Bu gün milli mətbuatımızın yaranmasının 141-ci ildönümü tamam olur. 1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan “Əkinçi” xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaratmışdır. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Bu amili yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.
Sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Bütün bu maneələri 1969-cu ildə hakimiyyətə gələn dahi rəhbər, ulu öndər Heydər Əliyev aradan qaldırmış, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoymuş, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrilmişdir.
Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuş, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edilmişdir. 1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirilmiş, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Ölkə Prezidentinin 2012-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabinin 170 illik yubileyi ölkə miqyasında qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamına əsasən, muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların maddi-texniki bazaları gücləndirilmişdir. Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi də bu sahədə işin keyfiyyətinə müsbət təsir göstərmişdir.
Ümumiyyətlə, son 20 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilmişdir. Artıq 10 ildən çoxdur ki, “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açılışı olmuş, müasir iş şəraiti yaradılmışdır. Mətbəədə quraşdırılan müasir çap avadanlıqları hesabına artıq muxtar respublikada işıq üzü görən bütün qəzet və jurnallar rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunurlar.
Naxçıvanda elektron medianın inkişafı da diqqət mərkəzindədir. Qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün 17 saat efirdə olan Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdirlər. İnformasiya texnologiyalarının tətbiqi teleradio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırmış, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunmuşdur. Digər bir tərəfdən yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam dolğun ödənilməsinə imkan verir. Yaradılan şərait jurnalistlərin tam sərbəst fəaliyyət göstərməsinə hesablanıb. Artıq ölkəmizin mötəbər qəzet, televiziya və informasiya agentliklərinin muxtar respublikada müxbir postları fəaliyyət göstərir, hər il dünyanın müxtəlif yerlərindən gələn yüzlərlə jurnalist Naxçıvan haqqında teleradio və qəzet materialları hazırlayır.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və dünya ədəbiyyatı kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Mətbuat dövrün güzgüsüdür. Gələcək nəsillər tariximizi öyrənmək üçün indiki qəzetlərə, televiziya verilişlərinə müraciət edəcəklər. Odur ki, tariximiz öz əksini düzgün tapmalıdır. Hər bir kütləvi informasiya vasitəsi işçisi bilməlidir ki, o, bu günün gələcək nəsillərə daşıyıcısıdır. Ona görə də hər günün tarixi yazılmalı, gedən proseslər düzgün işıqlandırılmalıdır”.
Dövlətimizin daha güclü, qüdrətli Azərbaycan uğrunda gördüyü işlərdə, xalqımızın daha işıqlı və parlaq gələcək yolunda atdığı addımlarda jurnalistlərin, ümumilikdə ömrünü mətbuata həsr etmiş insanların üzərinə düşən vəzifə də çox məsul və şərəflidir. Çünki vətənpərvər jurnalistin harada, hansı mətbuat orqanında fəaliyyət göstərməsindən asılı olmayaraq, bir arzusu, bir idealı olmalıdır: dövlətimizə, xalqımıza, vətənimiz Azərbaycana sədaqətlə xidmət etmək. Müasir dövr jurnalistlərdən dövlətimizin qüdrətlənməsi, xalqımızın firavan yaşaması yolunda görülən işləri, qazanılan uğurları, nailiyyətləri iti qələmlə təsvir və təbliğ etməyi tələb edir. Bu gün o insan özünü əsl mübariz, jurnalist, qələm adamı hesab edə bilər ki, o, özü üçün deyil, xalqı üçün, ölkəmizin gələcəyi üçün xoş arzularla yaşasın, onun ürəyi Azərbaycanla, bu ölkənin azadlıqsevər xalqı ilə birgə döyünsün. Təkcə iti qələmi ilə deyil, bütün varlığıyla, hiss, həyəcanları ilə yazsın-yaratsın, mübarizə aparsın. Xalqımızın arzu və əməlləri ilə yaşayan bu günün jurnalisti həyatda özünü doğrulda biləcək təşəbbüslər irəli sürməli, insanlarda gələcəyə inam yaratmalıdır. Əminliklə demək olar ki, muxtar respublikada yaşayıb-yaradan jurnalistlər bundan sonra da böyük bir ilham, inam və həvəslə bu dövrün salnaməsini yaradacaq, bu işdə yüksək mənəviyyat, yeni nəcib keyfiyyətlər ortaya çıxaracaq, qələm adamlarının yaradıcılıq iradəsi özünü daha parlaq şəkildə büruzə verəcəkdir. Bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf, tərəqqi, yenilənmə var. Demək, muxtar respublikanın qələm adamlarını, jurnalistlərini yeni rəngarəng mövzular, axtarışlar, tapıntılar, hadisələr, yeniliklər gözləyir. Jurnalistlər isə bu hadisələrin izi ilə deyil, önündə irəliləyərək müasir publisistikanın imkanlarından yüksək sənətkarlıqla, böyük şövqlə və həvəslə istifadə etməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Çalışıb ona nail olmalıyıq ki, mətbuatın yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişafına yönəlsin. Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməsinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir”.
Yeni dövrün quruculuq və inkişaf tarixini yazmaq, milli maraqları daim uca tutmaq, cəmiyyət həyatına dərindən nüfuz etmək, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq bu gün jurnalistlərin qarşısında duran əsas vəzifələrdir. Muxtar respublikada fəaliyyət göstərən jurnalistlər öz fəaliyyətlərini məhz bu istiqamətdə qurublar.
“Şərq qapısı”