Hər açılan sabah qazanılan uğurlardan soraq verir
Dəfələrlə bu yolu qət etmişəm. Fərqli düşüncələr, dünəni xatırlamalar, bir-birini əvəz edən mənzərələrin yaratdığı təəssüratlar mənzil başına nə vaxt çatdığımızı belə, unutdurub. Yenə Şərur rayonunu ötüb üzü Sədərəyə, sərhəd bölgəmizə tərəf uzanan geniş asfalt yolla Heydərabad qəsəbəsinə gedirəm. Bu yolun hər döngəsinə, hər qarışına bələdəm. Bir vaxtlar burada gedən amansız döyüşləri yaxşı xatırlayıram. Aradan çox illər keçib. Ancaq müharibənin yaddaşlarda dərin izləri qalıb.
1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərək bölgəsinə hücum ediblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Təkcə 1990-cı il mart ayının 28-də Ermənistan tərəfdən Sədərəyə 300-ə yaxın top mərmisi atılıb. Bu müddət ərzində ərazidə 500-ə yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıdılıb. Qədim yurd yerinin müdafiəsi vətənpərvər oğulların üzərinə düşüb. Muxtar respublikanın rayonlarından gələn igid eloğullarımız burada böyük qəhrəmanlıqlar göstəriblər. Həmin illərdə muxtar respublikamızın bütün bölgələrindən, həmçinin ölkəmizin 12 rayonundan Sədərəyə kömək gəlib. Qeyri-bərabər döyüşlərdə 500-ə yaxın adam yaralanıb. 108 nəfər eloğlumuz şəhidlik zirvəsinə ucalıb ki, onlardan 52-si sədərəklidir. Qanlı döyüşlərdə qəhrəmanlıq göstərən polis kapitanı Məhərrəm Seyidov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bəli, bunlar ən yaxın keçmişimizin müharibə xronikasıdır.
İndi atəşkəs dövrü olsa da, ara-sıra eşidilən güllə səsləri adamların qurub-yaratmaq əzmini, doğma yurdun hər qarışını gülüstana çevirmək həvəsini qətiyyən zəiflətmir. Əksinə, hər kəsin qəlbindəki vətənpərvərlik hissini alovlandırır, sakinləri Sədərəyi daha əzmkarlıqla tikib-qurmağa ruhlandırır.
Bu bölgədə diqqətçəkən əsas cəhət də adamlardakı yüksək əhval-ruhiyyə, torpağa qəlbən bağlılıq, sabaha cavahdehlik hissləridir. Rayon sakinləri böyük qələbənin tezliklə gerçəkləşəcəyinə inanırlar. İnanırlar ki, onların firavan həyatı, yaxşı dolanışığı üçün qayğı və diqqətini əsirgəməyən, Qarabağ problemini özünün çoxsahəli fəaliyyətində həmişə prioritet məsələ hesab edən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti və yenilməz iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.
Heydərabad qəsəbəsi şəhər timsalındadır
Son vaxtlar Heydərabad qəsəbəsinə yolu düşənlər sevinc və təəccüb hisslərini gizlədə bilmirlər. Özü də bu sevinc və təəccübə səbəb təkcə onların gözünü-könlünü oxşayan yenilik, abadlıq və gözəllik deyil. Bizcə, burada başqa bir səbəb də var: aparılan tikinti-quruculuq işlərindəki yüksək zövq və müasirlik. Qəsəbə öz simasını tamamilə dəyişib: yeni binalar tikilib, yollar, səkilər salınıb, park və bağlar yaradılıb. Bu gün Heydərabad qəsəbəsində elə bir ictimai və yaşayış binası tapmaq olmaz ki, əsaslı şəkildə təmir və ya bərpa edilməsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından ötən 16 il ərzində sərhəd bölgəsində görülən işlər öz vüsəti ilə diqqəti çəkir. Ümummilli liderimizin adını daşıyan Heydərabad qəsəbəsinin abadlaşdırılaraq müasir rayon mərkəzinə çevrilməsi rayonun simasını xeyli dəyişib, ona yaraşıqlı görkəm verib.
Yenidən qurulan Heydərabadda görülən işləri ölkə başçısı yüksək qiymətləndirib: “... Gözəl evlər, binalar tikilib. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublikanın rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”.
Son illər dövlətin davamlı qayğısından güc alan, doğma yurdu canından artıq sevən insanların fədakarlığı qəsəbəni şəhərə çevirib desək, qətiyyən yanılmarıq. Şəhərlərə xas olan xüsusiyyətlər indi Heydərabadda var.
Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov deyir ki, cari ilin ilk 6 ayı da Sədərək üçün uğurla başa çatıb. Bu dövrdə sərhəd bölgəsində 63 min manatlıq abadlıq və təmir işləri aparılıb. Hazırda Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Quruculuq tədbirləri rayon həyatının müxtəlif sahələrini əhatə edir. Suvarma suyuna olan tələbatın ödənilməsi məqsədilə rayonda 52 subartezian quyusu təmir olunub, 6 subartezian quyusuna yeni nasos salınıb. Bir subartezian quyusunda bərpa işləri aparılıb, bir yeni subartezian quyusu qazılıb. Respublika əhəmiyyətli 18, yerli əhəmiyyətli 14 kilometrlik yolda təmir işləri aparılıb. Bu dövrdə müxtəlif gücə malik olan 3 transformator və müxtəlifölçülü elektrik verilişi xətləri dəyişdirilib. 51 ədəd yeni elektrik dirəyi quraşdırılıb. 7 mənzilə qaz xətti çəkilib.
Sədərək kəndlisi ulu Dədə Qorqudun nəsihətinə əməl edir
Heydərabad qəsəbəsindən Sədərək kəndinə gedirik. Ağrı dağının zirvəsindən süzülüb gələn dağ havası yayın oğlan çağında ciyərlərimizə qəribə sərinlik gətirir.
Ətrafdakı yamyaşıl tarlalar, bardan budağını əyən ağaclar sanki ötüb-keçənlərə bərəkət nəğməsi oxuyur. Yolkənarı tikililərin müasir dizaynı, yaraşıqlı görünüşü adama sərhəd bölgəsində, düşmənin bir addımlığında olduğunu unutdurur.
Bu əhvalla Sədərək kəndinin mərkəzindəki qocaman çinar ağacının altında dayanırıq. Ağacın iriyarpaqlı budaqları nəhəng bir yelpik kimi ətrafa sərinlik bəxş edir. Qarşı tərəfdən çıxıb bizə yaxınlaşan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımovla hal-əhval tuturuq. Yolboyu yaranan təəssüratımızı bölüşürük. Arif Qasımov bildirir ki, Sədərəyin bol suyu əkinləri, bağ-bağatları təzə-tər, yaşıl saxlayıb. Bu il məhsul daha boldur. Adamlar da, sağ olsunlar, gecə-gündüz əkin-biçinin üstündədirlər.
Bu vaxt Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov və İcra Hakimiyyətinin məsul işçiləri də maşından düşüb qoca çinarın kölgəsinə gəlirlər. Bəxtiyar Mahmudov:
– Qaraağac kəndindən gəlirik. Həmişə camaatın içərisində oluruq. Bu görüşlər isə məxsusi hesabat xarakteri daşıyır. İrili-xırdalı problemləri öyrənib yerindəcə həll etməyə çalışırıq.
Sədərəyin barıt qoxan qanlı-qadalı o günlərini xatırlayanda, bu gün gözqamaşdıran gözəlliyi ilə üzəgülən növrağına baxanda istər-istəməz ulu ozan Dədə Qorqudun məşhur bir deyimi yada düşür: “Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz...”
Əzəli və əbədi yurd yerlərini böyük qurbanlar bahasına Ermənistan silahlı qüvvələrinin caynağından xilas edən sədərəklilər bu torpağın hər qarışının qədrini bilir, kimsəyə əl açmamaq, muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatına sanballı töhfələr vermək üçün əzmlə çalışır, bol məhsul istehsal edirlər. Müharibə şəraitində yaşayan bir ölkədə çörək elə silah qədər əhəmiyyətlidir. Bu həyat həqiqətini dərk edən rayonun torpaq mülkiyyətçiləri bu il 1947 hektar sahədən 6301 ton taxıl istehsal ediblər. Muxtar respublika üzrə taxılçılıqda ən yüksək məhsuldarlığa sərhəd bölgəsində nail olunub: 32,4 sentner. “Sarı kəhrəba” ustaları taxıl istehsalını yaxın illərdə 10 min tona çatdırmağı qarşılarına məqsəd qoyublar. Bölgənin torpaq mülkiyyətçiləri kartof, bostan-tərəvəz, meyvə, ət, süd, yun, yumurta istehsalında da böyük uğurlar qazanırlar. Cari ilin ilk 6 ayında torpaq mülkiyyətçiləri 1437 hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriblər. Payızlıq və yazlıq əkinlərinin aparılmasına görə 482 torpaq mülkiyyətçisinə 132 min 380 manat yardım edilib, onlara güzəştli şərtlərlə 283 ton gübrə verilib. Çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib. Yetişdirilən məhsulun satışındakı problemlər də aradan qaldırılıb.
Bu gün Sədərək kəndlisi ulu Dədə Qorqudun yuxarıda xatırlatdığımız, bütün zamanlar üçün aktual olan müdrik kəlamının dəyərini öz hünəriylə təsdiq edir. Hər kəsin görə biləcəyi reallıqdır ki, bu qədim yurd yeri göz bəbəyi kimi qorunur, qayğı ilə əkilib-becərilir, onun hər qarışı böyük zəhmət, alın təri bahasına cənnətə döndərilir.
İnsanların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu ilin ilk 6 ayı ərzində rayon üzrə 41 nəfərə yeni pensiya təyinatı aparılıb. İki nəfərə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu dövr ərzində Sədərək Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış 45 nəfər işaxtaran sədərəklinin hamısı daimi işlə təmin olunub. Bütün bunlar sədərəklilərin qurub-yaratmaq əzminə öz müsbət təsirini göstərib. Bu gün sərhəd bölgəsinin sakinləri məhz belə yüksək əhval-ruhiyyədədirlər. Bunu Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Teymur Quliyevlə söhbətdən də duyduq:
– Əvvəlcə, onu deyim ki, ulu öndər Heydər Əliyev dühası Sədərək rayonunu erməni işğalından hifz etdi. Siz də yaxşı bilirsiniz ki, bu bölgədə, bu torpaqda nələr yaşanıb. Bütün bunlar öz yerində. İndi biz qurub-yaradır, əkib-becərməklə məşğul oluruq. Sərhədlərimizi göz bəbəyi kimi qoruyan əsgərlərimizə, Silahlı Qüvvələrimizə güvənirik. Bu gün hər bir sədərəkli əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.
* * *
Bəli, sərhəddə düşmənlə üzbəüz dayanan, gündən-günə gözəlləşən Sədərək rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Sədərəklilər bu yüksəliş və inkişafı, ilk növbədə, ölkə Prezidentinin və Ali Məclis Sədrinin gündəlik diqqət və qayğısının nəticəsi kimi dəyərləndirir, bu yüksək himayədarlığa bundan sonra da əməli işləri ilə cavab verəcəklərini söyləyirlər.
Bu gün sərhəd bölgəsi olan Sədərək xaosda boğulan, gün keçdikcə bir az da iqtisadi böhranın uçurumlarına yuvarlanan düşmənin gözü qarşısında sabaha inamla addımlayır. Dünən güllələr açılan yerdə bu gün güllər açır. Hər açılan sabah isə beş addımlıqda olan düşmənə gözdağına çevrilən Sədərəyin yeni uğurlarından soraq verir.
Muxtar Məmmədov