.

Şahbuzun yenilənən simasına, inkişaf və tərəqqisinə aid bu yazını yazarkən həmin söhbəti bir daha xatırladım. Həmsöhbətimin təəssüratları: “Eşitdiyimə görə, bu rayonda bir-birindən gözəl təbiət mənzərələrinə malik olan dağ kəndləri çoxdur. Elə buna görə də Şahbuza üz tutub o dağ kəndlərində olmaq mənim üçün bir arzuya çevrilmişdi. Ancaq onu da eşitmişdim ki, buludların qaşqabağı tutulanda bu kəndlərə gedən yollar, demək olar ki, bağlanır. Ona görə də Şahbuza avqustda gəldim ki, istədiyim kəndə gedə biləm. Rayonda olarkən buranın sanki bir təbiət abidəsi olduğunu gördüm. Təbiətə vurğunluğumdan rayonun ən ucqar dağ kəndinə getmək istədim. Lakin mənə bildirdilər ki, bu kənd­lərdən ancaq yolunun münasib olanını – yəni uzaq olsa da, ən rahat olanını seçmək məsləhətdir. Mən isə bunun fərqinə varmadan dəniz səviyyəsindən çox yüksəkdə yerləşən kəndlərdən birinə getmək istədim. Yolum Gecəzur (indiki Ağbulaq kəndi – müəllif) tərəfə oldu. Bir neçə kəndi keçəndən sonra yol yoxuşa dikəldi. Həmin vaxt mənimlə yolyoldaşı olan rayon sakini Allahverdi Həziyev öz-özünə danışırmış kimi astaca dedi:

– Hə, indi bu sərt yoxuşları qalxmağa oğul istəyirəm.
Onu da qeyd edim ki, rayon rəhbərliyi tərəfindən bizə ayrılan “QAZ-69” markalı təzə minik maşınının sərt yoxuşları asanlıqla qalxacağına məndə bir əminlik vardı. Elə bu arxayınçılıqla yolyoldaşımla söhbət etməyə başladım. Amma getdikcə daralan kənd yolunun vahiməsi məni qorxutmağa başlayırdı. Yolun vahiməsini unudum deyə, başımı nə qədər söhbətə qatmaq istəsəm də, o yan-bu yandan söz salsam da, yola baxdıqca nəfəsim kəsilir, oturacağın dəstəklərindən daha bərk-bərk yapışaraq yerimdə dikəlir və sanki divar kimi yamaca dırmaşan maşının yükünü yüngülləşdirməyə çalışırdım. Torpaq yolun yağış sularından yuyulmuş hissələrində maşının təkərləri sanki buz üstündəymiş kimi sürüşür, sürücünün səy göstərməsinə baxmayaraq, istiqamətini tez-tez dəyişirdi. Qorxudan qulaqlarım uğuldayırdı. Elə bilirdim ki, neçə saatdır, yol gedirik. Yoxuşa qalxan yol isə bitmək, tükənmək bilmirdi. Və beləcə, gərgin bir vəziyyətdə Allaha üz tutub sağ-salamat bu kəndə yetişmək diləyini təkrarlaya-təkrarlaya dağların əhatəsində yerləşən kəndə çatdıq.
Bakının nəfəs almaq mümkün olmayan avqust bürküsündən sonra belə bir sərinliyə düşəcəyimi ağlıma da gətirmirdim. O anda düşündüm ki, heyif, belə bir havası, suyu, təbii mənzərələri olan kəndin adicə rahat maşın yolu belə, yoxdur. Hava getdikcə sərinlədi, biz isə üşüməyə başladıq. Amma kəklikotunun, biçənəklərin ətri dolan könlüm elə bil ki, dünyaya baxmaq üçün ən yaxşı yer olan bu ucalıqdan dağa dönmüşdü. Yolların qıraqlarındakı kolların dibindən pırıltı ilə uçan kəkliklər, bildirçinlər, sərin dağ mehindən yırğalanan otlar, çiçəklər adama dünyanın bütün dərdlərini unutdururdu sanki. Amma kəndə doğru irəlilədikcə yenə də təəssüf hissi məni öz ağuşuna alırdı. Yolboyu gördüyüm başqa kənd­lər kimi, burada da bitib-tükənməyən bir solğunluq, sakit bir yaşam və yetim bir səssizlik vardı. Kənddə qarşımıza çıxan ahıllar və yaşlı insanlar bizi çox mehribanlıqla salamlayır, evə dəvət edirdilər. Kəndlərində hər şey kasad olan insanların könül dünyasında bir gözəlliyin olduğu onların simasından oxunurdu. Daşlı-çınqıllı kənd yolunun döngəsində qarşımıza atın cilovundan tutmuş bir kişi çıxdı. Atın üstündə isə 10-12 yaşlarında bir uşaq oturmuşdu. Kələ-kötür məhəllə yolu dar olduğundan sürücü maşını saxlamağa məcbur oldu. Çöhrəsindən sağlamlıq, gümrahlıq yağan ağsaqqal bizi salamladı və sonra gülə-gülə dedi: “Biz ikiyik, atımız bir”. Əvvəl bu fikri anlamasaq da, sonra kişiyə yanımızda yer verib yolyoldaşı olduq. Söhbətə körpü salan kənd adamı sanki uzun illərdən bəri ürəyini boşaltmağa axtardığı bir adamı tapmışdı. Həm gileyli, həm incik, həm də təəssüf hissi ilə fikirlərini bildirən ağsaqqal arada üzümə baxaraq sualımı gözləmədən ürəyindəkiləri boşaldırdı:
– Rahat yaşamaq üçün heç nəyimiz yoxdur. Əlimizdə, ovcumuzda olansa əkin-biçindən, bir də bağ-bağatdan Tanrı verəndir. Gördüyünüz kimi, bu yolla harayasa satmağa mal aparmaq, qazanc eləmək bir arzudur bizdən yana. Hərə öz başını birtəhər saxlayır. Kimdi, bizi yadına salan. Kəndimiz öz hesabına yaşayır, çətin günlərini birtəhər yola verir. Baxan yox, maraqlanan yox. Yolumuz da, körpümüz də, suyumuz da, əkin-biçinimiz də özümüzə aiddir. Kənddə oturmağa bir yer belə, yoxdur ki, torpaqdan baş qaldıranda günün bir neçə saatını tay-tuşunla orada keçirəsən. Burada cəmi bir telefon olan ev var ki, hayımızda da, vayımızda da o qapını döyürük. O da işləyə, işləməyə. Xəstələnəni, yıxılanı nə bir xəstəxanaya, nə bir həkimə vaxtında çatdıra bilirik. Çətinlik bir deyil, iki deyil, ha danış ki, qurtaracaq. Allah ümidinə yaşadığımız bu kənddən cavanlarımız da üz çevirib. Bağımızdan, bağatımızdan, malımızdan, heyvanımızdan götürdüyümüz məhsulun artıq qalanını satmağa yer tapa bilmirik. Ona görə də hər kəs özünə lazım olan qədər əkir-biçir, birtəhər dolanır. Kənd sovetinin də adı var, özü yox.
Söhbət əsnasında həmsöhbətimdən soruşdum ki, burada mədəniyyət evi, klub, kitabxana, xəstəxana yoxdurmu? Ağsaqqal acı təbəssümlə cavab verdi:
– Niyə yoxdu, var. Uçuq-sökük bir neçə binada guya mədəniyyət evi, klub, xəstəxana var. Amma biz o binalarda adam, onların qapısını açıq görmürük ki, görək onlar nə işlə məşğul olurlar. İndi ay qonaq qardaş, sən de görək, burada o sən deyənlər var, ya yox? İndi inanırsan ki, biz Allah ümidinə yaşayırıq...

Dərdli yolyoldaşımın çeşid-çeşid giley-güzarı məni də öz təsiri altına saldı. Bu söhbət məni həmin ünvanlara getməyə “ruhlandırdı”. Gözümlə görmək istədim adı olub özü olmayan təşkilatları. Üz tutduğum ünvanlar–kənd orta məktəbi (əgər buna məktəb demək olardısa), mədəniyyət müəssisələri, xəstəxana öz görkəmi ilə burada ağsaqqalın dediyi kimi, heç bir işin olmadığından xəbər verirdi. Kəndin ümumi görkəmində hiss olunan atılmışlıq, unudulmuşluq bu binaların uzaqdan “gəl-gəl” deyən simasından oxunurdu. Bu, kəndin alababat evlərindən, yollarından, məhəllə küçələrindən də bəlli olurdu. Elə onda düşündüm ki, doğrudan da, atalarımız demişkən, “Görünən dağa nə bələdçi”. Sonra da təəssüf hissi ilə düşündüm ki, görəsən, bu qədər təbii gözəllikləri və sərvətləri ilə gözoxşayan kəndlər nə səbəbdən unudulub, yaddan çıxıb? Dəniz səviyyəsindən 2000 metrə qədər yüksəklikdə olan kəndlərdə gözoxşayan nə bir tikili gördüm, nə bir yenilik, nə də bir rəvanlıq. Səliqə-sahmandan, təmizlikdən isə danışmağa dəyməz. İllər lazımdır ki, burada yığılıb qalan, ətrafa səpələnən tullantılar təmizlənsin. Çay kənarları, boş qalmış ərazilər məişət tullantılarının “bazasını” xatırladır. Bunlar bir yana qalsın. Yolboyu gördüyüm və ürəyimi ağrıdan bir mənzərəni də unuda bilmirəm. “Boynu vurulmuş” ağac kötükləri, kəsilmiş kollar, qurumuş ağaclar təbiətə də insanların biganəliyinin, laqeydliyinin göstəricisi kimi ürək ağrıdır. Yolçusu olduğum yolların keçdiyi dağlarda, dərələrdə təbii qanunauyğunluqla ikibir, üçbir baş-başa vermiş cır ağaclardan başqa, nə bir yaşıllığa, nə də cavan tinglərə, bağlara rast gəldim. Onda öz-özümə sual verdim ki, görəsən, yurdumuza, kəndlərimizə və onun əsrarəngiz sərvətlərinə nə vaxtsa sahib çıxan olacaqmı? Nə vaxtsa yurdumuzun bənzərsiz təbii sərvətlərinin qədir-qiyməti bilinəcəkmi? Axı bu uca dağlar, gen dərələr, buz bulaqlar, dərdlərə məlhəm təmiz hava hər yerdə olmur. Onlar bizə Tanrı bəxşişidir. Heyif ki, sahibi yoxdur...”
Bu fikirlər 1989-cu ilin avqustunda rayonumuza gəlmiş qələm sahibinin söhbətindən yadımda qalanlardır. Onda Vətənimizin vətən sevgisinə, övlad məhəbbətinə möhtac olduğu illər idi. Xoş gün axtaranlar sabaha böyük ümidlərlə baxanlara sual verirdilər: qazı, işığı, yolu, rabitəsi, iş yeri, yaşayış şəraiti olmayan bir yerin gələcəyi xoşbəxt ola bilərmi? Bunlar xülyadır deyənlər yaxın-uzaq ellərə üz tutdular. Ulu öndərin hakimiyyətə qayıdışı ilə muxtar respublikamızda insanlar işıqlı sabahların, gözəl günlərin eşqinə qol çırmayıb işə girişdilər. Çətinliklər tədricən öz həllini tapmağa başladı. Zaman bizim xeyrimizə irəliləyirdi. Bütün işlər el birliyi ilə görülürdü. Buna görə də bizi də öz arxasınca aparan zaman Naxçıvanımızı günbəgün dəyişdi, yeniləşdirdi. Şəhər, qəsəbə və kənd­lərimiz az qala saatbasaat dəyişdi, inkişaf etdi. Şahbuz da quruculuq işlərindən öz payını aldı.
Bizdə el arasında deyərlər ki, gözəllik ağacı qədirbilən insanın zəhmət təri ilə suvarılır. Bu mənada, muxtar respublikamızda aparılan quruculuq işlərindən Şahbuzun da ucqar dağ kəndlərinə, eləcə də Ağbulağa böyük pay düşüb.
İndi heç bir naxçıvanlını, o cümlədən şahbuzlunu nə iş, nə yaxşı yaşayış, nə məişət problemləri, nə satım, harada satım, nə əkim, necə əkim, hara gedim, harada qalım kimi suallar düşündürmür. Çünki bütün bu sualların cavabı olan islahatlar həyata keçirilib. Nəticədə, regionumuzda yaşayan hər bir insanın iş yeri, yaxşı yaşayışı, məişət şəraiti var. Əkən, biçən üçün dövlət dəstəyi günbəgün güclənir. İstehsalçının alıcı problemi yoxdur. Kim harada, necə yaşamaq istəyirsə, arzularını reallaşdıra bilir. Məktəblər, sosial obyektlər, müasir infrastruktur sahələri quruculuq siyasətinin ərməğanı kimi yurd yerlərimizi gözəllik ünvanına çevirib. Yollar, səkilər, parklar, istirahət guşələri müasir tələblərə uyğun qurularaq insanların istifadəsinə verilib. İndi Şahbuzun ən ucqar sərhəd kəndində belə, müasir məktəb binaları, mədəniyyət və səhiyyə müəssisələri üçün milli arxitektura ənənələrinə uyğun obyektlər istifadəyə verilib. Yerli istehsal günbəgün artır, sahibkarlığın genişlənməsi üçün hərtərəfli şərait yaradılır.
Yazının əvvəlində 1989-cu ildə Şahbuz rayonuna qonaq gələn həmkarımın gördüyü Ağbulaq kəndinin bu günündən, onun tərəqqisindən uzun-uzadı danışmağa lüzum yoxdur. Təkcə bircə faktı qeyd etmək kifayətdir ki, bu kənd haqqında təəssürat yaransın. Bu ilin ötən dövrü ərzində dünyanın ondan artıq dövlətinin ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfirləri Şahbuz rayonunun Ağbulaq kəndində olub. Kənddə yaradılan istirahət mərkəzinə respublikamızın hər bir bölgəsindən, o cümlədən xarici ölkələrdən istirahətə və gəzintiyə gələnlərin sayı bu günlər daha da çoxalıb. Kənd turizminin inkişafı üçün hərtərəfli şəraitə malik olan, yüksək infrastruktur sahələrinin yaradıldığı Şahbuzda hər bir kəndin, yaşayış məskəninin müasir insanın istəklərinə uyğun qurulması deməyə əsas verir ki, muxtar respublikamız yaxın gələcəkdə turizm üçün ən sevilən region kimi dünyada tanınacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən siyasətin muxtar respublikamızda davam etdirilməsi bizi arzularımıza çatdırıb. Ağbulaq kəndinin indiki görkəmi fotoşəkillərdə öz əksini tapır.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR