25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə edib. Məruzədə qeyd edilib ki, hesabat dövründə komitə tərəfindən muxtar respublika üzrə 1402 torpaq sahəsi, 36 qeyri-yaşayış binası, 42 qeyri-yaşayış sahəsi, 452 mənzil, 886 fərdi yaşayış evi, 6 əmlak kompleksi kimi müəssisə, 3 çoxmərtəbəli yaşayış binası olmaqla, cəmi 2827 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Birinci yarımil ərzində 189 girov qeydi aparılıb, yüklülüyə dair 1786 arayış verilib, 98 sorğu-məktub cavablandırılıb. Təsdiq olunmuş qrafik əsasında vətəndaşlara səyyari xidmətin göstərilməsi davam etdirilib, Şahbuz rayonunun 6 yaşayış məntəqəsindən 104, Culfa rayonunun 7 yaşayış məntəqəsindən 96, Şərur rayonunun 11 yaşayış məntəqəsindən 112, Ordubad rayonunun 11 yaşayış məntəqəsindən 175, Babək rayonunun 7 yaşayış məntəqəsindən 43, Kəngərli rayonunun 6 yaşayış məntəqəsindən 17 müraciət olmaqla, ümumilikdə, muxtar respublika üzrə 547 vətəndaşın müraciətinə baxılıb. Səyyari qaydada göstərilən xidmətlərin sayı artırılaraq 5-ə çatdırılıb. Hesabat dövründə komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 3010 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib.

Daxil olmuş müraciətlər əsasında 2137 texniki sənəd hazırlanıb. Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması məqsədilə 689 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilib. 172 əmlaka bölgü planı tərtib edilib və bu bölünmələr maraqlı tərəflərin iştirakı ilə yerlərdə mərz nişanları bərkidilməklə icra olunub. Müayinə aktları və bölgü planları da daxil olmaqla, 2881 texniki sənəddə parametrlərin, hesabatların tərtib edilməsinin düzgünlüyü yoxlanılıb. 2016-cı ilin ilk 6 ayı ərzində komitə və onun yerli idarələri tərəfindən hüquqi və fiziki şəxslərə məxsus 58 əmlak real bazar münasibətlərinə uyğun olaraq qiymətləndirilib və həmin əmlaklara dair hesabat və rəylər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 433 daşınmaz əmlak obyektinə ünvan verilib, ünvan xəritələrində qeydiyyatı aparılıb.
Bildirilib ki, hesabat dövründə vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 154775 manat xidmət haqqı və 174670 manat dövlət rüsumu müvafiq hesablara ödənilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2016-cı ilin birinci yarısında fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli deyib. Bildirilib ki, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı komissiyanın 7 normativ-hüquqi aktı qəbul edilib, 2016-cı ildən ilk dəfə olaraq muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb.
Qeyd olunub ki, komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edib. Dövlət orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə komissiya tərəfindən elan edilmiş 2 müsabiqəyə 37 dövlət orqanından 495 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 847 nəfər sənəd təqdim edib. Müsabiqədə müvəffəqiyyət qazanmış 84 namizəddən 67-si vəzifəyə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib,16 namizəd ehtiyat kadr siyahısına salınıb. Dövlət statistika orqanlarında inzibati vəzifələrin yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları mərhələsində iştirak edən 205 namizəddən 180-i keçid balını toplaya bilib ki, hazırda müsahibə mərhələsi davam edir.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısına daxil edilmiş 9 namizəd dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunub.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilib, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası üzrə vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 59 namizəddən 35-i keçid balını toplayıb.
Bundan başqa, cari ilin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi başa çatdırılıb, 5 müsabiqədə iştirak edən 918 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib. Komissiyanın test bazasına 700 yeni sual daxil edilib və testlərin ekspertizası keçirilib.
“Hesabat dövründə dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilib, etik davranış qaydalarına riayət olunması, reyestrin aparılması, dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları və digər mövzularda 182 dövlət qulluqçusunun iştirakı ilə seminarlar təşkil olunub”, – deyən İsmayıl Qəribli bildirib ki, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilib, dövlət orqanlarının kadr qurumlarına metodik köməklik göstərilib.
Sonra komissiyanın şöbə müdirləri Ümid Qurbanov və Mahir Abbasov, sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.
Kollegiya iclasına komissiyanın sədri İsmayıl Qəribli yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov çıxış edərək bildirib ki, bəhs olunan dövr ərzində qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılıb. Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı dövlət pro­qramlarının və komitənin fəaliyyət istiqamətləri üzrə muxtar respublika rəhbəri tərəfindən verilmiş tapşırıqların icrası diqqətdə saxlanılıb.
Komitənin müvafiq işçi qrupları tərəfindən istehsal müəssisələrində, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunma səviyyəsinə, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə dövri olaraq monitorinqlər aparılıb və bu sahədə maarifləndirmə məqsədilə treninqlər təşkil olunub, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinə, təhsil, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin yeməkxalarına alınan ərzağın keyfiyyətinə nəzarət tədbirləri təmin edilib. Aparılmış monitorinqlər zamanı standartların tələblərinə uyğun olmayan 1661,20 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb. Bu dövr ərzində keyfiyyətə nəzarət məqsədilə 388 halda məhsulların laboratoriya analizləri aparılıb və sınaq protokolları əldə olunub.
İstehsal olunan çörəklərin çəkisinə və keyfiyyətinə 1023 halda nəzarət tədbirləri aparılıb və nöqsan aşkarlanmayıb.
Standartlaşdırma fondunun zənginləşdirilməsi məqsədilə 24 dövlət standartı, 1 sahə standartı, dövlət qeydiyyatından keçmiş 2 texniki şərt fonda daxil edilib, 1 dövlət standartı, 1 sahə standartı ləğv edildiyindən və 1 texniki şərt qüvvədəolma müddəti bitdiyindən fonddan çıxarılıb.
İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra 310 halda sertifikatlaşdırma işi aparılıb.
Komitə sədri bildirib ki, metrologiya xidməti üzrə 387 təsərrüfat subyektində 11514 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunub. 3190 ədəd ölçmə vasitəsinə metroloji nəzarət həyata keçirilib. 17 istehsal sahəsində çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində 64 halda metroloji nəzarət işi aparılıb, kənarlaşma aşkar olunmayıb. Ölçmə vasitələrinin laboratoriyası, sınağı və attestasiyası sektorunda 2353 ədəd qaz, 4439 ədəd elektrik və 1403 ədəd su sayğacı yoxlamadan keçirilib, 5 ədəd qaz və 45 ədəd elektrik sayğacı yararsız hesab edilib.
Laboratoriyaların akkreditasiyası sahəsi üzrə laboratoriyada beynəlxalq akkreditasiya orqanı tərəfindən inspeksiya nəzarətinin aparılmasında komitənin nümayəndəsi iştirak edib, 4 sınaq laboratoriyasında inspeksiya nəzarəti aparılaraq akkreditasiya sahəsində müvafiq dəyişiklik edilib və muxtar respublikada fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinə nəzarət tədbirləri aparılıb.
Bəxtiyar İsmayılov bildirib ki, komitəyə verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər bundan sonra da tələb olunan səviyyədə davam etdiriləcəkdir.
Məruzə ətrafında müzakirələrdə komitənin şöbə müdirləri Əli Şərif­ovun, Ceyhun Əliyevin, Pəncalı Hüseynovun çıxışları olub.
Kollegiya iclasına komitə sədri Bəxtiyar İsmayılov yekun vurub.

*  *  * 

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən yığıncağı giriş sözü ilə icra başçısı Vüqar Səfərov açaraq məruzə edib.
Bildirilib ki, bu ilin ilk yarısında Naxçıvan şəhərində bir neçə obyektdə tikinti tədbirləri yekunlaşıb, 10-dan çox obyektdə quruculuq işləri davam etdirilir.
Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 371 milyon 931 min 300 manat investisiya qoyulub. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Vətəndaşların öz vəsaiti hesabına 163 min 562 kvadratmetrlik ərazidə yeni yaşayış sahələri salınıb, şəhərdə əhalinin sayı artaraq 91 min nəfəri ötüb. Hazırda şəhərin inzibati ərazi dairəsinə daxil olan kəndlərin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin çəkilməsi istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, sahibkarlığın dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması da diqqətdə saxlanılan sahələrdən biri olub. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında 376 milyon 478 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Hazırda şəhərdə çox sayda istehsal və emal sahələrinin yaradılması istiqamətində işlər aparılır. Şəhər əhalisinin məşğulluğu da diqqət mərkəzindədir. Belə ki, bu ilin ilk yarısında 515 yeni iş yeri açılıb, bunun 505-i daimi iş yerləridir. Hər il olduğu kimi, 2016-cı ildə də Naxçıvan şəhərinin yerli büdcəsi subsidiyasız planlaşdırılıb.
Qeyd edilib ki, Naxçıvan şəhərinin ətraf ərazilərindəki meyvə bağlarından 92 ton məhsul yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz və yaxud 4 ton çoxdur. Bu ilin yanvar-iyun aylarında diri çəkidə 584 ton ət, 730 ton süd, 1 milyon 586 min ədəd yumurta, 19,9 ton yun istehsal edilib. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən cari ilin yanvar-iyun aylarında 155 min manat dəyərində balıq və xərçəng satılıb. Naxçıvan şəhəri ərazisindəki balıqçı­lıq təsərrüfatlarında 32 milyon 256 min 800 manatlıq məhsul istehsal edilib. Şəhərdə yaşıllaşdırma tədbirlərinə xüsusi diqqət yetirilib. Bu ilin ilk yarısında şəhər ərazisinə 300 ədəd meşə, 14 min 370 ədəd müxtəlif meyvə, 700 ədəd həmişəyaşıl ağac, 18 min 400 ədəd müxtəlif gül kolları, 65 ədəd dekorativ kollar əkilib. 6,5 hektarda meyvə bağı salınıb, 2 hektarlıq meyvə bağlarında bərpa işləri aparılıb.
Məruzə ətrafında Naxçıvan Şəhər Statistika İdarəsinin rəisi Rövşən Aslanovun, şəhər Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun çıxışları olub.

*  *  *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində də 2016-cı ilin ilk altı ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib. Tədbirdə müəssisənin direktoru Behruz Əzim­ov məruzə ilə çıxış edib.
Qeyd edilib ki, bəhs olunan dövr ərzində muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən, ilin ilk altı ayı ərzində muxtar respublikaya 14214,9 ton A-92 benzini, 59172,9 ton dizel yanacağı, 1371,7 ton bitum, 10410,1 ton mazut, 100,9 ton müxtəlif növ yağlar, 456,3 ton maye qaz gətirilib.
Bildirilib ki, müəssisə 2016-cı ildə ümumi dövriyyəsi 51 milyon 684 min manat olan 85981,2 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 14888,9 ton avtobenzin, 57085,8 ton dizel yanacağı, 1371,7 ton bitum, 12113,0 ton mazut, 420,9 ton maye qaz, 100,9 ton müxtəlif növ yağlardan ibarətdir. 2016-cı ilin 6 ayında müəssisə satışdan 524,5 min manat mənfəət əldə edib.
Boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisəyə yanacaq daşıyan avtomaşınlar tam saz vəziyyətdədir. Yanacaq ehtiyatı yaradılıb.
1 iyul 2016-cı il tarixə müəssisənin anbarlarında 1564,5 ton A-92 benzini, 3981,5 ton dizel yanacağı, 1817 ton mazut, 66 ton maye qaz ehtiyatı vardır.
Sonra müəssisənin anbar müdirləri Kazım Rzayev və Elbrus İbrahimbəyli çıxış ediblər.
Yığıncağa Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR