Şərur Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edib.
Bildirilib ki, 2016-cı ilin birinci yarısında aqrar sahədə müəyyən işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün ardıcıl tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 1324 nəfər torpaq mülkiyyətçisinə 7 min 436 hektar əkin sahəsinə görə 664 min 600 manat subsidiya, taxıl sahələrindən məhsuldarlığı artırmaq məqsədilə məhsul istehsalçılarına 1487 tondan çox gübrə verilib. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı tərəfindən kənd təsərrüfatının inkişafı üçün vətəndaşlara 1 milyon 682 min manat kredit verilib. Sahibkar və fermerlərə 150 min 200 manat dəyərində 25 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar lizinq yolu ilə güzəştli şərtlərlə satılıb. Bütün bunlar aqrar sahədə işlərin ahəngdar aparılmasına zəmin yaradıb. Belə ki, payızlıq taxıl əkinləri də daxil olmaqla, 17 min 115 hektar sahədə əkin keçirilib. 2016-cı ildə 8752 hektar sahədə yaz əkinləri aparılıb ki, bunun da 204 hektarını yazlıq arpa, 1120 hektarını qarğıdalı, 760 hektarını kartof, 2 min 52 hektarını bostan və tərəvəz bitkiləri, 491 hektarını paxlalı bitkilər, 31 hektarını günəbaxan və 4 min 91 hektarını yem bitkiləri təşkil edib. Əkin sahələrinin 7 min 436 hektarı taxıl sahələri olub.
Vurğulanıb ki, taxıl biçini mütəşəkkil aparılıb, sahələrdən bol məhsul götürülüb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu sahədə işlər davam etdirilib, rayonun bir neçə kəndində ayrı-ayrı torpaq mülkiyyətçiləri tərəfindən müxtəlif meyvə sortları üzrə tingçilik təsərrüfatları yaradılıb. Rayonda yaz ayları ərzində 13,5 hektar sahədə yeni meyvə bağları salınıb.
Qeyd edilib ki, 2016-cı ilin birinci yarısında 46 milyon 851 min manatdan çox, yaxud 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal olunub.
Bəhs edilən dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 763 min manatdan çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 34 milyon 853 min manatdan çox olub.
Bu dövr ərzində Oğlanqala kəndində məktəb, kənd və xidmət mərkəzləri, Xanlıqlar kəndində “İmamzadə” ziyarətgahı, Mahmudkənddə futbol meydançası istifadəyə verilib.
Bildirilib ki, cari ilin 6 ayında rayonda 8 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılıb, 35 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılıb, yeni inşa edilmiş 56 evə elektrik xətti çəkilib.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin birinci yarısında vergilər və digər icbari ödənişlər üzrə 1 milyon 377 min 100 manat proqnoz tapşırığa qarşı 1 milyon 501 min 300 manat vəsaitin büdcəyə ödənilməsi təmin olunub.
“Rayon Məşğulluq Mərkəzində 2016-cı ilin birinci yarısında 273 nəfər işaxtaran qeydiyyata alınıb, həmin vətəndaşlardan 251 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunub”, – deyən icra başçısı bildirib ki, rayonda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində də məqsədyönlü addımlar atılıb, uğurlu nəticələrə nail olunub.
Aparılan yoxlamalar nəticəsində Mərkəzi Xəstəxananın və kəndlərdə yerləşən tibb məntəqələrinin işində ciddi nöqsanların olduğu aşkar edilib.
2016-cı ilin birinci yarısında mədəniyyət işçiləri tərəfindən müəyyən işlər görülüb, gənclərin asudə vaxtlarının səmərəli təşkili təmin olunub.
Bütün bunlarla yanaşı, aparılan yoxlamalar zamanı rayonda yerləşən kitabxana, klub və mədəniyyət evlərində bir sıra nöqsanlar aşkar edilib. Belə ki, mədəniyyət işçilərinin işə davamiyyətinin aşağı olması, təmizlik işlərinin lazımi səviyyədə olmaması, iş planlarında göstərilən tədbirlərin vaxtında yerinə yetirilməməsi bunların əyani sübutudur.
İbrahim Məmmədov deyib ki, 2016-cı ili uğurla başa vurmaq üçün hər bir idarə, müəssisə və təşkilat öz işini bir daha təhlil etməli və qarşıya qoyulmuş vəzifələrin həlli üçün tədbirlər görməlidir.
Məruzə ətrafında müzakirələrdə rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulovun, Maliyyə Şöbəsinin müdiri Sahib Musayevin, Vergilər Şöbəsinin müdiri Rəfail Əliyevin, Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzovun çıxışları olub.
* * *
Naxçıvan Müəllimlər İnstitutu da birinci yarımilin nəticələri və qarşıda duran vəzifələrlə bağlı iclas keçirib.
Tədbirdə məruzə edən institutun rektoru, professor Oruc Həsənli qeyd edib ki, müəllim hazırlığını həyata keçirən Naxçıvan Müəllimlər İnstitutunda əvvəlki illərdə olduğu kimi, cari ilin ötən altı ayı ərzində də tədrisin keyfiyyətinə xüsusi fikir verilib. Məhz bunun nəticəsi olaraq qış və yay imtahan sessiyalarında yüksək nailiyyətlər əldə edilib. Eyni zamanda institut tələbələri arasında ideya-siyasi tərbiyə işinin günün tələbləri səviyyəsinə yüksəldilməsi təmin olunub. Bu gün əsas vəzifə dövlətimizin göstərdiyi diqqət və qayğıya cavab olaraq əsl müəllim hazırlığını müvəffəqiyyətlə həyata keçirməkdən ibarətdir.
Vurğulanıb ki, ali təhsil müəssisələrinin qarşısında duran mühüm məsələlərdən ən başlıcası maddi-texniki bazanın möhkəmləndirilməsi və ondan düzgün istifadədir. Dövlətimizin diqqət və qayğısı nəticəsində institutumuzun maddi-texniki bazası xeyli möhkəmləndirilib. Eyni zamanda institut üçün yeni tədris korpusu tikilir və mövcud tədris binası əsaslı təmir olunur.
Ötən altı ay ərzində həm fakültələrdə, həm də kafedralarda təhsilin inkişaf etdirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. Kafedralarda elmi-tədqiqat və elmi-metodik işlərin təşkili və yerinə yetirilməsi daim diqqət mərkəzində saxlanılıb. Elmi-tədqiqat işlərinin mövzularının 60-65 faizi regional problemlərə həsr edilib.
Bildirilib ki, elmi tədbirlərin təşkilinə və elmi pedaqoji kadrların hazırlanmasına ciddi önəm verilib. Təsdiq olunmuş plan üzrə konfrans və simpoziumlar vaxtlı-vaxtında keçirilib. İnstitut əməkdaşları tərəfindən dövri mətbuatda müasir dövrün aktual problemlərinə dair məqalələr, yazılar dərc olunub, radio və televiziyada mütəmadi çıxışlar olub, diskussiyalar aparılıb, elmi-praktik konfranslar keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı Şükür Babayev açıb. Bildirib ki, Culfa rayonunda muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilən 2016-cı ilin birinci yarısında bir sıra nailiyyətlər qazanılıb.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafı ötən illərdə olduğu kimi, cari ilin birinci yarımilində də diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 13 yanvar tarixli Sərəncamına uyğun olaraq, 2016-cı ilin ilk altı ayında kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faizi güzəştli şərtlərlə olmaqla, 343 min 800 manat dəyərində 698,4 ton mineral gübrə satılıb, 821 istehsalçıya 377 min 900 manat dövlət yardımı verilib.
Sahibkarların kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsi məqsədilə aqrolizinq xətti ilə 8 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı alınıb sahibkarlara satılıb.
2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında və cari ilin yazında 7718 hektar sahədə əkin aparılıb, 1 hektar yeni üzüm bağı salınıb. Əkilmiş sahələrin 4974 hektarını dənli və dənli-paxlalı bitkilər, 460 hektarını kartof, 489 hektarını tərəvəz, 130 hektarını bostan məhsulları, 108 hektarını qarğıdalı və günəbaxan bitkisi, 32 hektarını birillik ot, 856 hektarını isə cari ildə əkilmiş çoxillik otlar təşkil edib.
1 iyul 2016-cı il tarixə 4974 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahələrinin 29,1 faizindən 3945 ton, 460 hektar kartof əkini sahəsinin 27,2 faizindən 976 ton, 489 hektar tərəvəz əkini sahəsinin 16,8 faizindən 262 ton, meyvə bağlarından 938 ton məhsul yığılıb. Hazırda məhsul yığımı davam etdirilir.
Qeyd olunub ki, rayonda ekoloji cəhətdən təmiz meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli şərait vardır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahəyə göstərilən dövlət qayğısının bir təzahürüdür. Proqramdan irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda meyvə tinglərinin əkilməsinə diqqət artırılıb. Bəhs olunan dövrdə 19,7 hektar sahədə yeni yaşıllıqlar salınıb, 6,3 hektar mövcud yaşıllıq sahəsində bərpa işləri aparılıb.
İcra başçısı deyib ki, rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına şərait yaradıb.
2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 316 min 100 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,7 faiz artaraq 13 milyon 100 min 300 manat olub.
Cari ilin ötən dövründə Saltaq kəndində kənd məktəbinin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin, su dəyirmanının tikintisi başa çatdırılıb, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin inzibati və yardımçı binalarının, Gülüstanda kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilib.
Rayonun sosial-mədəni və iqtisadi inkişafının mühüm sahələrindən biri olan yol tikintisi əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də diqqət mərkəzində saxlanılıb, yeni yolların çəkilişi və mövcud yolların təmiri istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Son illərdə olduğu kimi, cari ilin altı ayında da informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi üzrə tədbirlər davam etdirilib, əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi diqqət mərkəzində saxlanılıb.
Hesabat dövründə Saltaq kəndində 384 nömrətutumlu yeni ATS quraşdırılıb, mövcud rabitə xətləri yenidən qurularaq 1200 metri fiber-optik kabel olmaqla, ümumilikdə, 5200 metr müxtəlif tutumlu kabel xətti çəkilib, rayon ərazisində olan mövcud rabitə xətlərində cari təmir işləri həyata keçirilib. Bu dövrdə rayonda 180 yeni telefon xətti çəkilib, 1843,8 min manat həcmində informasiya və rabitə xidməti göstərilib.
Qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunması üçün geniş imkanlar açıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ilin birinci yarısında 214 iş yeri yaradılıb.
Əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısı ötən illərdə olduğu kimi, cari ilin ötən aylarında da davam etdirilib. Bu sahədə aparılan islahatlar aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilib. 2016-cı ilin ilk altı ayında 273 aztəminatlı ailənin 1098 nəfər üzvünə 163 min 140 manat ünvanlı dövlət sosial yardımı ödənilib.
Şükür Babayev deyib ki, cari ilin ilk 6 ayının statistik təhlili rayonda iqtisadi fəaliyyətin bütün sahələrinin inkişafını əks etdirir. 2016-cı ilin birinci yarısının sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, hərtərəfli dövlət qayğısına, hər bir insan üçün yaradılan əlverişli iş şəraitinə baxmayaraq, fəaliyyətimizdə bir sıra nöqsanlara yol verilib. Aidiyyəti qurumlar fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılması üçün yaradılan əlverişli şəraitdən istifadə etməlidirlər.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov məruzə ilə çıxış edərək bildirib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrində əhaliyə məxsus mal-qara arasında xəstəliklərə qarşı diaqnostik, profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb. Diaqnostik olaraq brusellyoz xəstəliyini müayinə məqsədilə 37151 baş iribuynuzlu, 56782 baş xırdabuynuzlu, 7862 baş törədici heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilib. Eyni zamanda manqo xəstəliyinə görə 441 baş təkdırnaqlı, epididimit xəstəliyinə görə 7842 baş törədici heyvanlarda, vərəm xəstəliyinə görə 26757 baş iribuynuzlu heyvanlarda diaqnostik müayinələr aparılıb.
Qeyd olunub ki, profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 87659 baş iribuynuzlu, 676199 baş xırdabuynuzlu, 3748 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 98114 baş iribuynuzlu, 433682 baş xırdabuynuzlu, leptospiroz xəstəliyinə qarşı 583 baş iribuynuzlu, emkar xəstəliyinə qarşı 34659 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 59133 baş xırdabuynuzlu heyvanlarda, nyukasl “H” (taun) xəstəliyinə qarsı 457576 baş quşlarda, la-sota (yalancı taun) xəstəliyinə qarşı 49185 baş cücələrdə, çiçək xəstəliyinə qarşı 5485 baş xırdabuynuzlu, brusellyoz xəstəliyinə qarşı 50409 baş xırdabuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 200 baş iribuynuzlu heyvanlarda, 44996 baş quşlarda, aueski xəstəliyinə qarşı 7735 baş iribuynuzlu, trixofitiya xəstəliyinə qarşı 953 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 1605 baş iribuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 5 adda helmentoloji analizlər aparılıb və əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün baytar sanitar ekspertiza laboratoriyalarında və baktereoloji laboratoriyalarda 2692 ədəd nümunə infeksion xəstəliklərə görə bakterioskopik müayinələrdən keçirilib. Eyni zamanda bütün yaşayış məntəqələrində, o cümlədən mal-qara saxlanılan tövlələrdə, yataq yerlərində, quş damlarında və sair 3091 obyektdə 680963m2 sahədə dezinfeksiya tədbirləri həyata keçirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyev, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov, Ordubad və Şahbuz Rayon Baytarlıq idarələrinin rəisləri Pamir Hüseynov və Qənbər Behbudov görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov yekun vurub.
Xəbərlər şöbəsi