Xəbər verdiyimiz kimi, avqustun 11-12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri zamanı muxtar respublikanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub. Muxtar respublikadan zəngin təəssüratla ayrılan çinli diplomat “Şərq qapısı” qəzetinə də müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:
– Naxçıvana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?
– Çox sağ olun, əvvəlcə deyim ki, bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bildiyiniz kimi, Naxçıvan müxtəlif tarixi səbəblərdən Azərbaycanın əsas ərazisindən aralı düşüb. Lakin bu qədim Azərbaycan diyarı müxtəlif çətinliklərə baxmayaraq, daim inkişaf edir, öz sabitliyini qoruyur. Gəlişimizin əsas məqsədi muxtar respublika ilə daha yaxından tanış olmaqdır.
Bunu da vurğulamaq lazımdır ki, Naxçıvan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənidir. Dahi şəxsiyyət Heydər Əliyev həm də Çin xalqının böyük dostudur. Yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyev ilk dəfə 1994-cü ildə Çinə səfər etmiş və ölkəmizdə bir sıra faydalı görüşlər keçirmişdi. Elə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı ilk əməkdaşlıq körpüsünün təməli də məhz həmin dövrdə qoyulub. Ona görə də bura gələndə düşünürdüm ki, mən həm də dahi Heydər Əliyevin vətəninə gedirəm.
– Sizə də yaxşı məlumdur ki, hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında bir sıra əməkdaşlıq əlaqələri mövcuddur.
– Bəli, bizim səfərimizdə bu amil də mühüm rol oynayır ki, Naxçıvanın hazırkı potensialı ilə əyani şəkildə tanış olaq. Artıq bir müddətdir ki, Çin Xalq Respublikası Naxçıvanda həm telekommunikasiya, həm də avtomobil istehsalı üzrə təmsil olunur. Bu, eyni zamanda Naxçıvanın bir muxtar dövlət kimi investisiyalara açıq olduğunun göstəricisidir. Bildiyiniz kimi, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında səfərdə olmuşdu. Səfər müddətində hər iki ölkənin liderləri arasında müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq məsələlərindən danışılmışdı. Buna görə də çalışırıq ki, Azərbaycanın regionları, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında daha geniş əlaqələrin qurulmasına yardım edək. Onu da qeyd edim ki, mənim Naxçıvana səfərim ikigünlük olsa da, buranın potensialı haqqında mühüm məlumatlar toplaya bildim. İnanıram ki, mənim bu səfərim bundan sonrakı fəaliyyətimdə də Naxçıvanın, ümumilikdə isə Azərbaycanın Çin Xalq Respublikası ilə qarşılıqlı əməkdaşlığında mühüm rol oynayacaq.
– Bəs bu qısa səfərinizdə Naxçıvan sizdə hansı təəssüratları yaratdı?
– Əvvəlcə sizin vasitənizlə istiqanlı, qonaqpərvər naxçıvanlılara səmimi salamlarımı çatdırıram. Bir daha əmin olduq ki, Naxçıvan çox zəngin potensiala malikdir. Burada qədim tarixi abidələr və müasir infrastruktur vardır. Eyni zamanda naxçıvanlılar istiqanlıdırlar.
İnanıram ki, bu atmosfer əlaqələrimizin də hər zaman isti olacağına şərait yaradacaq.
– Müsahibə üçün sağ olun.
Səbuhi Həsənov