25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə agentliyin baş direktoru Yasin Səfərov açaraq bildirib ki, 2016-cı ilin birinci yarısında muxtar respublikanın elektrik stansiyalarında 199 969 000 kilovat-saat elektrik enerjisi, o cümlədən su elektrik stansiyalarında 121 489 000 kilovat-saat, istilik elektrik stansiyalarında 63 427 000 kilovat-saat, Günəş elektrik stansiyasında 15 053 000 kilovat-saat elektrik enerjisi istehsal edilib elektrik şəbəkələrinə ötürülüb. Su elektrik stansiyalarında ümumi elektrik enerjisi istehsalının 60,75 faizi, istilik elektrik stansiyalarında 31,72 faizi, Günəş elektrik stansiyasında isə 7,52 faizi qədər elektrik enerjisi istehsal olunub. Muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 70 faizə qədəri alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunub. Bu, çox nadir göstərici hesab edilir.

Abonentlərin fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təminatı cari ilin birinci yarısında da diqqət mərkəzində saxlanılıb, – deyən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov onu da qeyd edib ki, elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublikanın şəhər və kənd­lərində 1 ədəd 35/6 kilovoltluq , 19 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 49 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb. Həmçinin muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilib, ötən altı ay ərzində 2300 ədəd belə sayğac quraşdırılıb.
Sərf olunan elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılıb, cari ilin birinci yarısında 6,9 faiz texniki itki nəzərə alınmaqla işlədicilərə dəyəri 10 milyon 952 min 400 manat təşkil edən 182 milyon 541 min kilovat-saat elektrik enerjisi verilib. Elektrik enerjisi satışından 10 milyon 866 min 400 manat vəsait toplanıb, enerjinin dəyərinin ödənilməsi 99,21 faiz olub.
Sonra Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Məhərrəm Abbasov, Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyev, Şahbuz Rayon Elektrik Şəbəkəsinin direktoru Tural Quliyev, agentliyin Enerji nəzarət və satışı şöbəsinin müdiri Şükür Quluzadə görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında məlumat veriblər.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin baş direktoru Yasin Səfərov yekun vurub.

*  *  *

Muxtar respublikada 1 iyul 2016-cı il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 86333 olub. Onların 84325-i əhali, 2008-i isə qeyri-əhali abonent­ləridir. Cari ilin 6 ayında 778 abonent, o cümlədən 715 əhali və 63 qeyri-əhali abonent tərəfindən daxil olan müraciətlərə əsasən yaşayış evi və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Bu məlumatları “Naxçıvanqaz” İstehsalat Birliyində cari ilin birinci yarısının yekunlarına həsr olunan iclasda birliyin direktoru Ramin İsmayılov diqqətə çatdırıb. Qeyd olunub ki, birinci yarımildə təbii qaz istehlakçılarının istismara yararsız qaz sayğacları istismardan çıxarılıb və yeni müasir qaz sayğacları ilə təmin olunub.
Naxçıvan şəhərində istehlakçılarda olan qaz sayğaclarının ön ödəmə smartkarttipli elektron sayğaclarla əvəz olunması istiqaməti üzrə sifariş əsasında Türkiyə istehsalı olan 11 min 600 ədəd sayğac və sayğacların mühafizəsi üçün xüsusi qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.
Hesabat dövründə Naxçıvan şəhərində 2672 ədəd smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Ümumilikdə, şəhər ərazisində 10 min 598 ədəd qaz sayğacı dəyişdirilib. İstismarda olan yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına vaxtlı-vaxtında nəzarət olunub, xətdəki potensiallar fərqi ölçü­lərək nəzarətdə saxlanılıb.
Bildirilib ki, qaz təsərrüfatının istismarında olan şkaftipli müxtəlif markalı qaz tənzimləyici qurğulara, qaz tənzimləyici məntəqələrə, texnoloji avadanlıqlara texniki xidmət göstərilib və monometrlərin istismara yararlılığı yoxlanılıb, qurğuların daxili və xarici müayinəsi aparılıb.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi kurslarının təşkili barədə də məlumat verən Ramin İsmayılov bildirib ki, bu günə kimi rayon və şəhər qaz istismarı idarələrində işləyən 167 nəzarətçi-çilingər kursa cəlb edilib və kursu bitirərək şəhadətnamə alıb. Onlardan 44 nəzarətçi-çilingər 2016-cı ilin birinci yarım­ilində kursa cəlb olunub.
Muxtar respublikanın yaşayış məntəqələrində yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları nümayəndələri və qaz istismarı idarələrinin işçiləri ilə birgə reydlər keçirilib, aşkarlanmış nöqsanlara, sayğaca müdaxilə və qaz təsərrüfatına dəyən zərərə görə qanunvericiliyin tələblərinə uyğun cərimələr tətbiq edilib.
“Naxçıvanqaz” İstehsalat Birliyi tabe strukturlarda əmək və icra intizamına ciddi nəzarət olunmasını diqqət mərkəzində saxlayır. Rayon və şəhər qaz istismarı idarələrində çalışan işçilərin müəssisədaxili intizam qaydalarına riayət etmələri və əmək müqaviləsi üzrə öhdəliklərini qismən yerinə yetirmələri aşkarlanıb. Bununla bağlı müvafiq tədbirlər görülüb.
Məruzə ətrafında Ordubad və Sədərək Rayon Qaz İstismarı idarələrinin rəisləri Tural Əzimovun, İlqar Əliyevin, Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəis əvəzi Orxan Rüstəmovun çıxışları olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən komitənin sədri Kamal Cəfərov bildirib ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində muxtar respublikanın statistika orqanları tərəfindən 2016-cı ilin birinci yarısında qanunvericilik üzrə müəyyən tədbirlər görülüb.
Ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə komitə aparatının Demoqrafiya, əmək və sosial statistikası şöbəsi üzrə 4149 təsərrüfat subyektindən 10435, Sənaye, tikinti, rabitə, nəqliyyat və kommunal statistikası şöbəsi üzrə 916 təsərrüfat subyektindən 4472, Kənd təsərrüfatı statistikası şöbəsi üzrə 384 təsərrüfat subyektindən 1283, Ticarət, xidmət və texniki təchizat statistikası şöbəsi üzrə 2640 təsərrüfat subyektindən 4347, Qiymət statistikası şöbəsi üzrə 309 təsərrüfat subyektindən 1678, Maliyyə və təsərrüfat şöbəsi üzrə 201 təsərrüfat subyektindən 534 ədəd olmaqla, cəmi 8599 təsərrüfat subyektindən 22749 ədəd hesabat yığılıb. Hesabatlar komitə aparatının aidiyyəti şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi və sosial sahələrin vəziyyətinə dair göstəricilər əldə olunub.
Vurğulanıb ki, iş planına uyğun olaraq ötən dövr ərzində statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşdırılması görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılıb. Statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılıb, müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Komitə aparatının müvafiq şöbələri tərəfindən 32 adda, o cümlədən 1 yanvar 2016-cı il tarixə muxtar respublikada mal-qaranın sayı haqqında, “2015-ci ildə Naxçıvan Muxtar Respublikasının əsas demoqrafik göstəriciləri haqqında”, “2015-ci ildə Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, pensiya təminatı və idmanın vəziyyəti haqqında”, 2015-ci ilin yanvar-dekabr və 2016-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı haqqında, “Əsas fondların, obyektlərin istifadəyə verilməsi, əsas kapitala yönəldilmiş investisiyadan istifadə edilməsi və tikinti müəssisələrinin əsas göstəriciləri haqqında” təhlili məruzələr və statistik bülletenlər hazırlanıb.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində inzibati ərazi dairələrində istifadə üçün təsərrüfatbaşına kitab və onun işlənilməsinə dair göstəriş hazırlanıb, müvafiq kitabın şəhər və rayonlarda təqdimatı keçirilib, maraqdoğuran suallar cavablandırılıb.
2016-cı ilin ötən dövrü ərzində komitə aparatının aidiyyəti şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin internet saytında 2015-ci ilin yekunu və cari ilin ötən dövrü üzrə aylıq makroiqtisadi göstəricilərin, təhlili materialların və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri aparılıb.
Bəhs olunan dövrdə kütləvi informasiya vasitələri ilə də sıx əlaqə saxlanılıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar dərc olunub.
Komitədə kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə müxtəlif vaxtlarda keçirilən treninq və seminarlarda komitə əməkdaşlarının iştirakı təmin edilib.
Məruzə ətrafında müzakirələrdə komitənin şöbə müdirləri Cavanşir Qurbanovun, Əliheydər Qurbanlının, Naxçıvan Şəhər, Şərur və Sədərək Rayon Statistika idarələrinin rəisləri Rövşən Aslanovun, Ramiz Rəsulovun, Seymur Məmmədovun çıxışları olub.

*   *   *

Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində də cari ilin ilk 6 ayının yekunlarına həsr olunmuş iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edib.
Bildirilib ki, 2016-cı ilin ilk 6 ayında muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib. Bu məqsədlə sığortaçılar və sığortaolunanlar arasında sığorta münasibətlərinin təkmilləşdirilməsi üçün əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb. Aparılan maarifləndirmə məqsədilə sığorta müqavilələri bağlanarkən sığortanın əhəmiyyəti və şərtləri barədə ətraflı məlumatlar verilib, sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri paylanılıb.
Qeyd olunub ki, cari ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Şərur, Sədərək və Babək Rayon İcra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” yığıncaqlar keçirilib. Ötən dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üçün sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə Dövlət Baş Sığorta Agentliyi və Dövlət Yol Polisi İdarəsi əməkdaşları birlikdə müntəzəm reydlər keçiriblər. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində sahibkarlara məxsus daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasının həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və rayon, şəhər yanğın təhlükəsizlik şöbələrinin əməkdaşları ilə birlikdə tədbirlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb. Sahibkarlıq obyektlərində işləyən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi tərəfindən tədbirlər görülüb.
2016-cı ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan tədbirlər nəticəsində ötən ilin 6 ayı ilə müqayisədə, ümumilikdə, sığorta tədiyələrinin toplanması həcmi 0,4 faiz, həyat sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 5,4 faiz artıb. Muxtar respublikada ötən ilin 6 ayı ilə müqayisədə 2016-cı ilin ilk 6 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1146 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 677 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 4 ədəd artıb. Hesabat dövründə avtonəqliyyat vasitəsilə xaricə səyahət edən hüquqi və fiziki şəxslərə sığorta təminatı verilməsi məqsədilə 1095 Yaşıl kart sığorta müqaviləsi bağlanılıb.
İqtisadiyyatda kənd təsərrüfatının əhəmiyyətindən bəhs olunaraq bildirilib ki, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Baş direktor bildirib ki, cari ilin ilk yarısında kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar 627 sığorta müqaviləsi bağlanılıb.
İclasda ötən dövrdə işdə yol verilmiş nöqsanlardan da bəhs olunaraq 2016-cı ilin ilk 6 ayında sığorta tədiyələrinin toplanmasında geri qalan rayon dövlət sığorta agentliklərinə qarşıdakı dövrdə daha səylə çalışmaq tapşırığı verilib.
İclasda rayon dövlət sığorta agentliklərinin direktorları çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR