25 Dekabr 2024, Çərşənbə

Dünya ilə insanın ülvi vəhdətini yaradır saz. “Dilqəmi”yə qulaq asanda dağlarla ruhani ünsiyyətimiz başlayır, təbiət içimizə dolur, təbiətləşirik. Və ən əsası, sazda  bizim xarakterimiz ucalardan səslənir – zərifliklə möhtəşəmlik. Saz çalınanda türk ata minib Babək olur, Koroğlu olur.  Saz yalnız musiqi hadisəsi deyil, o,  bizə uzaq qədimliyimizin xislətini çatdırır.  Saz budur...

Türkün tarixi heç vaxt sazsız olmayıb. Türk atın belində, qılınc dəstində, saz çiynində olanda yenilməz olub. Odur ki, bəstəkarların yaradıcılığına da böyük təsiri olan bu sənət barədə dahi Üzeyir Hacıbəyov deyirdi: “Aşıq sənəti yaşamalıdır, çünki o, xalqa daha yaxın olub, xalqın yaşantılarını xalq musiqisinin başqa növlərindən fərqli olaraq daha dolğun ifadə edir”.

Böyük bədii təsir gücünə malik olan, qəhrəmanlıq, alicənablıq, xeyirxahlıq kimi ali dəyərləri özündə yaşadan, əsrlər keçdikcə cilalanıb müasir səviyyəyə çatan, folklorumuzun zənginliyini təsdiq edən aşıq sənəti Naxçıvanda da qədimdən inkişaf edib. Azərbaycan aşıq yaradıcılığına bəxş edilən “Kor­oğlu”, “Misri”, “Ağır Şərili”, “Orta Şərili”, “Cəlili”, “Qəhrəmanı”, “Dərələyəz gəraylısı” kimi saz və aşıq havalarının yaradıcıları məhz Naxçıvan aşıqlarıdır. Bu barədə Nax­çıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovla həmsöhbət oluruq.
Müsahibim bildirir ki, Azərbaycan aşıq sənətinin tarixində mühüm yeri olan, özünəməxsusluğu ilə folklorumuza qiymətli nümunələr bəxş edən Naxçıvan aşıq mühiti ötən əsrlər ərzində söz və saz yaradıcılığı sahəsində aşıq sənətinə qiymətli töhfələr verib. Qədim zamanlardan Naxçıvan aşıqlarının ifaçılıq qabiliyyəti qonşu ölkələrə də yayılıb. İyirminci əsrin əvvəllərinə qədər Naxçıvan aşıqları daha çox İran və Türkiyədə məclislərə dəvət olunublar. Onlar getdikləri yerlərə Naxçıvan aşıq mühitinin özünəməxsusluqlarını aparmaqla bərabər, o mühitlərin də çalğı və oxu tərzindəki incəliklərini mənimsəyərək Naxçıvana gətirir, Dərələyəz, Göyçə, İrəvan, Qarabağ aşıqları ilə də daim əlaqə saxlayırdılar. Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Qonçabəyim, Aşıq Fətulla, Aşıq Əsədulla, Aşıq Dədəkişi, Aşıq Qulu, Ululu Kərim, Aşıq Nəcəfalı, Aşıq Mirzalı, Aşıq Bəhman, Həsən Məmmədəli oğlu kimi aşıqlarımız bu sənəti Naxçıvanda inkişaf etdiriblər. Bu gün Aşıq Aydının, Aşıq Şirinin və digərlərinin adlarını çəkə bilərik ki, Naxçıvanda aşıq yaradıcılığının inkişafına böyük əmək sərf edirlər. XIX əsr Azərbaycan aşıq sənətinin məşhur ustaları Aşıq Alı, Aşıq Ələsgər və Aşıq Hüseyn Şəmkirli Naxçıvana bir neçə dəfə gələrək yerli sənətkarlarla birlikdə sənət məclisləri qurublar ki, bu da həmin dövrdə bu bölgənin aşıq sənətinə münasibətini göstərir.
Tural Bağırov deyir ki, son illər muxtar respublikamızda aşıq yaradıcılığına göstərilən diqqət və qayğı bu sənətin inkişafına şərait yaradıb. Bu gün gənclərin aşıq sənətinə maraqlarının getdikcə artması da məhz bununla bağlıdır. Uşaq musiqi məktəblərində saz ixtisasının tədris olunması belə qayğının ifadəsidir. Musiqi məktəblərində saz sənəti üzrə təhsil alan və bu gün qədim musiqimizi inkişaf etdirən gənc­lərdən indi Aşıq Könülün, Aşıq Səkinənin, Aşıq Turacın, Aşıq Leylanın, Aşıq Elvinin və digərlərinin adlarını çəkə bilərik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, 2010-cu ilin dekabr ayından muxtar respublikada Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb. Qısa müddət ərzində Aşıqlar Birliyinin üzvləri qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında keçirilən tədbirlərdə, Bakı şəhərində keçirilən “Telli sazın meydanı” məclisində muxtar respublikanı uğurla təmsil ediblər.
Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 2013-cü ildə keçirilən Beynəlxalq Aşıq Festivalında da Aşıqlar Birliyinin üzvləri iştirak ediblər.
Bu günlərdə Naxçıvan Aşıqlar Birliyi daha bir festivalda uğurla çıxış edib. Bakı şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən festivalda birliyin sədri Tural Bağırov və birliyin üzvü, balabançı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli İsmayılov tərəfindən Naxçıvanın vəsfinə həsr olunan “İncə güllü” saz ifası tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Birliyin sədri qeyd edir ki, bu gün Aşıqlar Birliyi öz ətrafında 28 üzvü birləşdirir. Birlik üzvləri muxtar respublikada aşıq sənətinin, aşıq musiqisinin təbliği və istedadlı aşıqlarımızın tanıdılması ilə bağlı fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Hazırda gənc istedadları aşkara çıxarmaq, müxtəlif səpkili müsabiqələr, tədbirlər keçirmək, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olmaq, həmçinin Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda, eləcə də kənd mərkəzlərində yaradıcılıq görüşləri, saz-söz məclisləri təşkil etmək üçün Aşıqlar Birliyində hazırlıq görülür.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR