25 Dekabr 2024, Çərşənbə

İqtisadi inkişafın nəticəsi olaraq 2016-cı ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə proqnoz 105,6 faiz icra edilib. Yerli vergi orqanlarının hər biri üzrə müəyyən edilmiş proqnoza artıqlaması ilə əməl olunub. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2016-cı ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında bu barədə ətraflı söhbət açılıb. 

Kollegiya iclasında nazir Əli Mahmudov çıxış edərək bildirib ki, ötən dövr ərzində bu sahədə görülən tədbirlər mütəmadi olaraq davam etdirilib. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublikanın ticarət və iaşə obyektlərinə 1156 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb ki, bunun da 112 ədədi 2016-cı ilin altı ayında tətbiq edilib. Təbliğat tədbirlərinin nəticəsi olaraq 2014-cü ildə POS-terminallar vasitəsilə aparılmış alqı-satqı əməliyyatları 10 milyon 713 min manat, 2015-ci ildə 16 milyon 639 min manat olduğu halda, təkcə 2016-cı ilin birinci yarısında bu göstərici 14 milyon 305 min 384 manat olmaqla, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 175 min manat artıq olub.

Vurğulanıb ki, muxtar respublikamızda turizmin inkişaf etdirilməsi və bununla da, valyuta dövriyyəsinin, həmçinin nağdsız dövriyyənin artırılması məqsədi daşıyan, xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması mexanizmi olan “Tax free” sisteminin muxtar respublikamızda da tətbiqi başa çatdırılıb, ilkin olaraq Naxçıvan şəhərində 5 ticarət obyektinin bu sistemə qoşulması təmin edilib.
Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirilməsi vəziyyətinə nəzarətin gücləndirilməsi işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə davam etdirilib. Belə ki, ötən dövr ərzində aparılmış 336 birgə monitorinq zamanı 196 halda yeni əmək müqavilələrinin bağlanmaması, 865 halda əməkhaqqının reallığı əks etdirməməsi faktları aşkar edilib və müvafiq düzəlişlərin edilməsi təmin olunub. Bütün bunların nəticəsidir ki, işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisinin məbləği 55 min 366 manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 min 218 manat artıb. Bu sahədə qanunvericiliyə uyğun inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də davam etdirilib.
Vergi potensialının yerlərə getmədən müəyyən edilməsi günün ən mühüm tələblərindən biridir ki, bu da, öz növbəsində, keçirilən kameral vergi yoxlamalarına diqqətin daha da artırılması və səmərəliliyin yüksəldilməsi zərurətini ortaya qoyub. Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 13 min 434 bəyannamə təqdim edilib ki, bunun 13 min 415-i (99,8 faiz) elektron təqdim olunub.
Təqdim olunan bəyannamələr uyğunsuzluq yoxlamasından keçirilərək 108 vergi ödəyicisinə kameral qaydada 15 min 728 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin edilib.
Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “bir pəncərə” prinsipinin tətbiqinin nəticəsində hesabat dövrü ərzində 12 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına və 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 85 faizi muxtar respublikanın rayonlarının payına düşüb.
“Vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma risklərinin azaldılması sahəsində görülən tədbirlərin nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 2371 fiziki şəxs tərəfindən 54 min 444 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib”, – deyən vergilər naziri bildirib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə icarə haqlarından büdcəyə vergi ödəyənlərin sayı 218 şəxs, vergi məbləği isə 9 min 580 manat artıb.
Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin ilk 6 ayı ərzində yerli vergi orqanlarında qeydiyyatda olan 2951 işə­götürən fiziki şəxs tərəfindən büdcəyə 55 min 366 manat əməkhaqqından tutulan gəlir vergisi məbləğləri hesablanaraq ödənilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 min 335 manat çoxdur.
Kollegiya iclasında vergilər nazirinin müavini Nurlan Əliyev, Babək, Şərur, Ordubad Rayon Vergilər şöbələrinin rəisləri Səftər Əliyarov, Rəfail Əliyev, Məhəmməd İbadov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR