25 Dekabr 2024, Çərşənbə

7 iyun 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Beşinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə əlavə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunmuşdur. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş təqvim planına uyğun təşkil edilmişdir.
45 saylı Aza seçki dairəsinin əhatə etdiyi ərazinin müəyyən edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci maddəsinə uyğun olaraq 1 noyabr 2015-ci il tarixdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla yaradılmış 45 seçki dairəsinin qrafik təsviri nəzərə alınmış və 45 saylı Aza seçki dairəsinin əhatə etdiyi ərazi müəyyən edilmişdir.

Həmin dairə seçki komissiyasının tərkibi Qanuna müvafiq olaraq seçki gününə 55 gün qalanadək müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər sırasından püşkatma yolu ilə 7 nəfərdən ibarət təşkil edilmişdir. Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra Qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsinin, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla müxtəlif siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının, həmçinin seçicilərin yaşayış yeri üzrə təşəbbüs qruplarının təqdim etdikləri bitərəf nümayəndələri təmsil etməklə məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılmasını başa çatdırmışdır.
Seçki komissiyaları otaqlar, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar, əsasnamələr və digər metodiki vəsaitlər verilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilmiş, hüquqi, metodiki, texniki-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılmışdır.
45 saylı Aza seçki dairəsi üzrə Ali Məclisə deputatlığa namizədliklərin irəli sürülməsi kampaniyası da uğurla həyata keçirilmişdir. Bu seçki hərəkətləri nöqsansız yerinə yetirilmiş, Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmamışdır. Namizədliyini irəli sürmək istəyən 3 nəfər 45 saylı Aza seçki dairəsinin dairə seçki komissiyasına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürmüş və hər üçü Qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyasına təqdim edərək namizədlikləri qeydə alınmışdır. Onlardan partiya mənsubiyyətinə görə 2 nəfəri Yeni Azərbaycan Partiyasını təmsil edir, 1 nəfəri isə bitərəfdir.
Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin olunmuş, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı namizədlər, seçkiləri müşahidə edən şəxslər və seçicilər tərəfindən Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmamışdır.
Seçkilər başa çatdıqdan sonra səsvermənin bitməsi elan olunmuş və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa əsasən məntəqə seçki komissiyalarında maraqlı olan səlahiyyətli şəxslərin iştirakı ilə şəffaf seçki qutuları açılaraq bülletenlər hesablanmışdır. Bu proses başa çatdıqdan sonra səsvermənin nəticələri barədə məntəqə seçki komissiyalarının protokolları tərtib edilmiş və təxirə salınmadan müvafiq dairə seçki komissiyasına təqdim olunmuşdur. Dairə seçki komissiyasında məntəqə seçki komissiyaları tərəfindən təqdim olunmuş protokol göstəriciləri ümumiləşdirilməklə 45 saylı Aza Dairə Seçki Komissiyasının protokolu tərtib olunmuş və ona əlavə olunan digər sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyası tərəfindən təqdim olunan protokolların və digər seçki sənədlərinin qəbul olunması Qanuna uyğun olaraq fasiləsiz həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası 45 saylı Aza seçki dairəsinin dairə seçki komissiyası və onun tərkibində təşkil edilmiş 14 mülki və 2 hərbi seçki məntəqələrinin məntəqə seçki komissiyaları tərəfindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 89-cu və 90-cı maddələrinə uyğun olaraq tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən edilməsi haqqında protokolları yoxlamışdır. Tərtib olunmuş protokollar heç bir xüsusi rəy qeyd olunmadan seçki komissiyalarının üzvləri tərəfindən imzalanmışdır. Protokolların “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun tərtib olunması qənaətinə gəlinmişdir.
Seçki məntəqələrindən səsvermənin nəticələri etibarsız hesab edilmiş və ya səsvermənin baş tutmadığı seçki məntəqələri olmamışdır.
Seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş protokollara əsasən, seçici siyahılarında qeydə alınmış 6049 nəfər seçicidən 4828 nəfəri, yəni 79,8 %-i seçkilərdə iştirak etmiş, seçki qutularında olan 4828 ədəd seçki bülletenindən 4764-ü etibarlı, 64-ü isə etibarsız hesab edilmişdir. Etibarlı hesab edilmiş səslərin sayı hesablanarkən müəyyən olunmuşdur ki, 4764 seçicidən 205 nəfəri Ələsgərov Məmmədəli Abbas­qulu oğluna, 3792 nəfəri İbadov Telman Əsəd oğluna, 767 nəfəri isə Nəsirli Sərdar Salman oğluna səs vermişlər. Beləliklə, 6 avqust 2016-cı il tarixdə 45 saylı Aza seçki dairəsi üzrə keçirilmiş seçkilərin nəticələrinə görə namizəd İbadov Telman Əsəd oğlu seçicilərin ən çox səsini toplamışdır.
Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə 6 avqust 2016-cı il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 8 avqust 2016-cı il tarixdə dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 10 avqust 2016-cı il tarixli Qərarına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış İbadov Telman Əsəd oğlu həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.
Yuxarıda göstərilənlərə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 20.4-cü, 20.9-cu, 23.3-cü, 24.1.7-ci maddələrinə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 10 avqust 2016-cı il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası

Q Ə R A R A   A L I R :

6 avqust 2016-cı il tarixdə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri dərc edilməsi üçün “Şərq qapısı” qəzetinə və elan olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərilsin.

Sədr: Məhərrəm Qasımov
Katib: Elnur Eyvazov

11 avqust 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR